Dəniz, molyuska və molbert…

Zuğulbadakı pansionda Dədə Qorqud belə doğulur

Neçə vaxtdır Dədə Qorqudun adı mədəniyyət üfüqlərində hadisələri kölgədə qoyub. Müsabiqələr, görüşlər, disputlar, konfranslar, ölkə başçılarının Azərbaycana gəlişi və daha nələr, nələr… Nə olsun ki, qazaxlar keçən il Dədə Qorqudun 1500 ilini qeyd ediblər. Bizim Dədə Qorqudumuz ondan 200 il cavandı. Amma ümumtürk Dədə Qorqud obrazını vaxtında çəkə bilmədik. Görəsən, dövlət başçılarına nə göstərəcəyik? Deyirlər, vahid Dədə Qorqud simasının aşkarlanması qaldı ilin sonuna. Allah eləməsin, «Fransız» filmindəki Dədə Qorquda oxşasın. Bizə güclü, müdrik, bizləri səfərbər edən birisi lazımdı. Əynində qaftanı, gözləri mütləq göy, başında müasir kişi şlyapasına bənzəyən qırğız papağı, əlində qopuzu. Hətta eşitdik ki, Rəssamlar İttifaqı vaxtilə məktəbdə tarix dərsindən qaçan rəssamlara qopuzun və papağın şəklinin kserokopyasını paylayıb. Düzü şaiyəyə oxşayır…
İttifaqın sədri Fərhad Xəlilovun sözlərinə istinadən deyə bilərik ki, rəssamlar Dədə Qorqud tədbirlərinə qatılarlan sırasında daha fəaldırlar. İki həftədi ki, onlar Zuğulbada DİN-nin «Azərbaycan» pansionunda Dədəd Qorqud obrazı üzərində baş sındırırlar. Yaradıcılıq axtarışlarına türkdilli ölkələrdən - Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan, Türkmənistandan da rəssamlar qoşulub. Simpoziumda yaranan əsərləri böyük sərgidə görə biləcəksiniz. Özü də təkcə rəsssamların tapdığı Dədə Qorqudu yox, həm də təmirdən çıxmış keçmiş dəyirmandakı yeni sərgi salonunu da. Görən Dədə Qorqud Zuğulbada necə yaranır? Elə biz də maraqdan o boyda yolu qət edib müşahidələri sizinlə bölüşmək istədik.
Avşarlar və Çikçirik
«Eynən özüməm…»
Məzahir Avşarla xanımı Lalə Avşar tutuquşu Çikçiriki də evdə qoymayıblar. Mavi sinəli tutuquşu bayırdakı başqa quşlarla səsləşərək sahiblərinə ilham verir. Məzahir Avşarın portretlər seriyası var: Boz ayğırlı Bamsı Beyrək, Atağızlı Aruz qoca, bığını 7 dəfə burub boynunda düyünləmiş Qaragünə, Salur Qazan, Dədə Qorqud isə 2 variantda – papağı yazılı və adi. Həmişə kosmosdan ürəkdolusu danışan və əsərlərində bunları gerçəkləşdirən rəssam deyir ki, elə bu dastan da göylə əlaqəli bir şeydir də. Nümunə kimi dəli Domrulun Əzrayılla deyişməsi boyunu danışır. Ola bilər ki, sərgidə eskizlərn materialdakı variantını görə bildik.
Lalə Avşar isə nəinki nəsə göstərmədi, hətta danışmadı da. Axı o, qurama texnikasında işləyiir. Hələ tikilməmiş parça tikələrini göstərməyəcəkdi ki…
Dədə Qorquda 15 gün nədi ki?
«Bir 15 gün də artırsaydılar…»
Əsli azərbaycanlı, özü Türkmənistanlı olan Hüseyn Hüseynov ilk dəfədir ki, bu mövzuyla ilgilənir. Obrazlara daha dərin baş vurmaq, situasiya canlandırmaqçün Zuğulbadakı 15 günü çox az hesab edir. Eyvandakı quşların səsi qoyur ki, işləsin! Hüseyn hesab edir ki, bu günümüz üçün Dədə Qorqud kimi adamın olması çox aktualdır.
«Dədə Qorqud»a görə adamı tuturdular
«Deyirəm bəlkə mən Beyrəyi çəkim?»
Türkmənistanan gələn Bayramov Yarlıdan ana dilində danışmağı xahiş etməyə peşman olduq. Ayrı-ayrı sözləri anlasaq da mənanı tutmaq gərək. Onu bildik ki, Qorqud atanı belə anmağımıza görə bizə hətta həsəd aparmaq olar. Onlarda Qorqud atanın adını çəkən kimi tutub aparırmışlar. Çəkdikləri Xatun və Beyrəyin at yanında portretləriydi.
Dədə Qorqudu mən tanıdacam
«Hardan bildilər ki, Dədə Qorqudu fikirləşirəm?»
Başqırdıstandan olan Kamil Qubaydulin Affort qrafik üslubunda işləyir. Onun Dədə Qorqudla maraqlanmasını Azərbaycan Rəssamlar İttifaqında haradansa duyub dəvət ediblər. Haradansa tapdığı köhnə qapıya bəndlədiyi rəsmlərinə baxa-baxa Dədə Qorqudun ölüm səhnəsini danışdı. Gözümüzdən yaş gələnə qədər. O, nəinki danışır, həm də çəkir də. Hələ sonunda «Sizdə Dədə Qorqudun cizgiləri aydınlaşmağa başlayır. Rusiyada Dədə Qorqudu tanımırlar. Bəlkə bu obrazın qəhrəmaniləşməsi elə məndən başladı» söylədi.
Cocuqların dədəsi
«Cocuqlar bu Dədənin sözünü eşidərlərmi?»
Türkyədən gəlmiş qonağımız Mürşidə İçmənə Dədə Qorqudu üşaqlar üçün işləyir. «Cocuqluğumuzdan çox sevər, aramızda danışar, hekayələrini bilərdik» deyən rəssamın Dədə Qorqudu çox həlim, sifət cizgilərinə nəzərən sakit adamdı. Çəhrayı, yumru ovurdlarını küsküncəsinə dolduran bu qocanın sözündən çıxmaqmı olar?
Dədə Qorqud xaç atamızdı
«İttifaq materialları verəcəkmi?»
Yerlimiz Ədalət Bayramov Dədə Qorqudu bir növ bizim «xaç atamız» adlandırır və deyir ki, əssas məqsəd türkdilli xalqların bir yerə toplaşıb söhbət etməsidi. Əlbəttə, axı bilmək vacibdir ki, dastanın başqa eposlar arasında yeri haradadır. Türkdilli xalqların samballı əsəri kimi dastan süjetləriylə hələ 1983-cü ildə Əlyazmalar Fondundan sifariş aldığı vaxt maraqlanıb. O vaxt qəhrəmanların başı üstündə ikonalardakı kimi dairə olduğundan işləri almayıblar. İşlər də gedib çıxır Fransaya. (İşlərin xaricə düşməsi yollarından biri bu imiş…) Qrupun rəhbəri kimi işi çox olsa da otaqdakı Dədə Qorqud mühitinə baş vurmağı da unutmur.
Abstrakt Dədə Qorqud
«Kaş Dədə Qorqud dövründə yaşayaydım…»
Ən məhsuldan işləyən deyəsən, Qəyyur Yunusdur. Yerə düzdüyü işlərin əlindən otaqda tərpənmək olmur. Rənglər də ki, necə lazım. Ən parlağı, ən rəngarəngi – hamısı burdadı. Abstrakt təfəkkür düyməsini basıb özünüzə zəhmət versəniz rəsmlərdə Burla Xatunu da, Qazan xanı da, lap elə Dədə Qorqudu da görə bilərsiz. Niyə də olmasın? Məhdudiyyət yoxdur. Təki nəsə yaransın. Rəssam Dədə Qorqud dövründə düzgünlük prinsiplərinin daha qabarıq olduğunu söyləyərək, «insan dünyada düzgün yaşamalıdı» deyir. Axı «Tanrı insanı hər dövrdə imtahana çəkir».

Bax, belə yaranırmış Dədə Qorqud. Vallah, dəniz kənarında, qızılgül qoxusunun 3-cü, 4-cü mərtəbəyə qalxdığı bağçanın əhatəsində necə işləyirlər, bilmirik. Heç bir-birinin işindən də xəbərləri yoxdu. Elə bizdən soruşurdular, o biri otaqlarda nə var, nə yox? Burada Dədə Qorqudun cizgiləri sezilməyə, gerçəkləşməyə başlayır. Yalnız nahar vaxtı birgə olub ünsiyyətdə olurlar. Hətta çəngəl - bıçaq, bir sözlə stol üstə nə varsa hamısının adını müxtəlif dillərdə öyrənirlər. Hələ bir də Dədə Qorqudun neçə il yaşaması barədə mübahisə edirlər. Biri deyir 250, o biri 400, nəhayət 625 rəqəmində razılığa gəlirlər. Onsuz da dünya fanidir. Elə Dədə Qorqud qədər yaşasaq pis olmaz.

Zuğulba çimərliyində ayaqlarını Gülnarə Rəfiq islatdı

“Ekspress” qəzeti
12-14 iyun, 1999 –cu il