YUXUDA GÖRDÜM, İSA PEYĞƏMBƏR MƏNƏ XAÇ UZADIR

Adamlar lap qədimlərdən qeyri-adi əməllərə, möcüzələrə ayrı –ayrı şəxslərin fövqəladə keyfiyyətlərinə inanıb, ən çətin anlarda onlara müraciət ediblər. Günümüzdə də tez-tez ekstrasens, münəccim və türkəçarə həkimlərin elanlarına rast gəlir, soraqlarını eşidirik. Bunların sırasında real imkanları olanları da var, kimlərinsə kor-koranə inamından yararlanıb özünə güzəran yaradanları da. Birmənalı şəkildə nə hamısını inkar etmək olar, nə də hamısına inanmaq. Müasir tibbin son vasitələrindən əli üzülənlər bəzən təskinlik üçünmü və ya son ümid yeri olaraq bunlara üz tutur. Bu ümidsizlərə şəfa vermək iddiasında olanların biri də Faizlə Musayevadır.

“BİR GECƏMİ GÖRSƏN...”
Təxminən 80-cı illərdən narahat həyatı başlayıb. O, vaxtlar səbəbsiz ağrılarını, mənbəyi bilinməyən həyəcanlarını görənlər, ona hətta ruhi xəstə deyənlər də vardı. Ocaqları gəzmək məsləhətinə də əməl edib. İndiyədək canına dua oxuduğu bir kişi əllərinin vergisini camaata paylamağı, işlətməyi məsləhət edib. Elə o vaxtdan bəri gəlib gedənlər nə qədər çox olarsa özünü də bir o qədər yaxşı hiss edir. Gecələri yenə də narahat, ağrılı. Öncəgörmələri də çox vaxt yuxularında olur. Səhərə qədər olacaq müharibələri, kiminsə taleyindəki çatları da görür. Bir sözlə səksəkəli, qayğı dolu bir həyat yaşayır.
- Yatmışam, görürəm dilimi çəkirlər. Bu başlanğıcdır. Durub otururam. Elə bil boğuluram. Hər dəfə də belə olur. Dedilər aparaq səni ocaqlara. Mən ocaqlara getdim gəldim. Yevlaxdakı Mir Qəfər ağanın ocağına getmişəm. Baxmışam, nəzir qoymadım. Gələndən sonra vəziyyətim pisləşdi. 40 gündən sonra ...
Çox vaxt gördükləri əyan olur:
- Mən İsa peyğəmbərin Amerikadan gətirilmiş kasetinə baxmışdım. Hardasa bir ay olar onu yuxuda görmüşəm. Yuxuda gördüm ki, İsa peyğəmbər mənə xaç uzadır. Mən dedim istəmirəm. Üç gün dalbadal yuxuma gəldi. Amma bilirdim ki, bu yuxu deyil. Üçüncü gün dedi: “Niyə qəbul eləmədin? Sən mənim davamçımsan. Sən mənim kimi millətə hər cür kömək edirsən. Gördün məni çarmıxa çəkdilər. Heç kəs mənə inanmadı”. Mən İsa peyğəmbərin təklifini qəbul eləmədim. Allahımdan da çox razıyam.
- Bir dəfə də gördüm ki, taxıl zəmisindəyəm. Zəmi yaman odlanırdı. Həyəcanlandım. Mənə kimsə dedi ki, qorxma bu ocaq sənin ocağındır. Ətrafında qızınanlar çox olacaq.

XƏRCƏNGİ DƏ SAĞALDIRAM
Görüşümüzə yaxşıca hazırlaşmışdı. Özünə hörmət edən bir adamı burnunu bayıra çıxarmayacağı o cırhacırda Bakıxanov qəsəbəsinə yollanan jurnalistləri dolu süfrə ilə qarşıladı. Hər bir normal adam kimi yazıdan əlavə öz taleyimizlə maraqlanırdıq. Ekstrasens yanına ilk səfərimiz deyil. Amma bizə qarşı reaksiya təkrarlanır. Görən kimi “Vasif müəllim, Sizdən yaman narahatam. Zəng edən gündən içim əsir. Bir neçə günə Sizə nəsə deyəcəyəm. Amma mənə dedilər ki, narahat olma” deyir.
- Kim dedi?
- Onu demək olmaz. Mənə icazə vermirlər. Hər bir adamı müalicə edərkən o, yanımda olur.
- Müalicə etdiyiniz hansı xəstəliklər var.
- Zob, qol-qılça ağrılarını götürürəm. Qaraciyər, böyrəkləri də sağaltmışam. əsəb və ruhi xəstəlikləri müalicə edirəm. 3 dənə xərçəng sağaltmışam. Xərçənglə xəstə adam gəlib evimizdə diz çöküb ağlayıb. Oğlunun iraq qulağınızdan başının tükünə kimi tökülüb. İsraildə, Amerikada müalicə də kömək etməyib. Mən kişiləri müalicə eləmirəm. Dedim şəkilini gətirin. On günə bu adam olub anadangəlmə.
- Elə şəkilnən?
- Bəli. Bəs nə, mən kişi qəbul eləmirəm. Buyurmurlar. Qadağandı. Birinci uşaq vergim olubdu. Gəncəyə getmişdim. Gördüm bir ana çox ağlayır. Yığışdılar ki, vay bu, bir ölü uşağı sağaltmaq istəyir. Nə qədər pul tökdülər, hamısını yığdım verdim anasına. Dedim uşağın durub danışacaq. Dedi axı uşağım laldı? Dedim sənə deyirəm uşağın durub danışacaq. Uşaq durub baxdı, baxdı sonra anasını, xalasını göstərib adını çəkdi. 4 yaşı vardı uşağın...

ƏLLƏRİN MÖCUZƏSİ
Biz orada olan müddətdə pasientlərindən biriylə söhbət etdik:
- Sizin nə probleminiz var idi ki, gəlmisiniz?
- Çox problemlərimiz var. Mən bu qadını eşidib bunun sorağına gəlmişəm. Onun möcüzələrini çox görmüşəm. Bu qadına elə inanıram ki. Mənim qızımın boğazında zob var idi, müalicə elədi. Həmin günü qızımın üstündə dua var idi. İçəri girən kimi, hiss edib çıxartmağı tələb etdi. Mənim qulağım elə şişmişdi, ölürdüm sancıdan. Əlini qoymaqla sağaldı.
- Hə hiss elədiniz əlini qoyanda ora? İstilik?
- Elə bil ağrını çəkdi. Özümçün də sirdir ki, insanın əllərinə Allah təala nələr bəxş eləyib.
Başqa bir pasientin müalicə seansını müşahidə etdik. Fazilə xanım başını örtüb qadının da örtməsini gözlədi. Əvvəl yuxarıdan aşağı əllərini sürtmək ilə bir növ “təmizlik işləri apardı”. Qadının bronxitini əlini üstünə qoymaqla sağaldırdı. Qadının dediklərindən:
- Əlləri elə bil ütüdür. Bəzən isidir deyə deyirəm bir az saxla, yoxsa istidən nəfəsim daralır.

KİMİN ÜRƏYİ BULANIR?
- Ekstrasens mərkəzləri ilə əlaqə saxlayırsınızmı?
- Heç istəmirəm də. Yalanı sevmirəm. Kimisə aldatmağı da sevmirəm.
- Yalnız öz imkanlarını öyrənmək üçün.
- O mənə heç nə edə bilməz. Onu mənə verən verib, deyən deyib bu sözü de. Hətta Allah təala iki şeyə gülür: birinci, deyir mən bu adama ruzunu vermişəm, niyə sən buna quyu qazırsan? Sən kimsən? Mən buna bir də verəcəm. İkinci, Allah təala əgər bu ruzunu sənə verməyibsə, mən kömək edirəm. Onda Allah məndən alır, deyir buna mən verməmişəm, sən kimsən eləyirsən?
Sübh namazı vaxtı dururam. Şəkilin sahibin ruzusunu, şəfasını – hamısını sübh namazı vaxtı Allahdan diləyirəm.
Düzdür, ruzu Allahdandı hərəyə bir yerdən gəlir.
Bir vaxt fars dili müəlliməsinə kömək etmişdim. Dedi “gəl sənə hərifləri öyrədim”. Razı olmadım. Mən indi bundan sonra dua yazacağam? Mənə nə deyirlər onu edirəm və edəcəyəm də. Camaat nədənsə məndən söz istəyir. Söz nəyinizə lazımdır? Gəlin mənə nəsə iş görüm. Birdə ki, mən buna necə gəlmək lazım olduğunu deyə bilmirəm. Mən camaata pomadanı sil deyə bilmirəm. Onda məni elə bil dondururlar. Pis günə qalıram. Mənə demirlər ki, mən də deyə bilmirəm.
- Pomadanı sevmirsiz?
- Yox, ona görə demirəm. Vaxtıyla hətta sevmişəm də. Amma onun tərkibində donuz yağı var. Sizdən kiminsə başı ağrıyır deyəsən. Ürəyi bulanır?

XƏSTƏLİYİ GÜNAHLA ƏLAQƏLƏNDİRMİRƏM
Vaxtsız yeməyin nəticəsi kimi Gülnarənin ürək bulanmasını özündə hiss etmişdi. Elə diaqnoz qoymağı da beləcədir.
- Elə bil rentgen qarşısında dayanmısız. Kiminsə böyrəyi ağrıyırsa, mənim də böyrəyim “pristup” verir. Sonra nəzir qoymazsa məni buraxmırlar. Qabaqlar nəzir istəməyi utanırdım. Lap 500 manat olsun. Amma nəzir qoyandan sonra dalı gəlir. Bütün şeyləri deyə bilirəm.
- Bəzi fikirlərə görə xəstəlik insanın öz əməllərinə görə cəzasıdır. Krişnaçılar da deyir ki, xəstəlik heç nədən yaranmır.
- Naxçıvandan biri gəlmişdi yanıma. Bacı - qardaşlarından 22, 24, 33 yaşında ölənləri var idi. Gördüm növbə onundur. Dedim ananın boynunda qanlıq işi var. Xəstəliyi mən günahla əlaqələndirmirəm. Hamı xəstədir. Ona görə ki, problemlərimiz çoxdur.Evin bütün problemlərini qadın öz üstündə daşıyır. Əsəbidir, çatışmamazqlıqdır.
- Başqa bir tərəfi götürək. Yaxşı insandır, yaşayır, çalışır, pislik etmir, rüşvət almır. İndiki zamanda elədir ki, dolandırmaqcün bunları etməlidir. Eləmir və nəticədə pis yaşayır. Fikirdən xəstəliyə tutulur və s. Yaxşı insandır, taleyi pis olub. Ona görə ki, Allahın dediyi ilə yaşayıb. Allah onu sınamağa çəkir?
- Əlbəttə. Lap elə məni götürək. Çox – çox varlı idim. Allah gətirib onu mənə verib. Baxıb görür ki, lap evinin içinə olsun paylayıramsa, ildırım surəti ilə alır aparır. Məsəlçün verir sizə. Sınağa bir də çəkir, görür ki, özünə zülm edirsən, hər gün Allahı çağırırsan. Onda bir də verir. Başın daşlara dəyibsə onda əziz tutarsan.
- Onda belə demək olarmı ki, insan dünyada ona görə əziyyət çəkir ki, Allah onu sevmir.
- Ağacdan meyvə dərmək istəyirsiniz. Meyvənin yaxşısını, yoxsa pisini seçirsiniz. Allah təala oruc tutub namaz qılanları seçir. Həqiqətən də pislər ölmür, pislər qalır. Yaxşıları dənləyib aparır.
- Çətin deyilmi, gələn adamların hərəsi bir dərd ilə gəlir?
- Qızıl dişləri fasonçun qoydurmuşdum. (Qonşu otağa keçib balaca mücrü gətirir. İçindən kökü tam sağlam üstü qızıl dişlərdən birini gətirir). Hamısını çıxartmağa məcbur oldum. Şəkər xəstəliyini də əsəbdən tapmışam.

YENİ İNSAN NECƏ DOĞULUR
Əsəbliyi göz qabağındadır. Gah ucadan, gah bəmdən danışır. İçindəki artıq enerji elə bil ki çıxmağa yer axtarır. İçdiyi buzlu su da içini soyutmur. Budurmu vergili insan? Mutasiyalar nəticəsində yaranan hər şeyə qadir yeni insanın “doğulması” yaman çətin yollarla keçir. Əslində olmasa da, nəslində davamcısı yetişir. O, da həmin ağrılı yolları keçməyi məcburdur.

Gülnarə İsmayılova
Vasif Sadıqlı

7-9 avqust 1999-cu il
“Ekspress” qəzeti