Araşdırmalar, tədqiqatlar, fikir yürütmələr

Yaxud, sadəcə həyat təcrübəsi

Əlaqə saxlaya bilərsiz

İctimai fikrə bir şillə

Hazırda Azərbycanın da futuristik hoqqabazlıq oyanmaqdadı

İlk dəfə futurizm termini eşidəndə sənətdən elə də başım çıxmırdı və yazı-pozuda da iddialarım yox idi. Sərgilərdən birində yarırəssam, yarışair kimi ad çıxarmış Adil Mirseyidin dilindən eşitdiyim terminin mənasını hələ bilmirdim. Bircə onu bildim ki, sərxoş olanda bu sözü demək çox çətindi. Çünki terminin əsil mənasını yəqin ki, çox yaxşı bilən Adil bəyin sərxoş olduğu qədər dişsiz olan çənəsindən bu söz 5, ya da 6-cı cəhddən düzgün səsləndi. Ünvanıma deyilmiş bu sözün mənasını lüğətlərdə aradıqda lap cin atına minmişdim. Adil Mirseyid nədənsə mənim də futuristik olmağıma ümid edirdi. Bəlkə də 10 il əvvəl səsləndirilmiş bu arzu deyəsən indi reallaşır.

Puşkin, Dostoyevski və Tolstoyu gəmidən tullamaq lazımdı
1912-ci ilin 18 dekabrında Kuzmin və Dolinskinin mətbəəsində 600 nüsxə tirajla «İctimai fikrə bir şillə» adlı almanax çap edildi. Məcmuənin 7 müəllifindən yalnız dördü «Yeni sənətin müdafiəsinə» çıxmış manifestin altına imza atmışdı. Burda belə yazılmışdı:
«Bizi oxuyan Yenilərə, Birincilərə və Gözlənilməzlərə.
Yalnız biz Zamanın siması ola bilərik. Zaman sənətdə öz sözünü bizim dilimizlə car çəkir.
Keçmiş dardı. Akademiya və Puşkin anlaşılmaz heroqliflərdi. Puşkini, Dostoyevskini, Tolstoyu və s. müasirlik gəmisindən tullamaq lazımdı.
Kim ki, ilk sevgisini unuda bilmir, son məhəbbətini yaşamayacaq.
Sonsuz sayda leonidlərin, andreyevlərin yazdığı kitabların çirkli seliyinə toxunandan sonra əllərinizi yuyun. Bütün bu qorkilərə, kuprinlərə, bloklara, soloqublara, remizovlara, kuzminlərə, buninlərə yalnız çay kənarında bağ lazımdı. Belə peşkəşi tale dərzilərə verər. Biz onların miskinliklərinə göydələnlərin başından baxırıq!
Biz şairlərin hüququna hörmət etməyi əmr edirik:
1. Sərbəst, yaxud qeyri-iradi yaranmış sözlər hesabına lüğəti genişləndirmək (Söz yenilikləri).
2. Ona qədər mövcud olan dilə nifrət bəsləmək.
3. Hamam süpürgələrindən hörülmüş, bir qəpiklik dəyəri olmayan şöhrət çələnglərini dəhşət hissiylə başından götürmək.
4. Ətrafdakı söyüş və narazılıq dənizinin ortasında «Biz» adlı qayanın üstündə fəxrlə dayanmaq. Əgər bizim kəlmələrimizdə hələ də sizin «gözəl zövq» və «sağlam mühakimələr» adlandırdığınız damğalar durursa da Yeni Gözlənilən Söz Gözəlliyi artıq onların üzərində dalğalanır.»
Hasar ədəbiyyatı və meydan rəssamlığı
Uçan futuristlər federsiyasının 1-ci Dekreti futurizmin nə olduğunu çox yaxşı izah edə bilir:
Yoldaşlar və vətəndaşlar, biz Rusiya futurizminin başçısı, gənclik incəsənətinin inqilabçıları olaraq bəyan edirik:
1. Çar rejiminin ləğvi ilə bərabər incəsənətin insan zəkasının çardağlarında, anbarlarında, yəni ki, saray, qalereya, salon , kitabxana və teatrlarda yaşaması da ləğv edilir.
2. Hər kəsin mədəniyyət qarşısında bərabərliyi yürüşü naminə yaradıcı şəxsin Azad Sözü evlərin divarlarında, hasarlarda, damlarda, şəhərin küçələrində, avtomobillərin oturacaqlarında, tramvaylarda və hətta vətəndaşların paltarlarında da yazılsın.
3. Qoy küçə və meydanlarda çəkilmiş rəsmlərin rəngləri yoldan ötənlərin gözünü oxşasın. Rəssam və yazıçılar öz rəng qablarını və fırçalarını götürüb ustalıqla şəhərlərin, vokzalların, daim harasa tələsən vaqonların yanlarını, alnını, sinəsini bəzəməyə borcludur…
(Mayakovski, Burlyuk, Kamenskiy. «Qazeta futuristov», 1918-ci il, 18 mart)
Bu çağırışı eşidirmiş kimi şəhərlərin tikildiyi qırmızı kərpiclərin üstündə ağ rəng çəkilərək bəyaz fonda yaşıl dairələr, narıncı üçbucaqlar, göy kvadratlar əmələ gəldi. Heyrətdən ağzı açıq qalmış şəhərin başına suprematik konfetti səpələndi.

Motosikl Mikelancelodan daha qiymətlidir!
Futurizm İtaliyada doğulub, cərəyanın banisi və sözün müəllifi italyan şairi Filippo Marinettidir (Qırmızı şəkər» poemasının müəllifi). Terminin özü keçmişin diskreminasiyası və gələcəyin kultlaşdırılmasını nəzərdə tutur. 1909-cu ildə cavan rəssamlarçün yazılmış «Futurizmin manifesti» məqaləsində deyilirdi: «Aramızda ən qocasının 30 yaşı var. Nə qədər ki, yeni nəsil gəlməyib biz 10 ilə məqsədimizə çatmalıyıq. Yoxsa onlarbizi zibil yeşiyinə atacaqlar…».
Marinettinin manifesti teleqraf üsulunu bəyan etdi. Yəni ki, ənənəvi qrammatikadan imtina edilirdi. Şairin öz orfoqrafiyasına hüququ çatırdı. Yeni söz yaratmaq, sürət və mütləq ritm. Onlar öz əsərlərini qatara, avtomobilə, təyyarəyə həsr edirdi. Sivilizasianın nailiyyətləri vəsf edilir və texniki inkişaf göylərə qaldırılırdı. Ona görə də motosikl Mikelancelonun heykəllərindən daha kamil əsər kimi elan edilirdi. Marinetti belə deyirdi: «Bir parça dəmir, ya da taxtanın verdiyi hərarət bizə bir qadının təbəssümü və göz yaşlarından da qiymətlidir». Ona görə də yeni sənət yalnız zorakılıq və qəddarlıq sənəti ola bilərdi.
Yeni ideyalar cavanları, sənətə ayaq basıb özünü təsdiqləmək istəyən hər kəsi ağzına almışdı. Uçurdulma, xarabalıq və partlyış pafosu hər yeri lərzəyə salırdı. İndi mühribələr və inqilablar vəsf edilirdi. Müasir dünyanın dinamikasını verməyə, sürət, hərəkət, enerjini təsvir etməyə sadə üsullar da yarayırdı. Kompozisiyalar xırda, iti uclu fraqmentlərə parçalanaraq forma, ziqzaqlar, spirallar, əyri konuslar şəklində rəsmlərə qalanaraq reallığın təsvirinə çevrilirdi. Hərəkət dinamikası indi yerində donub qalmış heykəlləri, rəsmləri və portretləri əvəz etməli idi. Ona görə də fotoparat və kino kamerası rəssamlığın və insan gözünün nöqsanlarının düzəltməklə onları əvəz etmək iddiasında idi.

Hər gün sənət mehrabına necə tüpürməli
Futuruzm latıncadan tərcümədə gələcək deməkdir. Bəyan edilən kimi «Anti mədəni, anti estetik, anti fəlsəfi» cərəyan kimi tanındı. Onsuz da bütün cərəyanlar özünü təsdiq etməkçün özündən əvvəlkiləri inkar etməli olur. Amma futurizm öz ekstremistliyi ilə seçilirdi. Çünki ərsəyə gəlib özünü gələcəyin mədəniyyəti elan edən kimi keçmişi nəinki inkar etməyi hətta «hər gün sənət mehrabına tüpürməyi» qarşılarına məqsəd qoymuşdular. Özündən zəifinə ikrah, güclünün vəsf edilməsi ilə yanaşı müharibə və dağıntılar da ləzzət gətirici olurdu. Bu mənada onlar anarxistlərə, faşistlərə və kommunistlərə yaxın idilər.
Şeirdə futurizm sintaksisdən imtina edilir, cümlədə xəbərin qeyri-müəyyən forması işlənirdi. Sifətin dərəcələri, durğu işarələri, aradan çıxarılırdı ki, maksimum səliqəsizlik həyatın reallığını ifadə edə bilsin. Mənasız pauzalar yaradan nöqtə və vergüllər aramsız axan həyatı ifadə etmir deyən canlı üsluba mane olurdu. İndi ədəbiyyat barmaqların arasından axıb gedən qum kimi ələ gəlməyən həyat materiyasını ifadə edərək onunla vəhdətə girməli idi. Xətti yazı tərzi, cümlələrin ardıcıl düzülməsi də gələcəyin sənətkarlarını razı salmırdı. Ona görə də futurist şairin ağ kağızında şeiri quş şəklində, ya hərf formasında, insan görkəmində yaranıb bəndlərlə düzülmək prinsipini darmadağın edirdi. Beləliklə sözlər vizual işarələrə sevrilirdi. Bir sözlə ədəbiyyatdakı «MƏN»i darmadağın etmək lazım idi.

Hamam süpürgələrindən hörülmüş çələnglər
20-c əsrin əvvəlində hamı novator olmaq istəyirdi. Ona görə şüurlu şəkildə skandal yaratmaq bədii üsluba çevrildi. Xuliqanlıqdan tutumuş teatrallaşmış zarafatlara qədər hər şey təcrübədən keçirildi. Futuristlər daim törətdiyi qalmaqallara görə həbs edilir, ictimai müzakirələrdə razılaşmayan opponentlərə şapalaq çəkdiyinə görə təcrid edilir, püpitr ya da stolüstü lampanı kiminsə başına tolazladığına görə cərimələnirdilər. Ona görə də xuliqan və futurist söz bir müddət sinonim kimi işlədilirdi. Mübarizə futuristlərin öz aralarında da olurdu. Qruplaşmanın bir üzvü başqasına keçən kimi qarşıdurmalar kəskinləşir və yeni konfliktlər yaranırdı. Bütün bu ittihamlara baxmayaraq futurizm dünyaya ədəbiyyatda Myakovski, Xlebnikov, Pasternakı, rəssamdıqda Maleviçi, Eksteri bəxş elədi.
Müasir dövrdə futuristlərin ardıyca getməyə tələsən cavanların nəzərinə: Futuristlərin hamısının şəxsi taleyi acınacaqlı olub. Onların əksəriyyəti sürgündə məhv olub. Sağ qalanları isə unudulub. Hətta futurizmin daşını çoxdan atmış Pasternak da Xruşşovun təqiblərindən qurtula bilmirdi.

Kitabxana və muzeylərlə pozulmamış insanlar
«Kitabxana və muzeylərlə pozulmuş insan artıq heç bir maraq doğurmur… Bizi metal lövhənin bərkliyi maraqlandırır, malekul və elektronların insanın anlaya bilməyəcəyi birliyi diqqətimizi çəkir…» deyən futurist cavanlar üçün etiraz, yeniliyin təsdiqidirsə artıq oturuşmuş həyat tərzi olanlar üçün tərbiyəsizlikdən başqa bir şey deyil.
Futurizm sənətə yeni janr gətirdi ki, burda yumruq davası məqbul sayılır. İndi səhnəyə çıxan şair bacardığı qədər tamaşaçısını təhqir edib özündən çıxarmağa çalışır. Yapdığı epatajla zorakılığa və qiyama çağırır. Futuristlərin yazdıqları əsərlər əvvəl səhnədə səslənib sonra qələmə alınırdı. Ona görə də yazarın ünvanına səslənən söyüşlər əsərin uğur göstəricisi olurdu. Belə «ədəbiyyat» gecələri adətən dava ilə bitərdi. Bəlkə də həmin səbəbdən çox populyar idi. Futurizmin özünə diqqət çəkməyə ehtiyacı vardı. Onun üçün etinasızlıq ən qəddar silahdı. Publikanın etirazı tələb olunan yerdə sükut olsaydı bu çox dözülməz olurdu. Ona görə də elə bizim ədəbiyyatda da futuristik hoqqabazlığın aradan götürməyin bircə yolu var. Tam iqnor, tam sükut futurist üçün ölümə bərabərdi.

Pul qazanmağın sivil yolları
Müasir tədqiqatçılar hesab edir ki, publikaya qarşı epataj yapmaqda son dərəcə istedadlı olan futuristlər əslində bu günün «promouşn» və «pablik rileyşnz»larıdır. Onlar nəinki əsər yaratmağın, hətta onları dinləyiciyə çatdırmağın, misenatları, alıcıları cəlb etməyin ən maraqlı yollarını seçə bilirdilər. Onlar nə qədər radikal olsalar da pul qazanmağı bacarırdılar. Bəzən diqqəti cəlb etməyin əsas səbəbi də maddi durumu yaxşılaşdırmaq idi. 1912- 1916-cı illər arası az qala yüzlərlə sərgi, şeir gecələri, tamaşalar, müzakirələr olurdu ki, ora mütləq bilet almaq lazım idi. Biletin qiyməti 25-qəpikdən 5 rubla qədər olurdu. O vaxtlar fəhlənin ayda 20 rubl qazandığını və sərgilərə minlərlə adam gəldiyini nəzərə alsaq qazanan pulların həcmini bilmək olar. Üstəlik sərgilərdə rəsmlər də satılırdı. Orta hesabla sərgidən 5-6 min çar rublı məbləğində qazanc olurdu. Ona görə də mətbuat futuristlərin pulgirliyindən ləzzətlə yazırdı. Necə deyərlər bu yolla əvəzini çıxırdılar.

Klassiki ələ salmaq olar, şalvarı isə yox
Futurizmdə vahid üslub problemi olmayıb. Hər millət öz futurizminə məhz ona məxsus keyfiyyətlər verib. Futurizm qubka kimi bütün mümkün üslub və prinsipləri canına çəkə bilib. Futurizm məktəb də yaratmayıb. Yanaqlarındaq qan daman tox, qayğısız, kədərsiz burjua üslubuna etiraz kimi formalaşaraq yeni-yeni formalar axtaran cərəyanın əsas məqsədi onu dağıtmaq idi. Estetik zövqə vurulan zərbə məişət səviyyəsində gözlənən şillənin hələ ki, bir detalı idi. Futuristlərin səhnədən çıxartdıqları oyunbazlıqlardan heç biri, ən kəskin şeir, ya manifest onların sarı köynəklər, assimmetrik kostyumlar geyib, rənglənmiş sifətlərlə küçələrə çıxması zamanı oyatdığı reaksiyanı doğurmamışdı. Burjua Puşkinin ələ salınmasına dözərdi, amma şalvarının, qalstukunun rəngini, ya da ilməsini məsğərəyə qoyulmasına sakit baxmayacaqdı. Bu onun üçün artıq dözülməz hədd idi.

Futurizmin əsas əlamətləri
- qiyamçılıq, anaxist dünyagörüşü, kütlənin əhvalını ifadə etmək istəyi
- mədəni ənənələrin inkarı, gələcəyə yönlənmiş sənətin yaradılması cəhdi
- adət edilmiş şeir formalarına qarşı qiyam, ritm, qafiyə sahələrində eksperimentlər, şeirin şüar, plakat şəklində səslənməsinə meyllik
- cəfəng dil yaratmaq üzrə eksperimentlər
- texnika və inkişaf etmiş şəhər kultu
- epotaj pafosu

Futurizmə bir qucaq təbəssüm və sükut
Əlamətləri dalbadal sadalayanda nəsə tanış mənzərələr yarandı. Elə bil ki, bizdə də hazırda futurizm baş qaldırıb. Düzdü, bu 100 il sonra gecikməylə olsa da üsullar, şüarlar çox tanışdı. Yeyib yatmaqdan şişmiş xalqın öhdəsindən yalnız futuristik hoqqabazlıq gələ bilər. Təmbəl xalqı teatr və konsertə getməyi məcbur etmək mümkün olmasa da hirsləndirmək və özündən çıxarmaq çətin deyil. Bu mənada futurizm hazırki durum üçün çox lazımlı «silah»dı.
Amma futurizm üsullarıyla xalqa gəliş gələnlər nəzərə almalıdı ki, oxucu da səfeh deyil. Bir əsr bundan əvvəl buraxdığı səhvləri indi buraxmayacaq. Bəyənmədiyi müəlliflə çənə döyüb söz güləşdirmək əvəsinə sadəcə susub gülümsəyəcək. Ona görə də bu günün azərbaycanlı futuristləri yaxşıca pul qazana bilmir.

Yuxariya doğru