Kişi qadının başının tacıdır!
Yaxud Allahla əlaqəsi kəsilmiş kişilərin qisası
Qadın təbiidir,
ona görə də iyrəncdir.
Ş. Bodler
İş belə gətirib ki, dünya yaranandan cinslərin savaşı
gedir. Minillərdi ki, cəmiyyət və təbiət bu gender savaşından qurtula
bilmir. Hətta ən vacib mədəni abidələrdə də bu savaşın izləri var. Bu
qarşıdurma bütün insanların həyatına müdaxilə edib. Mənfi- müsbət, anod-
katod kimi enerji potensialı daşıyaraq iş, siyasət, müharibələr, sosial
əsarət və inqilablar hamısı kişi və qadın qarşıdurmasından qidalanır.
Demək olar ki, bəşəri proseslər Kişi və Qadın adlanan «yanacağın» enerjisiylə
işləyir. Anlamaq çətin deyil ki, bu məsələdə kişilər özünü müsbət və
həmişə verən tərəf sayır, qadınlarsa öz növbəsində tam əmindir ki, özünü
qurban verən tərəf məhz odur. Ona görə də bəzən bu məsələyə gender çərçivəsindən
çıxıb insanilik baxımıqdan baxmaq çətin olur.
***
İnsan övladı dünyaya gözünü açanda onun hələ ki, cinsi vacib deyil.
Onunçün önəmdi deyil, taxtda faraon oturub yoxsa demokratik görüşlü
Sarkozi. Amma uşaq beşiyinə düşən kimi onun mavi ya da çəhrayı olmasından
asılı olaraq dünyanı 2 yerə ayırmağa məcbur olur. Bu çığıran və yemək
tələb edən ət yumağı hələ ki, anasından başqa heç kimi tanımır. Uşağın
ilk asılılığı anasından olur. Sevdiyi və asılı olduğu qadın onu yaşatmalıdı.
Qadın və cəmiyyət probleminin başında kişinin cəmiyyətə elan etdiyi
savaş dayanır. Çünki o, bu savaşda zəif olduğunu anlayır. Bu uşaq böyüyən
kimi qadına onu sıxan cəmiyyətin obrazı kimi baxmağa başlayır. Ona görə
də ilk addımı qadını ram etmək istəyi olur. Qəribəsi odur ki, sosial
kosmosu ilə çarpışan kişi əsrlər boyu ailə qurub və tək yaşamaq istəməyib.
Amma ailəsində qoyduğu qanunlara görə hər şey tamam başqa cür, onun
istədiyi kimi olmalıdı.
Qadının azadlığı pulla alınır
Hələ İslamdan çox-çox əvvəl, bütpərəslik zamanında da qadının
cəmiyyətdəki vəziyyəti ağır idi. Kişi onun varidatını ələ keçirirdi.
Qadııan vərəsilik hüququ yox idi. Onu cəmiyyətin tör-töküntüsü sayırdılar.
Çünki yalnız ata minə bilən, vuruşan və qənimət gətirə bilənin miras
almağa hüququ çatırdı. Hətta dul qalandan sonra da qadın nəinki ailə
mirasına əli çatmırdı, onun özünü də əşya kimi başqa ailə üzvlərinə
ötürürdülər. Kişinin əvvəlki nakahından oğlu vardısa analığına sahib
çıxmağa ən çox onun hüququ çatırdı. Oğul analığını istəməsəydi də qadının
evdən getməyə haqqı çatmırdı. O, azadlığını pulla almalı idi. Qadın
boşanardısa yenidən ərinin yanına qayıtmaq hüququnu həmişəlik itirərdi.
Kişinin isə evlənməkdə imkanları hüdudsuz idi. Kişini qadına qarşı ədalətli
olmağa çağıran, ya da ədalətsizlik etməyində əngəl olan bir vasitə də
yox idi.
Qız atası ah-vay edər
İslama qədər ərəblər ailədə qızın doğulmasını pis əlamət sayırdılar.
Qızı doğulan ərəbin günü ah-vayla keçərdi. Bəzən onlar qızdan o qədər
bezirdilər ki, uşaqları diri-diri basdırırdılar. Qızın üstəlik fiziki
qüsurları olsaydı onun sağ qalmaq şansı lap az olurdu. Bəzən ərəblər
uşaqlarını kasıbçılıq ucbatından öldürürdülər. Balasını gözünün qarşısında
öldürən kişiyə qadının etiraz etməyə nə haqqı, nə də qüvvəsi çatırdı.
Bəzən qidalanmada da qadın üçün qadağan olunmuş, amma kişiyə məqbul
sayılan yeməklər vardı. Ən vacibi qadının fəxr etməli bir işi yox idi.
O, yalnız qeyrətini çəkən kişisiylə fəxr edə bilərdi.
Cəhənnəm qadından pis deyil
Qədim hind cəmiyyətində də qadının vəziyyəti fərqli deyildi.
Braxman dininin müqəddəs kitabı olan «Fidiya»da deyilir ki, insanilik
baxımından qadın və kişi eyni deyil. Bu dinin qanunlarına görə qadının
bütün ictimai və vətəndaşlıq hüquqları yox idi. Mano qanunlarına görə
qadının qərar qəbul etmək hüququ yoxdu, hətta bu məişət məsələlərinə
aid olsa da. Uşaqlıqda atasına, sonra ərinə məxsus olan qadın ərinin
ölmündən sonra ər tərəfdən qohumların ixtiyarına keçirdi. Ər tərəfdə
kişilər olmasaydı qadın hakimin varidatı olurdu.
Hindlilərdə qadın quldan betər vəziyyətdə idi. Əri onu qumarda uduza
da bilərdi. Əri ölən qadının yenidən ərə getmək nədi, heç yaşamaq hüqüqü
da olmurdu. Əri ölən günü qadın da ölməliydi. Bəzən qadını ərinin cənazəsini
yandıran zaman həmin tonqala atırdılar. Braxmanizmin müqəddəs kitabında
belə yazılır: «Əri ölmüş qadın əvvəlcə özünü meyitin qoyulacağı odunun
üstünə atmalıdır. Meyit odunun üstünə qoyulandan sonra qadın başı bağlı
şəkildə gəlməlidir. Braxma onun başını açır, sonra qadın bütün ziynət
əşyalarını qohumlara paylayır və axırda hörüklərini açıb buraxır. Bundan
sonra kahin onun sağ əlindən tutub odunların başına 3 dəfə fırladır.
Sonra qadın odunun üstünə çıxıb ərinin sağ ayağını alnına hörmət əlaməti
kimi yapışdrmalıdır. Yerini dəyişib ölənin baş tərəfində oturandan sonra
odunlara od vurulur və hər ikisi yandırılır. Bu hərəkətinə görə qadın
o biri dünyada əvəzini alacaq və 35 milyon il cənnət həyatıyla təmin
ediləcək. Yandırılmasıyla qadın həm öz qohumları, həm ərinin qohumlarını,
eləcə də ərinin bütün günahlarını yumuş sayılır. Yandırılmış qadın ən
təmiş, ən pak adlı məxluq sayılır». Bu adətə riayət edən hindlilər qısa
müddətdə minlərlə qadını diri-diri yandırdılar. Bu ədət 17-ci əsrin
əvvəlinə qədər davam edirdi. Qadağan ediləndə hindli din daşıyıcılarının
etirazına səbəb olmuşdu. Qadının hindli cəmiyyətində yerini bu cümlə
çox yaxşı təsvir edir: «Sonu məlum olan tale, külək, ölüm, cəhənnəm,
zəhər, ilanlar və od heç da qadından pis deyil».
Tərbiyəyə layiq olmayan qızlar
Çində də qadın ərinə tabe idi. Ömrü boyu kişiyə qulluq etsə
də nə maddi, nə də sosial hüquqları vardı. O öz taleyini də həll edə
bilməzdi. O, yaxşı təhsil almağa, tərbiyə edilməyə də layiq bilinmirdi.
Çində qızın 15 yaşı olanda saçını qırxdırır, 20 yaşında onu ərə verirdilər.
Qızın ərini ata dəllal vasitəsilə seçirdi.
Evdə qız uşağının doğulması pis əlamət sayılırdı. Atalar hər dəfə Allaha
yalvaranda əl açıb göylərə müraciət edirdi ki, oğlanları doğulsun. Oğlan
doğmayan qadın isə ömrünün sonuna kimi alçalmış, rəzil sayılırdı. Çünki
onun torpağını əkməyə, döyüşə göndərməyə oğlu olmurdu. Qızı böyütmək
atalar üçün əziyyət idi. Çünki müəyyən yaşacan qızı yedirməli, sonra
isə ərə verib yad kişinin evinə göndərməli idilər. Ailədə lap çox qız
doğulanda onları çölə atırdılar ki, soyuqdan və aclıqdan ölsünlər. Bu
zaman heç kim vicdan əzabı çəkmirdi.
Artıq uşaqlar satılır
Qədim Roma cəmiyyətində də fiziki qüsurlarla doğulmuş, yaxud
qız uşağı olanda ataya onunla istədiyi kimi rəftar etmək hüququ verilirdi.
Ona görə də romalı atalar həmişə oğlan arzulayıblar. Romalılarda qadın
ərindən o qədər asılı idi ki, əri onu edam etdirə də bilərdi. Kişinin
hüququ nəinki qadınına, onun uşaqlarına, nəvələrinə də çatırdı. O, onları
sata, incidə, sürgün edə, öldürə bilərdi. Bu zaman qadının etiraz etməyə
haqqı çatmırdı. Romalılarda da varidat qadına yox, onun böyük oğluna
çatırdı. Romalı kişi ailəsinə ürəyi istədiyi adamı qatıb gözünə artıq
görünəni çıxara bilərdi. Artıq qalmış uşaq çox vaxt satılırdı.
Ləzzət üçün fahişə, gigiyena üçün məşuqə, doğmaq üçün arvad…
Qəzim yunan cəmiyyətində vəziyyət o qədər də fərqlənmirdi. Qadının vəziyyəti
o qədər ağır idi ki, onu hətta borc götürə bilərdilər. Tarixçi Troylonq
yazırdı ki, çox doğan, sağlam nəsil verən qadını bəzən ərindən borc
alırdılar ki, başqa kişi üçün uşaq doğsun və vətənə oğlanlar bəxş etsin.
Amma onun həmin uşağı tərbiyə etmək hüququ yox idi. Qadına tərbiyə məsələlərində
etibar edilmir və onun şeytanın yol yoldaşı sayırdılar. Mirasa, müdafiəyə,
hüquqa haqqı çatmayan qadının öz varidatını da idarə etməyə haqqı çatmırdı.
O, boşanma tələb edə bilməzdi, amma kişilərin boşanmaya haqqı çatırdı.
İş o yerə çatmışdı ki, qədim yunan mütəfəkkirləri qadının nəinki özünü,
hətta adını da qapalı saxlamağı təklif edirdilər. Həyatın dibində olan
qadın qeyri kamil varlıq kimi ömrünü sürürdü. Qədim yunanlar şikəst
uşaq doğmuş qadını da öldürürdülər. Qədim yunan natiqi Dimustin deyirdi:
«Biz fahişələri ləzzət üçün, məşuqələri şəxsi gigiyena üçün, arvadları
isə qanuni uşaqları doğmaq üçün götürürük». Dövrünün zəkalı insanı belə
deyirsə cəmiyyətdən daha nə gözləməli?
Mömin adamları buxovlayan qandal
Qədim yəhudi cəmiyyətində qadın günah mənbəyi sayılırdı. Qanunlar
onun şərəf və ləyaqətini alçaltmağa imkan verirdi. Qədim yəhudi kitabların
birində belə yazılıb: «Mənim ürəiym uzun müddət həqiqət axtarışında
olub. Biliklər, ağıl, şüur, müdriklik axtarmışam, pisin, nadanlığın
və axmaqlığın nə olduğunu bilmək istəmişəm. Mən tapdım ki, qadın ölümdən
də acıdır. O elə bil ki, tordur, onun ürəyi tələdir, onun əlləri Allah
qarşısında mömin olan adamları buxovlayan qandaldır. Ona görə insan
xilas ola bilmir, günahkarın günahları ona görə bağışlanmır».
Yəhudi dini kitabları ataya öz ailəsiylə istədiyi kimi rəftar etmək
imkanı verirdi. Atanın xüsusilə qızlarına qarşı hüququ hüdudsuz idi.
Onları istədiyinə ərə verə, sata, ya da bağışlaya bilərdi. Çünki torpaq
atanın mülkiyyəti idi və sözünə baxmayan uşaqların sağ qalmaq şansı
yox idi. Evin kişisi sanki dövləti təmsil edirdi. Kasıb ata qızını yetkinlik
yaşına çatmamış sata bilərdi. Qızın razılığı çox nadir hallarda alınırdı.
Ərə gedəndən sonra mülkiyyət hüququ qadının ərinin ixtiyarına keçirdi.
Yəhudi qanunlarına görə qardaşları varsa atanın varidatına qızın ixtiyarı
çatmırdı. «Bir kəs oğulsuz ölərsə varidatı qızına keçə bilər. Qadının
əri ölərsə ixtiyarı qaynına keçir. Əgər qaynı, yəni ərinin qardaşı ondan
imtina etsə qadın azad ola bilər. Amma qadının kənara ərə getməsi pis
sayılır. Ona görə də ölən kişini qardaşı qadının qapısını açıb onu arvadı
etməli və onunla yaşamalıdır» - deyə yəhudi qanunları qadının vəziyyətini
dəqiqləşdirir.
Yəhudilər mensturasiya zamanı qadından qaçırdılar. Onlara həmən vaxt
qadına toxunmaq, onunla bir süfrədə oturmaq, hətta yanaşı uzanmaq də
qadağan idi. Yəhudi qanunları deyir ki, gözlənilər proses hələ başlamazdan
əvvəl qadın xəbərdarlıq etməlidir ki, kişinin ona heç barmağı da toxunmasın.
Qadının əlindən nəsə almaq, hətta tulladığı əşyanı götürmək də olmazda.
Onlar bir maşında gedə, bir gəmidə üzə də bilməz. Əgər kişi xəstələnərsə
və ona qulluq etməyə başqa adam olmazsa qadına kişiyə toxunmadan qulluq
etmək icazə verilir. Amma qadın xəstə olarsa kişiyə arvadına qulluq
etmək icazə deyil. Qadın dünyaya uşaq gətiribsə murdar sayılır. Əgər
oğlan doğulubsa onu 7 gün, qız doğulubsa 14 gün murdar sayırdılar. Oğlan
doğmuş qadına 40 gündən, qız doğmuş qadına isə 80 gündən sonra çimmək
icazəsi verilirdi. Bunu yəhudi qanunları məcmuəsi belə yazır.
Qadın iblisin darvazasıdır
Bəşəriyyət tarixində xristianlığın qadına qarşı törətdikləri
xüsusilə fərqlənir. Qadağalara baxmayaraq nə müsəlman aləmi, nə yəhudi,
nə də bütpərəslər qədim xristianlıqdan başlamış yeni dövrə qədər sürən
bu miqyasda qadına nifrət yaratmayıblar. Antik dövrlərin ilahlarını
təsvir edən heykəllərə baxaraq onları «Şeytan kuklaları» adlandıran
din xadimləri nifrət etdikləri idol və qadın arasında paralellər yaradıblar.
Xristianlar qadını bərbəzəkli tabut adlandırırdı. Üstdən gözəldir, içərisi
murdarçılıqla doludur. Xristianlıq yeganə din idi ki, qadına nifrəti
yüksək səviyyəyə qaldıraraq nikahsızlığı, subaylığı təmizlik kimi elan
etmişdi.
Qədim xristianlarda qadına qarşı kəskin pozisiya orta əsrlərdə daha
qabarıq gözə çarpırdı. Onların fikricə qadın bütün bəlaların, günahların,
bədbəxtliklərin mənbəyi idi və bütün bəşəriyyəti günaha sürükləyirdi.
Ona görə də qadın və kişi arasında hər hansı ünsiyyət murdarlıq sayılırdı.
Bu münasibətlər ər və arvad arasında da günah olaraq qalırdı. Tertullian
hesab edir ki, qadın İblisin darvazasıdır, insan qəlbinə yol açır. Qadını
cənnət almasını yeməyə kişini vadar etməkdə günahlandırırdılar. Ona
görə də kişilərin Allahla əlaqəsi kəsilib və yer əzablarını görməyə
məhkum ediliblər. Kişinin Allah olmamasında günah tam şəkildə qadının
boynundadır. Beləliklə ikinci dərəcəli məxluq elan edilmiş qadın bəşəriyyətin
günahlarını kürəyinə şələyib yaşamaqda davam edirdi. Müqəddəs Pavel
deyib: «İstəyirəm biləsiz, hər kişinin başında İsus dayanıb, hər qadının
başında əri, İsusun başında isə Allah. Ona görə də kişi başını örtməməlidi,
çünki o, Allahın obrazı və şöhrətinin simvoludur. Kişi qadından yox,
qadın kişidən törənib deyən kişi qadın üçün yaranmayıb. Əksinə, qadını
kişiyə görə yaradıblar. Ona görə də qadın başını örtməklə mələklərin
görməsi üçün üstündə hakimiyyət nişanı daşımalıdırlar». Xristian dini
kitabları yazır: «Qadınlar Allaha təzim etdiyiniz kimi ərlərinizə tabe
olun. Çünki kişi qadının başında, İsus isə kilsənin başındadır».
Feminizm bir etiraz forması kimi
Əsrlər boyu sürən diskreminasiyalar çavabsız qala bilməzdi.
Sivilizasiyanın səviyyəsi artdıqca qadın onu əzən buxovlardan qurtulmağa
başladı. Cavab olaraq əks reaksiyalar doğurdu. Bu məsələdə Qərb xüsusilə
öndə getdiyindən əks prosesləri burda izləmək daha rahatdı. Nəticədə
əxlaq normaları dağıdılaraq sərhədlər pozuldu. Kişi zorakılığına qarşı
cavab kimi cinslərin bərabərliyini elan etmiş feminizm vüsət aldı. İndi
baryerləri, maneələri tam silmiş ölkələr mənəvi pozğunluq məsələsində
problemlərlə üzbəüz qalıb. Ona görə də ümumbəşəri savaşda kişilər özlərini
qadınlara azadlıq verməklə uduzmuş kimi sayırlar.