Qara gün
Hamı kimi ölmək istəməyənlər
bu günə xüsusi hazırlaşır
Qərbdə onları «survivalist» adlandırırlar. Ruslar isə onlara
«vıjivalşik» deyir. Tərcümədə mənası «sağ qalmaq istəyənlər» deməkdir.
Onlar qızğın şəkildə ərzaq ehtiyatı toplayır, yanacaq, hərbi sürsat
yığır, sığınacaq yerləri yaradır və çağrılmamış qonaqlardan xilas olmağın
yollarını məşq edirlər. Onlar postapokaliptik ədəbiyyatı dəlicəsinə
sevir və birini də oxumamış buraxmırlar. Adi insanlar yaşamağın yollarını
ədəbiyyatda arayarkən onlar ölməməyin yollarını axtarırlar. Çünki onlar
hamı ölərkən sağ qalmaq fikrindədirlər. Onlar axirət günündə sağ qalmağın
mümkünlüyünə də inanırlar.
Nəyin bahasına olursa olsun sağ qalmaq!
Son vaxtlar yaranan filmlər də ki, elə bil sifariş əsasında
çəkilir. Hamı dünyanın sonundan, kataklizmlərdən, fəlakətlərdən danışarkən
bu mövzu kinoya rahatlıqla yol tapdı. Əslində dəhşət filmləri sayılmayan
bu filmlər insanlara dəhşət filmlərindən də dəhşətli gəldi. Çünki bu,
həqiqətə çox yaxın görünürdü. Bəlkə də indi kinomatoqrafdakı filmlərin
əksəriyyəti sağ qalmaq istəyənlərin bir növ sifarişidir. Amma onlar
özləri üçün çıxış yolu axtararkən hamının tanıdığı cığırlarla getmək
istəmirlər. Adi insan üçün hamı öləndən sonra qalmağın özü çox dəhşətli
görünərkən onlar necə olursa olsun sağ qalmaq istəyirlər.
Stalkerlərin zamanı keçdi
Struqatski qardaşları «Yol qırağında qəlyanaltı» əsərini yazanda
təqvim hələ ki, 1976-cı ili göstərirdi. Həmin əsəri ekranlaşdıran məşhur
rejisyor Tarkovski filmin adını «Stalker» qoyur. Bundan sonra fantastika
sanki reallaşmağa başlayır. Artıq 1986-cı ildən sonra «zona» anlayışı
təkcə cəza məssisəsi, türmə demək deyildi. İndi bu sözün başqa mənası
da əmələ gəldi. Filmə baxandan sonra insan ayağı dəyməyə yasaq olan
sirli yerlərə, girişi və çıxışı tamam fərqli meyarlarla ölçülən məkanlara
«zona» deməyin gəlir. Çernobıl atom stansiyasındakı qəzadan sonra onun
ətrafında qadağan olunmuş sirli, qorxulu, cəlbedici olduğu qədər təhlükəli
zonanın yaranması ədəbiyyatda yeni janr – «stalker» janrının tərəfdaşlarının
təxəyyülünü yeni materiallarla qidalandrmağa başladı. Filmə görə «zona»
maymaqları, fərsizləri sevmir. Ona görə də zonaya bələdçilik edən adamın
özü – stalker ölümünə imza atmış adam kimi hər dəfə risk edir və hər
dəfə də geri qayıdıb qayıtmayacağında əmin deyil. Film ekranlara çıxandan
sonra stalker obrazı müasirliyin qəhrəmanları sayılan kəşfiyyatçı, disantçı
kimi riskli peşə sahibləriylə yanaşı qoyuldu. Stalkerlər məchul məkanlara
aparan bələdçilər sayılır. Amma geri qayıda bilsə o, evində, rahat yatağında
yatıb dincələ bilir. Yorulubsa, xəstədirsə, yaxud peşəsindən bezibsə
onun bu işi atmaq imkanı da var. Filmin musiqisində tar Bayatı-Şirazı
çalıb ürəyimizin yağını əridə-əridə belə bir zonanın olduğuna inandırırdı.
İlk survivalist Nuh peyğəmbərdir
İndi təsəvvür edək ki, ətrafımızda hər yer belə bir zonadır.
Heç kim üçün bu zonadan çıxış yeri yoxdur. Və ölüm gələnədək burda qalıb
mübarizə etmək gərəkdir. Bayaq adını çəkdiyimiz survivalistlərin idealogiyası
və konsepsiyası belədir. Bu cərəyan stalkerlikdən daha qoca və daha
da populyardır. Survivalist nəinki qlobal kataklizmə inanan adamdır.
O, həmən günə, həmən ana hazırlaşır. Bu termini ilk dəfə amerikalı publisist
Kurt Sakson ortaya atıb. O, ekstrimal şəraitdə sağ qalmağı öyrədən məlumat
kitabçasının müəllifidir. Amma bir cərəyan kimi survivalizm daha əvvəl
yaranıb.
Nuh peyğəmbəri bəlkə də ilk survivalist saymaq olardı. Yeri su basarkən
nəinki insanların, bütün canlıların xilası naminə çalşan insan obrazı
hələ də aktualdır və yeni-yeni versiyalarda ədəbiyyata, kinoya gəlməkdə
davam edir. O, dünyanın sonuna hazırlaşan insanları həmişə ilhamlandırıb.
ABŞ-da şəxsi nicat gəmilərinin kütləvi şəkildə hazırlanması keçən əsrin
50-ci illərindən başlayıb. O vaxtlar «soyuq müharibə» çox real görünürdü
və minlərlə insanı qorxu içində saxlayırdı. Hər gün dünyanı «qırmızı
kommunizm kabusu» dolaşırdı və əksəriyyəti atom müharibəsinin reallığına
və labüdlüyünə inanırdı. Sadə amerikalılar bombalarda qorunmaq üçün
yeraltı bunkerlər qazır, adam ayağı dəyməyən yerlərdə komalar tikib
həmən bu dəhşətli günü gözləyirdilər. Məktəblərdə mülki müdafiə dərsləriylə
uşaqları bu günə hazırlayırdılar. O vaxtlar dövlət bu kütləvi paranoyanı
ciddi qəbul etmirdi. Onun ağlına da gəlməzdi ki, nə vaxtsa bu cərəyan
nəzarət altından çıxa bilər. 3-cü dünya savaşı təhlükəsi get-gedə gerilədikcə
çoxları əvvəlki kimi qayğısız həyat tərzinə qayıtdı. Amma ümumdünya
kataklizmlərinə ürəkdən inanmış insanlar o qədər də optimist deyil.
Onlar dünyanın sonuna daha də cəhdlə hazırlaşmağa başladılar. Bu dəfə
təhlükə təkcə nüvə partlayışı təhlükəsi deyildi. İndi söhbət bütün dünyanın
sonundan və məhvindən gedirdi.
İnsanın insana etibar etmədiyi bir gün
Survivalist üçün fərqi yoxdu ki, dünya nədən məhv olacaq.
Dünyanın nüvə silahı dağıdacaq, yoxsa yadplanetlilərin atdığı bomba.
Yer kürəsi iqtisadi böhranda çökəcək, yoxsa təbii fəlakətdən, qlobal
istiləşmədən. Onunçün zombiləşmə də təhlükəlidir, adətkarda olduğu sivilizasiyanın
məhv olması da. O, bu hadisədən sonra olacaq sosial xaosdan qorxur və
məhz həmən günə hazırlaşır. Onunçün artıq faktdar ki, mağazalar əvvəl
bağlanacaq, sonra qarət edilib dağıdılacaq. Elektrik cərəyanı tamam
yoxa çıxacaq və kommunikasiya telləri qırılacaq. Hökümət hərbi vəziyyət
elan edəcək, küçələr meyitlərlə dolu olacaq, sonra isə kütləvi epidemiyalar
başlayacaq. İnsanlar nəinki radiasiya, virus və monstrlardan qorunmalı
olacaq, insan insanın özündən təhlükə gözləyir. Belə bir dəhşətli gündə
sağ qalmış insan üçün fərqi yoxdu ki, onu küçədə polis güllə ilə vurub
yaralayacaq, yoxsa onu qaçqınlar üçün ayrılmış düşərgədə aclıq və xəstəliklərdən
öldürəcəklər. Qəddarlaşmış və ümidini itirmiş insanlardan kimsəni normal
saymaq mümkün olmayacaq, çünki onlar bir banka konserv üstündə, ya da
bir tay ayaqqabıdan ötəri özükimisini öldürməyə hazır olacaq.
Survivalizm bax belə bir şəraitdə salamat qalmağın yollarını axtarır.
Çünki o, insanlara etibar etmədiyi qədər də dövlətə inanmır. Bir qab
şorba almaq üçün ucu-bucağı görünməyən növbəyə dayanmış adamlara güclə
nəzarət edən dövlət survivalist üçün qəbuledilməzdir. Çünki təhlükənin
bəlkə də ən böyüyü ordan gəlir. Survivalist gücünü yalnız özünə hesablayır.
Onun mənəvi ehtiyatı uzaqbaşı bir ailəyə, ya da kiçik qrupa çata bilər.
«Triffidlərin günü» (1951), «Otun ölümü» (1956) romanları, «Sıfırıncı
günün təlaşı» (1961) kimi filmlər survivalistlərin az qala İncil səviyyəsinə
qaldırdıqları əsərlərdir. Sonralar bu mövzuda yüzlərlə kitablar yazıldı
və filmlər çəkildi. Sağ qalmaq istəyənlər üçün minlərlə kitabçalar,
yol göstəricilər nəşr edildi. Sovet İttifaqı dağılan kimi müstəqil ölkələrdə
də bu cərəyan işə düşdü. Maraqlıdır ki, 2-ci dünya savaşında mühasirədə
qalma təcrübəsi olan Peterburqda onlar ən çox yayılıblar. Amma onlar
heç vaxt nə ilə məşğul olduqlarını açıqlamırlar və dost-tanışla bölüşmürlər.
Bəzən məşğuliyyətlərinin adını hobbi qoyurlar. Uzaqbaşı anonim niklə
İnternetdə təcrübə mübadiləsi edirlər. Amma gizli yerlərini, tikintilrin
layihələrini heç kimlə bölüşməzlər.
Sonuncu günün repetisiyası
Onları anlamaq olar. Həmin bu qara gün gələndə (onların terminalogiyasna
görə bu gün BP, yəni «Böyük Pe» adlanır) heç kim istəməz ki, illər uzunu
tikib hazırladığın sığınacağa tanımadığın insanlar girsin. Əgər stalker
sirrlərlə dolu, qorxulu zona axtarırsa survivalist balaca təhlükəsiz
«ada» yaradır. Bura evin zirzəmisi, qarajı da ola bilər. Əgər imkan
varsa xüsusi tikilmiş bunker də, meşədə tapılmış mağara da. Bir az əvvəl
ABŞ-da survivalistlər arasında «retreater» adlanın ideya populyar idi.
İdeyanın əsasında kəndə köçüb təsərrüfatla məşğul olmaq dururdu. Amma
onlar anlayırdı ki, hamı kimi sağ qalmaq istəyən fermerlər çağırılmamış
qonaqlara sevinməyəcəkdi. Elə həmin səbəbdən survivalist konservlər
və dənli bitkilər topladığı kimi silah da yığmalıdır. Qanunla icazə
verilmiş ov silahı survivalist üçün postapokaliptik dünyada sağ qalmağın
ideal variantlarından biridir. ABŞ-da tamamilə qanunu yolla bütöv bir
silah arsenalı toplamaq olar. BP günündə hər şey yarayacaq- əlbəyaxa
döyüş fəndləri, bıçaq atma bacarığı, balta və bellə işləmək adəti.
Sağ qalmaq istəyən avtomobili təmir etməyi də bilməlidir, generatoru
işə salmağı və ocaq qalamağı da. Soba tikməyi, vəhşi təbiətdə yemək
tapmağı, suyu təmizləməyi, toxum cücərtməyi bilməyən adam əlbəttə ki,
sağ qala bilməz.
«Köstəbəklər», «nuhlar» və «siçovullar»
Tutaq ki, BP günü (qulaqlara qurğuşun) gəldi. Bəs sonrası
necə olacaq? Məqsədlərinə görə survivalistlər 3 qrupa bölünürlər. Birinci
və ən çoxsayıl hissəni «kostəbəklər» adlandırırlar. Onlar passiv və
etinasızdır. Məqsədləri öz gizlin yerlərində salamaq qalıb gizlətdikləri
peçenyeni xırtıldadaraq çay içib «Hamı ölsə də mən sağ qalacam» devizi
ilə yaşamaqdır. İkinci qism survivalistləri «nuhlar» adlandırırlar.
Onlar nəinki özləri xilas olmaq istəyir, həm də müxtəlif gəmi tipli
üzən qurğular tikirlər ki, daha artıq bir şeylər xilas edə bilsinlər.
Onlar elmin, tərəqqinin nailiyyətlərinə də qiymət verirlər deyən bunları
gələcək nəsillərə çatdırmaq üçün də çalışırlar. Onlar seçim qarşısında
olsalar Şekspirin kitabı əvəzinə bir kanistr benzini tullayarlar. Survivalistlər
arasında «siçovullar» daha təhlükəlidir. Alimlərin fikricə yer kürəsinin
başına bir iş gəlsə bütün canlılar arasında siçovulların ən çox şansı
var ki, planetin yeni sahiblərinə çevrilsinlər. Həmin bu keyfiyyəti
əllərində bayraq edən «siçovullar» da belə davranmağı düşünür. Onlar
indidən gizli cəmiyyətlər yaradır, bir-birinə dayaq olurlar. Onların
planına görə BP günü hamı başını itirib çığıra-çığıra ora-bura qaçarkən
silahı ələ alıb bütün dəyərli yerləri nəzarətə götürmək lazımdır. Mağazalar,
benzin doldurma məntəqələri ilk məqsədləridir. Sonra federal qoşunları
şəhərdən qoparıb muxtariyyat əldə etməkdir. Artıq indidən bu arzuyla
yaşayan bu qruplaşmalar dama-dama köynək geyib «Tenerin gündəlikləri»
kitabını oxuyaraq «Milli atıcılıq assosiasiyası»nın tərkibində ola-ola
ətraflarındakı hər adama düşmən kimi baxırlar. Bu səbəbdən onlar artıq
indidən dövlət tərəfindən ciddi nəzarət altındadırlar.
***
Tərs kimi də maya qəbiləsinin təqvimi 2012-ci ilin 12 dekabrından o
yanı göstərmir. Onların dediyinə görə 5-ci Günəşin zamanı bitir. Dünyanın
sonu gələn günü öncəgörməlik edən müxtəlif sektalar insanların başını
dumanlandıraraq adətən varidat toplamaq məqsədi güdürlər. Dini kitablarda
danışılan axirət günü ilə camaatı qorxudaraq şəxsi həyatlarını təmin
edirlər. Amma onlara inanan yüzlərlə insan köstəbək kimi yer altında
komalar qazıb indidən ora doluşur və dünyanın sonu gələcək gündə özünü
qarantili hiss etmək istəyirlər. Müqəddəs kitablar deyir ki, Allah əvvəl
mömin bəndələrinin canını alacaq ki, qiyamət gününün əzabını onlar görməsin.
Həmən günü sağ qalmağın nə mənası var?..