1 aprel qisməti
Başqasının qəlbinə lap zarafatla
olsa da girəndə rezin çəkmələrinizi çıxarın
Sabah sizi aldadacaqlar. Mütləq aldadacaqlar. Adını zarafat qoyub məsğərəyə
qoyacaqlar. Buraxdığınız adi səhvləri ələ salıb güləcəklər. Sayıqlıq
göstərsəz, yəni zarafat alınmasa pərt olmayacaqlar. Çünki aprelin 1-də
aldatmaq, aldanmaq, hətta axmaq görünmək qəbahət deyil.
Sizdə ağcaqanad piyi var?
Başqasını aldatmağı, ona glməyi hamı sevir, amma ildə cəmi
bir gün var ki, buna görə sənə çımxırmayacaqlar və çox ciddi zarafat
etmisənsə təpəndən qapaz almayacaqsan. Bu günün ən yayılmış zarafatı:
«Kürəyiniz ağa batıb», ya da «Balağınızdan bu nə ipdi ki, sallanır?».
Əgər aprelin əvvəlində Fransaya yolunuz düşsə, kürəyinizə iyvermiş balıq
atsalar inciməyin. Bizim ədəbsizlik sayacağımız bu hərəkət burda ənənəvi
zarafatdır. Fransada bu gün uşaqlar bir-birinin kürəyinə kağızdan kəsilmiş
rəngbərəng balıqlar yapışdırırlar. Obyekt kürəyində yad cismi duyan
kimi ona «Poisson dAvril» (aprel balığı) çığırırlar. Napaleonun ilk
ləğəblərindən biri «Poisson dAvril» idi. Çünki Mari-Luiza Avstriyskaya
ilə aprelin 1-də evlənmişdi. Almaniyada bu bayram məlum deyildi, onu
ölkəyə Qrimm qardaşları öz nağıllarıyla gətirib.
Almaniya və Avstriyada aprelin 1-də doğulanlar uğursuz adam sayırdılar.
Çünki xristian inamına görə İsa peyğəmbəri 30 qəpiyə satmış İuda aprelin
1-də anadan olub və aprelin 1-də İslis lənətlənərək cənnətdən qovulub.
Keçmişdə bu günü kəndlərdə iş dayanır, heç heyvanları da tövlədən buraxmırdılar.
İşsiz qalmış kəndlinin zarafatlaşmaqdan başqa çarəsi olmurdu deyən uşağı
aptekə, ya da tacirin yanına ağcaqanad piyi almağa göndərirdilər.
Axmaqlar, yoxsa axmaqlıq günü?
Aprelin birini həm də axmaqlar günü adlandırırlar. Qərblilər
aprelin birini həm də damdabaca, yəni evinizdə sizinlə birgə yaşayıb
gözə görünməyən varlığın ad günü sayırlar. Aprelin birini beynəlxalq
bayram saymaq olar. Çünki axmaqlar hər yerdə var. Bəziləri onu gülüş
günü, bəziləri isə axmaqlar günü adlandırır. Həmən bu gün ki, təqvimin
91-ci günüdür və ilin sonunə hələ 274 gün qalıb. İmkan düşən kimi hamı,
hətta ən sərt adamlar da zarafatlaşmaq istəyir. Bu gün hər cür zarafat
keçərlidir və əksəriyyəti də zarafatın qurbanı olarsa hirslənmir və
sonunda mütləq gülümsəyir.
İlkin, ibtidai axmaqların hansı ölkədən çıxdığı məlum deyil: ya Fransadan,
Meksikadan, ya İngiltərədən, ya da İsveçrədən. Bu bşəriyyətin cavab
axtardığı böyük bir sirrdir. Əlbəttə, yazqabağa hamının zarafat eləməyi
gəlir.
«Məzhəkəçilərin azadlığı»
Bu bayramın hardan gəldiyini dəqiq heç kim xatırlamır. Deyilənə
görə bu bayramın kökləri Qərbin orta əsrlərdə karnaval-balaqan əyləncələrinə
gedib çıxır. Düzdü, qədim Romada axmaqlar gününü fevralda qeyd edirdilər.
Bəziləri isə deyir ki, aprelin 1-ni qeyd etmək martın 31-də Hindistanda
zarafat bayram kimi tanınan ənənəyə gedib çıxır. Bəziləri deyir ki,
bu günü təkcə irlandlılar qeyd edirmiş. İsland saqaları xəbər verir
ki, aprelin 1-də adam aldatmaq Timassın qızı Skadeyanı anmaq üçün allahlar
tərəfindən insanlara həvalə edilib.
Başqa bir fərziyəyə görə aprelin 1-də zarafatlaşmaq yeni ilin təqvimdə
yerini dəyişməsiylə bağlıdır. 16-cı əsrin ortalarınacan Avropanın yeni
ili martın axırından başlanırdı. Yeni ili aprelin 1-də qarşılayırdılar.
Fransız kralının əmri ilə yeni ili yanvarın 1-nə keçirəndən sonra bəziləri
apreli bayram etməkdə davam edirdi. Köhnə ənənələri aradan götürməkçün
belə adamları aprel axmaqları adlandırırdılar ki, onlar yeni təqvimə
könüllü qoşulsunlar. Ələ salıb gülmək deyilənə görə o vaxtdan qalıb.
Həmin vaxt günəş Balıq bürcündə idi və fransızlar «aprel balığı» adını
bayrama layiq bildilər. Vekiorian təqviminin Qriqoryan təqviminə keçidindən
bizə miras qalmış aprelin 1-i Şotlandiyada 48 saat davam edir.
Fransanın balıq bayramı İngiltərədə böyüyüb axmaqlar gününə çevrildi.
Gecə 12-dən tutmuş günortaya kimi hər kəsin zarafat etmək haqqı vardı.
Tələyə düşənləri elliklə aprel axmağı adlandırırdılar. Hələ 1860-cı
ildə Londonda aprelin 1-də möhtəşəm zarafatlar edilirdi. Yüzlərlə zabitəli
ingilis lordları və lediləri dəvətnamə almışdı. Dəvətnamədə onları Tauerdə
keçiriləcək ağ şirlərin illik yuyulma mərasiminə dəvət edirdilər.
Rusiyada aprelin 1-ni 1-ci Pyotrun zamanından qeyd edirlər. Bir gün
aprelin 1-də şəhər yanğın siqnalından oyandı və hamı ora-bura qaçışmağa
başladı. Sonra məlum oldu ki, həyəcan yalançı imiş. Aprelin 1-də sarayda
tamaşa göstərməli olan alman truppası zalda çarın olmasına baxmayaraq
səhnəyə tamaşa əvəzinə üstündə «Aprelin biri heç kimə inanma» yazılmış
transparant çıxardı. Çar əsəbləşmədi və bunu «məzhəkəçilərin azadlığı»
adlandırdı.
Ən axmaq 1 aprel zarafatları
2001-ciildə Vermont şatatının sakinləri ağıllı başlı stress
keçirmişdilər. Yerli radiostansiyaları fermaların birində dabaq xəstəliyinin
epidemiya halına keçməsi barədə xəbər yaydı. Bu xəbət rəsmi şəkildə
və təksibsiz 4 saat dalbadal təkrar olunurdu. Şəhərdə çaxnaşma düşməsəydi
yəqin xəbər günün sonuna qədər əvvəlki tempdə yayımlanacaqdı.
Bəzi ölkələrin qanunvericiliyi aprel zarafatları barədə qabaqcadan xəbər
verməyi nəzərdə tutur. Yəqin bu, aprelin ilk günündə Amerikada SNN-dən
tutmuş MTV-yə qədər bütün kanalların ticarət mərkəzlərində siqaretlərin
yığışdırılması barədə xəbər yayandan sonra baş verdi. Xəbər bütün standartlara
cavab verirdi deyə ona minlərlə insan inanmışdı. Britaniyada isə «Sandi
Teleqraf» estradadan bütün parodiyaları yığışdırmaq barədə xəbər yayımladı.
Guya ki, bu, müllif hüquqlarını pozur. Britaniyanın ən yaxşı parodiyaçıları
aksiyaya hazırlaşmağa başlamış, redaksiya minlərlə hiddət məktubu almışdı.
Küveytdə də telekanallar adamların incə hissləriylə oynamağa cəhd ediblər.
Aprelin birində elan edildi ki, əmir paytaxtın 2 nəhəng binası, El-Küveytin
fəxrini əyalətə köçürmək fikrindədir. 187 və 121 metrlik binaların sökülməsinə
tamaşa etməkçün on minlərlə adam yığışmışdı. Kiprin radiostansiyaları
düz bir gün, əlbttə ki, həmin bu adlı-sanlı 1 aprel günündə belə bir
günün heç olmadığını sübuta yetirməyə cəhd etmişdilər. Bu zarafatı gerçəkləşdirməyə
aktyorlar, adlı-sanlı jurnalistlər, alimlər dəvət edilmişdi. Onlar müxtəlif
çətin riyazi formullarla «minilliyin səhvi»ni aradan qaldırıb aprelin
1-ni ləğv etməyi təklif edirdilər. Yəni ki, təqvimdə martın 31-dən sonrakı
bir gün artıq göstərilib. Ötən illərin birində Nazarbayevin qızının
kosmosa uçacağı barədə xəbər yayıldı. Guya o, yeni televiziya peykinin
açılışında şəxsən iştirak etməyi arzulayırmış. Amma təəssüf ki, cəmiyyət
bu xəbərə reaksiya vermədi. Qazaxstanın vətəndaşları indiyədək əmindir
ki, bu məmləkətdə hər şey ola bilər.
Keniyada 1 apreldə jurnalistlər zarafat olaraq Kenkon (təbii ki, uydurulmuş
addır) firmasının reklam xətrinə havayı mobil telefonlar paylayacağı
xəbərini yaydılar. Telefonun internetə çıxışı, videokamerası və televizoru
da olacağı elan edilmişdi. Az keçmiş redaksiya öz telefonlarını kəsməli
oldu. Çünki zəng edənlərin əlindən rahat oturmaq olmurdu. Hətta parlamentin
5 nəfər üzvü də telefon tələb edənlərə qoşulmuşdu. Britaniyada jurnalistlər
qaynar buzun olması barədə xəbər verən kimi kafelərdə guya ki, mikrodalğalı
sobada da əriməyən buzu tələb etməyə başladılar. Britaniya jurnalistlərinin
nüfuzu bizimkindən dəfələrlə artıqdı. Çünki onlar şəhər meriyasının
kasıbladığı barədə və pul qazanmaq xətrinə vağzal və metroları satdığını
yazan kimi hamı buna inandı. Yazılana inananlar vağzalı öz adına keçirmək
üçün planlar da cızmağa başladı. Həzəd aparacaq dərəcədə vəfalı olan
ingilis oxucusuna deyəndə ki, aprelin 1-də «Titanik»in dəqiq kopyası
dənizə çıxacıq və hətta sahildən görünəcək minlərlə insan sahilə cumdu.
Dəniz mühafizəsinin işi birə min qat artdı.
1996-cı ildə «Taco Bell» şirkəti elan etdi ki, ölkənin börclarını azaltmaq
məqsədilə azadlıq heykəlini alıb adını «Taco Liberty Bell» qoyacaqlar.
Musiqidən yazan jurnalimtlərin «Apple» şirkətinıni «Beatles» qrupunu
alması barədə xəbər musiqi dairələrində hələ də dolaşmaqdadır.
1915-ci ildə Birnci Dünya savaşı zamanı alman düşərgəsinin üstündə fransız
təyyarəsi göründü və iri bir bomba atıldı. Can hayında olan əsgərlər
hərəsi bir yana soxuldu. Amma bomba partlamadı. Onun üzərində «1 apreliniz
mübarək» yazılmışdı.
Aprelin birində olunmuş ən uğurlu zarafatlardan biri 1957-ci ilə Bi-Bi-Si
telekompaniyasının efirə buraxdığı zarafat saylır. Verilişdə İsveçrədə
görünməmiş makaron məhsulundan danışılırdı. Süjetdə tarlada bişmiş makaron
toplayan kəndlilər göstərilir, diktorun kadrarxası səsi kənd təsərrüfatınnı
yeni nailiyyəti- eyni ölçüdə yetişdirilmiş makaronlar barədə xəbər verirdi.
Bunun seleksiya nəticəsində baş verdiyi deyilirdi. Verilişdən sonra
redaksiya çoxlu məktub aldı. Bəziləri makaronun üfüqi yox, şaquli bitməsində
heyrətlənirdi. Bəziləri toxum göndərməyi xahiş edirdi. Bəzi məktublarda
isə bir qədər çaşqın tonda təəccüb ifadə olunurdu. Axı onlar indiyədək
makaronun undan hazırlandığını düşünürdülər.
«Komsomolskaya pravda» qəzetinin aprel zarafatından bəlkə də 15 il keçir,
amma həmin məqalə şaiyə şəklində hələ də insanların beynindədir. Guya
hardasa Çukotkada, buzun altında donub sonra əriyəndən sonra ordan salamt
çıxmış və hazırda Moskva zooparklarının birində ot gövşəyən mamont balasından
yazılmışqdı. Bu xəbəri indiyədən sarı mətbuat səhifələrində yeniliklər
bölməsində oxumaq olar. 1990-cı ildə isə «Sobesednik» jurnalı guya ki,
elmi tərəfdən tam sübut olunmuş fakt kimi Aleksandr Blok adlı şairin
heç yaşamadığı barədə xəbər yaymışdı. Ölkənin onlarla ciddi, elmi dərəcəli
alimləri həftəlik dərgi ilə polemikaya qoşulmuşdu.
Odessa meri: «Qoy zarafatımız xeyirxah, dualarımız ağıllı olsun»
Hazırda hər il zarafat şəhəri kimi tanınan Odessada aprelin 1-də Yumorina
adlı satira və yumor bayramı keçirilir. 1 aprel bayramı karnavallı,
karikaturaçıların sərgisi, küçə konsertləri və kostyumlu iştirakçılarla
baş verir. İlk dəfə bayram 1973-ildə keçirilib. Sovet zamanı bu bayramın
miqyasında qorxub onu qadağan etmişdilər. İndi bu bayram çox təmtəraqlı
və çox şən keçirilir. Həmin günü odessalılar işləmir və şəhərdə rəsmi
şəkildə bayram günü elan edilib. Aprelin 1-i xristian dini bayramları
ilə üst-üstə düşdüyündən kilsə onu heç qəbul edə bilmir. Çünki Pasxa
qabağı adamlar oruc tutub dua etmək əvəzinə zarafatlaşmağı başlayırlar.
40 ilə yaxın müddətdə Odessa bayramının öz yumoristik pulları əmələ
gəlib. Pulların üstündə belə yazılırdı: «Bunlar qəlp, amma əsil Odessa
puludur. Odessa pullarının üzünü çıxarmaq uğur tərəfindən təqib edilir.
Bu pula yumor, rəğbət və minnətdarlıq hissləri almaq olar. Bu pullarla
verilmiş rüşvət cəzalı deyil». Odessa pulların ən məşhurları: 1 dyuk
(üstündə Dyuk Rişelyenin Dənizkənarı parkdakı abidəsi əks edilib), 1
yeltsin (üstündə Yelsinin Nyu-Yorkün Azadlıq abidəsi üstündən uçması
təsvir edilib), 1 katenka(Odessada 2-ci Ekaterinaya qoyulmuş abidə təsvir
edilib), 12 krujeyro (üstündə 12 pivə krujkası təsvir edilib və samaqon
və pivə bişirməyə qarşı olmayan qanun layihəsi çap edilib), 1 mat (şaxmat
qrossmeysterləri taller və Qellerə ithaf edilib), 1 pistol (makarov
pistoleti təsvir edilib), 7 lir (7 ədəbiyyat xadiminə ithaf edilib),
1 soldo (Üzərində Odessa opera teatrı), 3 şişlinq (üzərində 3 şiş pulun
hər iki tərəfiəndə çəkilib).
«Qırmızı burunlar günü»
Zarafat bir yana, amma zarafatla da pul qazanmaq olar. Necə
ki, dünya «Qırmızı burunlar günü» aksiyası ilə qazanır. Həmən gün bütün
tədbirlərdə toplanan vəsaitlər ehtiyacı olan ölkələrdə xəstəliklər və
aclıqla mübarizəyə yönəldilir. Bu tədbir 1985-ci ildən keçirilir. Amma
aprelin havayı zarafatlarındansa məqsədyönlü şəkildə zarafatlaşmaq da
olar. Bu günü ingilislər milyonlarla qırmızı kloun buruncuqlarına alaraq
kimsəsizlərə, ehtiyacı olanlara maddi kömək edirlər. Öllkədə minlərlə
xeyriyyə aksiyaları keçirilir. «Qırmızı burunlar» tədbiri ilk dəfə efirə
1988-ci ildə çıxanda hələ ki, 12 milyon funt yığmaq mümkün olmuşdu.
İndi isə bu tədbirin gəliri dəfələrlə çoxdur. 2001-ci ildə ingilis aktyoru
Cek Di bayram günündə realiti şounun qalibi olan vaxt bu gün Britaniya
tarixinə özünə qəsdlər olmamış bir tarixi gün kimi daxil oldu. Belə
günlərdə hətta abidələrin də burnuna qırmızı buruncuq keçirilir.
Aprelin 1-də…
Yeni orleanlı biznesmen Oliver Pollok dollar işarəsini aprelin
1-də uydurub. 1803-cü ilin aprelin 1-də fransız hökuməti uşaqlara təqvimdə
olmayan gün adları verməyi qadağan edib. 1853-ci ildə Tsinsinatidə ilk
dəfə yanğınsöndürənlərə maaş verməyə başlayıblar. 1875-ci ilin aprelin
1-də Tayms qəzeti həftəlik hava proqnozu vermiş ilk qəzet oldu. 1889-cu
ilin aprelin 1-də Çikaqoda ilk paltaryuyan maşın satışa çıxarıldı. İlk
trolleybus da aprelin birində relsə çıxıb. Aprelin 1-də rəssam Pol Qoqen
başını götürüb Marseldən Taitiyə gedib. Antuan de Sent Ekzüperi ilk
hekayəsini aprelin 1-də çap edib. İlk dəfə faşist Almaniyası yəhudi
mağazalarının baykotuna aprelin 1-dən başlayıb. Yad planetlilərin şəkli
də ilk dəfə aprelin 1-ndə işıq üzü görüb. Bu da tarixə düşmüş zarafatlardan
idi. Niderlandda ilk dəfə bircinsli nikahlar aprelin 1-də qeydə alınıb.
Google-nin poçtu Gmail də aprelin 1-də açılıb. 1979-cu ilin aprelin
1-də ümumxalq referendumu nəticəsində İran islam respublikası elan edildi.
Day bu boyda zarafatmı olar?..
***
Zarafat var, zarafata oxşamır. Hamı bilir ki, aprelin 1-də nə fiziki
qüsura, nə maddi duruma, nə insanın sosial statusuna gülmək olar. Bəzi
şeylər var ki, heç zarafat günündə də senzuradan keçmir. Zarafatın öküz
kimi, fil kimi, meymun kimi edilmə üsulları da var. Zarafat insani olarsa
ona yəqin ki, hamı güləcək, ya da heç olmasa gülümsəyəcək. Deyirlər
bir dəqiqəlik gülüş bir kiloqram yerkökü qədər xeyirlidir. Güləcəiniz
dəqiqələri bazar qiymətlərinə vuranda ağıllı-başlı kapital toplanır.