Dünya qəddarlaşır!(?)
Bütün dünyada bərqərar
olmuş sülhə inanmasan yaşamaq çətin olur…
Silahlar guruldayanda qanunlar susur.
Mark Tsiseron
Xəbərlərə baxırsan, hər yerdə zorakılıq, qətl, ölümlər, çağırışlar
və insan iztirablarıdır. Bu hər gün dayanmadan baş verir və insanın
psixikasında izlər qoyur. Hamıya elə gəlir ki, dünya gün-gündən qəddarlaşır.
Elə bil ki, 100 il əvvəl hər yer gül-çiçək içindəydi, güllə səsi eşidilmirdi,uşaqlar
aclıq çəkmirdi, qan su yerinə axmırdı. Uzaqbaşı təbii fəlakətlər, zəlzələlər,
su basmaları olurdu. Keçmişə idealist baxışlarla baxmaqdan əvvəl yaxın
keçmişi bir az araşdıraq.
Müharibə qalibiyyətə
aparan fəlakətlər silsiləsidir.(Jorj Klimanso)
21 əsr başlayan kimi hamıya elə gəldi ki, yer kürəsi müharibələrdən
inildəyir. Əfqanıstan və İrakda konflikt, Somalidə küçə döyüşləri, Pakistanda
islamçı üsyançı dəstələr, Konqodakı qırğın, Sudandakı genosid. Bu azmış
kimi ərəb inqilabları da hər şeyi alt-üst elədi. Hazırda dünyanın 18
bölgəsində daimi döyüşlər gedir. Bütün bünlar dünyanın son dərəcə təhlükəli
olduğunu təsdiqləyir. Bir neçə il əvvəl amerikalıların 60 faizi 3-cü
dünya müharibəsinin qaçılmazlığına əmin idi. Hətta 11 oktyabr terroru
baş verməmişdən əvvəl də amerikalıların ürəyi əsirdi, işıqlı gələcəyi
görmürdülər. Elə həmin ilin əvvəlində politoloq Ceyms Bleyt və ABŞ-ın
müdafiə naziri Robert Maknamara 21-ci əsrdə ildə 3 milyon adamın öləcəyini
proqnozlaşdırmışdılar.
Hələ ki, onların proqnozu reallıqdan çox uzaqdır. Əgər Oslo Sülh İnstitutunun
məlumatlarına inansaq sonuncu on il ən sakit illərdir. Yeni əsrdə hər
il hərbi əməliyyatlarda 55 min adam qırılır. Bu 1990-cı ildən iki dəfə,
soyuq müharibə (1950-1989-cu illər) zamanından isə üç dəfə azdır. Bu
günün insan tələfatı İkinci Dünya Savaşından 100 dəfə az olsa da adamlar
dünyanın qəddarlaşması fikrindən əl çəkmirlər.
Hərbi münaqişələrin həcmi dəyişib. Böyük ordular arasında əməliyyatlar
soyuq müharibəylə birgə artıq keçmişdədir. Bununla birgə insanların
kütləvi qırğını qorxusu da yavaş-yavaş çəkilir. Bu günün partizan müharibəsi
nə qədər qəddar və nəzarətsiz olarsa bu, Leninqradın mühasirəsi qədər
miqyaslı ola bilməz. Sonuncu böyük münaqişə, Koreyada müharibə 60 il
əvvəl bitdi. Ərazi uğrunda Efiopiya və Eritriya arasında davamlı hərbi
əməliyyatlar da 10 il olar ki, bitib. Ara sıra vətəndaş müharibələri
alışır, amma bu da keçən əsrlə müqayisədə dörddə bir dəfə azalıb. Bəs
niyə biz bunu hiss etmirik? Çünki keçmişdə uzaq ölkədə gedən müharibə
əlçatmaz idisə indi kompüter əsrində düyməni basan kimi hərbi əməliyyatlar
real səsi ilə evində, kompüterinin monitorunda baş verir. Xəbərlər də
operativləşib, mobil telefonlar isə hadisə yerindən birbaşa reportaj
hazrlamağa imkan verir. İndi vətəndaşlar hərə öz çantasında bir kamera
gəzdirir və hardasa hərbi əməliyyat baş verən kimi hamı həmin andaca
reportyorlara çevrilir və 10 dəqiqə keçməz bütün bunları internetdən
izləmək olur. Belə informasiya ilə rəftar haqqında ictimai fikir də
dəyişib. Keçmişdə avtomobl qəzası olarsa vətəndaş köməyə tələsirdi,
indi isə yanar maşının içində qovrulan adamın iztirablarını kameraya
almağa girişir. Harvard psixoloqu Stiven Pinker deyir ki, «Zorakılıqlar
bizim özümüzü təmizə çıxarmaq, yaxud zorakılığı vəsf eləmək istəyimizlə
birgə azalır. Ona görə də tarixin gözündə o qədər də qəddar olmayan
hərəkətlər bizə nə qədər alçaldığımızı göstərir. Amma kimsə dəyərlərin
yüksəldiyini düşünmür».
Biz bir-birimizin uğrunda
vuruşmaqdan əl çəkən gün adamlıqdan çıxacağıq. (Enzberq)
Müharibələrin dinc əhaliyə qarşı daha da qəddarlaşdığını düşünürük.
Rəqəmlərsə başqa şey deyir. Məsələn 2010-cu ilin fevralında əfqan bölgəsi
Mərjdə NATO-nun hərbi əməliyyatları nəticəsində 9 nəfər dinc əhali qurban
getmişdi. Böyük qalmaqal oldu və ölkə prezidentinə üzürxahlıq elədilər.
Bu fakt göstərir ki, müharibələrdə dəyişikliklər çoxdur. İkinci dünya
savaşında Drezdendə, Tokioda minlərlə dinc əhali qırılırdı. Bu təsadüən
deyil, taktiki hərəkət nəticəsində olmuşdu. Almanlar milyonlarla qırırdılar.
Bu gün dinc əhali zərbə altında olanda onların köməyinə gələnlər də
çox olur. Humanitar yardım fondları, qaçqınlara kömək edən qurumlar
və s. 1990-cı ildə məcburi köçkünlərə 150 dollar ayrılırdısa 2006-cı
ildə bu rəqəm 2 dəfə artdı. Qumanitar yardımın ümumi məbləği 1990-cı
ildə 2 milyard idisə, 2000-ci ildə 6 milyarda, 2008-ci ildə isə 18 milyar
dollara qədər artdı. Belə çıxır ki, müharibə zonasında olanlar üçün
o, nisbətən insaflı olur. Amma hamı bunun əksini düşünür. Dünya Bankının
məruzələrində deyilir ki, müasir müharibələrdə ölümlərin 90 faizi dinc
əhalinin başında çatlayır. Bu keçən əsrin hadisələrinin tam əksidir.
Bu, əsrlərin qovşağında hərbi əməliyyatların mahiyyətinin dəyişməinin
göstəricisidir. Əslində bu özü də mifdir. Daha dərin araşdırmalar göstərdi
ki, müharibə zolağında dənc əhali və hərbiçilərin qırılması rəqmələri
həmişəki kimi 50-50-yədir. Bu rəqəmlər bir neçə əsrlərdir ki, dəyişməz
olaraq qalır. Əlbəttə, müharibə zolağında yaşayanlar üçün bu rəqəmlər
yaxşı heç nə vəd vermir. Amma ümumi, dünya miqyasında biz hərbi zonaların
dinc əhalini qorumağı və qayğısına qalmağı öyrənmişik.
Əsil müharibə heç kimə
lazım deyil, hamıya nifrət lazımdı. (Maks Friş )
Müharibələrin get-gedə artdığını təkid edirlər. Amma zaman
göstərdi ki, texnoloji irəliləyişlər müharibələri nisbətən az qəddar
edib. Bu gün hansısa rayonda əməliyyat lazımsa bunu pilotsuz bombardmançılar
vasitəsilə edirlər. Keçmişdə isə buna böyük hərbi əməliyyat lazım gələrdi
ki, nəticəsində dinc əhali və onun varidatı məhv olardı. Səyyah tibbin
inkişafı hərbi əməliyyatları iştirakçılar üçün nisbətən zərərsiz etməyə
kömək edir. ABŞ-da hərbi əməliyyat zamanı məhv olmağın faizi Dünya müharibəsindəki
30 faizlik rəqəmdən İrak və Əfqanıstan əməliyyatlarındakı kimi 10 faizə
enib. Amma bu da əlil və müharibə veteranlarının artması deməkdir. Yəni
onlara yardım və qayğıya çəkilən xərc də artıb.
Bir az əvvəl politoloqlar təkid edirdi ki, dünyada sülh üçün cəmi bir
hegemon dövlətin olmağı (yəni Amerikanın) yaxşıdır. Güc müxtəlif ölkələrə
keçəndə müharibələr çox olur. Amma zaman göstərdi ki, Amerikanın hərbi
gücü azaldıqca bölgələrdə münaqişələr də azalır. Dünyada hegemonluq
istəyinin bəşəriyyət üçün nə boyda fəsadlı ideya olduğunu biz artıq
bilirik.
İndi dünya Çinin hərbi qüvvələrinin artmasından qorxmağa başlayıb. İndi
Çin hərbi modernləşməyə hər il 100 milyard vəsait ayırır. Bu, onu dünya
heqemonluğu uğrunda mübarizədə Amerikadan sonra ikinci yerə çıxarır.
Amerika isə hərbi qüvvələrə ilə 700 milyard xərcləyir. Çin dünyanı hərbi
qüvvəsi ilə deyil, iqtisadiyyatı ilə artıq əsarət altına alıb. Çünki
son 25 ildə Çin ordusu bir dənə də güllə atmayıb.
Biz müharibəni bitirməsək
o bizim axırımıza çıxacaq. (Herbert Uels)
Hamıda elə təsəvvür var ki, dünya demokratikləşdikcə müharibələr
yə azalır, ya da azalacaq. Bu da səhv təsəvvürdür. Bir köhnə ifadə var:
əsil demokratlar heç vaxt bir-biriylə müharibə etmir. Amma demokratlar
böyük məmnuniyyətlə qeyri demokratların üstünə cumur. Demokratiyanın
ayaq basdığı yerlərdə etik, milli vasitələrlə münaqişələr yaranır. Bu
da qarşı tərəfi öz hakimiyyəti və ümumdünya sülhü saxlamaq naminə bəzi
güzəştlər etməyə vadar edir. Onsuz da müharibəni eqoistlər başlayır,
bütün ağırlığı çiyinlərində daşıyan xalq isə çox vaxt döyüşə tələsmir.
Bunu sakit ölkədə, müharibədən uzaq olan vətəndaşlar anlaya bilər, əsrlər
boyu Yaponiya və Ameriaya nifrət bəsləyən Çində deyil. Nifrət etmək
hələ ki, müribə etmək deyil ki…
Xalqlar müharibədən
adamlar ölümdən qorxduğu qədər qorxmalıdırlar. (Jül Renar)
Hardasa münaqişə qopan kimi adama elə gəlir ki, bütün sülhsevər missiyalar
hamısı birdən qırılırlar. Onlar sanki münaqişə zamanı deyil, artıq hər
şey həll olandan sonra peyda olur. 1990-cı illəri «mavi dəbilqəlilərin
bumu» sayırlar. Bu illərdə BMT-nin 15 sülhsevər missiyası əmələ gəldi.
Əmələ gələn kimi də sülhsevərlər dalbadal uğursuzlağa tuş gəldilər:
Somalidə aclıqla mübarizə zamanı vətəndaş müharibəsinə qoşuldular, Ruandada
sülhsevərlər nə qədər çalışsalar da yarım milyonluq genosidin qarşısına
ala bilmədilər, Bosniyada «təhlükəsiz zona» yaradılsa da sülhsevərlər
lazımi anda işə qarışmamaq qərarı verdilər. Bunun nəticəsində 7 min
adam, körpə uşaqlarla birgə məhv edildi. Sülhsevərlərin Namibiyada,
Mozambikdə də uğursuzluqları olub, bu barədə heç kim danışmağı sevmir.
Amma uğursuzluqlar nəticə çıxarmağa imkan yaratdı. İndi sülhsevərlərin
kifayət qədər gücü və hərbi avadanlığı var ki, harda və necə lazımdısa
hərbi əməliyyat keçirə bilsin. İndi 100 minlik mavi dəbilqəlilər ordusu
var ki, 15 missiya ətrafında yerləşdirilib və onlar artıq sələflərinin
səhvlərini təkrarlamırlar.
Ya bəşəriyyət müharibənin,
ya da müharibə bəşəriyyətin axırına çıxıcaq. (Con Kennedi)
Belə fikir də var ki, müharibələr heç vaxt bitməyəcək. Adam bu fikri
dilinə gətirmək istəmir, amma hələ ki, insan qırğını davam edir. 2004-ci
ildə Sülh İnstitutu dünyada 14 münaqişəni xroniki adlandırdı, yəni ki,
onların həlli ya yoxdur, ya da hələ ki, görünmür. Amma 6 il keçmiş münaqişələrin
əksəriyyəti (İsrail-Fələstin, Somali və Sudan hələ ki, tərslik edir)
demək olar ki, bitmək üzrədir. Arabir ocağa yağ tökənlər olmasa yəqin
ki, bütün münaqişələr öz həllini tapa bilər. Biz bundan artığını əldə
edə bilərikmi? Dünyanı müharibəsiz görmək mümkün olacaqmı? Ola bilər
biz bundan hələ ki, uzağıq. İnsanları müharibə zonasında müdafiə edən
normalar insanların özündən daha sürətlə inkişaf edir. Bir vaxtlar dünya
özünü quldarlıqsız və kaloniyasız təsəvvür etmirdi. Bir neçə əsr bundan
əvvəl quldara desəydin ki, vaxt gələcək sənin nəticələrin əzab verdiyin
qulların balalarıyla bir süfrədə oturacaq və hətta evlənəcəklər o, bunu
anlamazdı. Zarafat bilib gülərdi. Ola bilər ki, nə vaxtsa, bizim də
nəvələrimiz müharibəyə qızışmış babalarının həyat tarixcəsindən utanacaq
və zaman gələcək ki, savaşan insan obrazı artıq qəhrəman olmayacaq.
Belə olmasa bəşəriyyət öz-özünü qırıb qurtaracaq. Döyüş meydanlarındakı
teatral çıxışlar həmişə tamaşaçısız ötüşür.
Sülh zamanı oğullar
ataları dəfn edir, müharibədə isə atalar oğulları. (Herodot)
Nə olsun ki, Mussolini «Millətin sağlam şalması üçün o, hər 25 ildən
bir döyüşməlidir» deyirdi. Bizim də həll edilməmiş münaqişəmiz var.
Artıq anasının-atasının həsrətlə danışdığı torpaqları yalnız xəritədə
görən bir nəsil yetişib. Onlar da valideynləri kimi bu torpaqda yaşamaq
istəyirsə erməni ilə qapı qonşusu olacağı və bir-birinə bayram payı
göndərəcəyi bir günü qəbul etməlidir. Başqa fikirlərlə o torpaqlara
qayıtmaq mümkün olmayacaq. Daha yüz il sonra, dünya üzrə torpaq uğrunda
müharibələr bitdikdən sonra söhbət uzaq qalaktikalara səfərlər zamanında
«Mənim babamı siz güllələmisiz!» arqumenti gülünc səslənəcək. Ardını
yaşamaqçün pislikləri unutmaq lazımdı. Oskar Uayld demiş «Nə qədər ki,
müharibə nöqsan, əskiklik sayılırsa öz cazibəsini itirmir. Onu bayağı,
şit sayan kimi populyarlığını itirəcək».