Kiborq uşaqlar
Heç bir emosiya yaşamayan
adamlar üçün dünyanın bütün musiqiləri də eyni cür səslənir
Mən dünyanın ən hörmətsiz və maddi cəhətdən ən az qiymətləndirilən 2
işi ilə birdən məşğul oluram.Uşaqlara musiqi dərsi deyirəm və dövrü
mətbuatda yazıram. İki peşə ilə paralel məşğul olmaq mənə cəmiyyətdə
baş verən hadisələrin uşaq psixikasında və zehni fəaliyyətində buraxdığı
izləri müşahidə etmək imkanı verir. 18 illik pedaqoji stajım zamanı
ilk dəfədir ki, böyük təşvişdəyəm. Sanki sonu görünməyə uzun bir tuneldə
kor-koranə irəliləyirəm. Mən həmişəki kimi dərsimi deyirəm, amma səsim
dəmir borunun içində deyilirmiş kimi səslənib, divarlara dəyib üstümə
qayıdır.
Zəmanə dəyişib, ya mən dövrlə ayaqlaşa bilmirəm? Həmişə bu sözləri cavanların
yeni maraqlarını başa düşməyən yaşlı nəsil üçün deyirdilər. Caz, rep,
rok-n-roll, lap elə meyxana olsun bütün bu yeniliklər sonunda maraqlı
nəticələr verirdi. Amma bizim halda, yəni ki, azərbaycanlı orta məktəb
şagirdləri arasında elə bir proseslər gedir ki, onu anlamaqda acizlik
içində çiyinlərimi çəkməkdən savayı işim qalmır. Bilikli ya da biliksiz,
dəcəl, ipə sapa atmayan, key, qavrayışı zəif uşaqlar həmişə olub. Amma
zəiflər sinfin müəyyən, özü də azlıqda olan hissəsini təşkil edirdi.
Adətən təhsilin sonuna yaxın bu uşaqlar musiqidə yararsız olduğunu anlayıb
musiqi məktəbini atır, ya da dartınıb irəlidə gedənlərə qismən də olsa
çatırdılar. Mən kütləvi debilləşmə prosesinin arxasında hansısa himayədar
qüvvələrin olması fikrindən dəhşətə gəlirəm.
Musiqi qavrayışının əsasında uşağın beynində emosiya və duyğular əsnasında
yaradılmış obrazlarla iş prosesi durur. Yəni səslənən musiqinin şən,
qəmgin, inqilabi, ehtiraslı, şəffaf, həzin və s. olmasını obrazlar vasitəsilə
uşağın beyninə salırıq. Ürəyi olmayan, daha dəqiq desək heç bir emosiya
yaşamayan adamlar üçün dünyanın bütün musiqiləri də eyni cür səslənir.
Bu, kor adamın alma rəsmini çəkməsi kimi bir şeydir. Ona nə qədər desən
ki, alma yumru olur, bəzən bir qırağı qırmızı, bəzən tam yaşıl olur
və ortasında çəyirdəyi də var – bütün bunlar onun üçün söz yığınıdır.
Çünki o almanı heç vaxt gözləriylə görməyib. Elə həmin səbəbdən də indiki
uşaqların beynində heç bir musiqi ilişib qalmır. Onlar Qarabağ şikəstəsi
səslənəndə «Bu Şopen, ya da Baxın musiqisidir» deyə, səhv olduğunu biləndən
sonra isə pıqqıldaşıb gülə də bilərlər.
Mən Şopenin dəfn marşını musiqi ədəbiyyatı fənnindən öyrənməmişəm. Uşaqlıqda
Bakıda yaşayan başqa millətlərdən olan adamların basdırılma mərasimini
görmüşəm. Tabutun ardıyca gedən nəfəs orkestri adətən Şopenin dəfn marşını
çalardı. Başqa bir marşı, Mendelsonun «Toy marşı»nı isə bizim zamanın
ən məşhur nikah evi olan Səadət sarayında eşitmişdim. Əzəmətli sarayın
pillələrini «Toy marşı» altında qalxdıqca özünü lap kraliçə kimi hiss
edirdin. İndi kəbini toyxananın içindəcə kəsirlər. Tezbazar, necə deyərlər
«kassadan uzaqlaşmamış». Uşaqlarımız dünyanın ən məşhur musiqilərini
ona görə də tanımırlar. Onlar Qarayevin Don Kixot simfonik qravürlərindən
«Səyahət» mövzusunu Şostakoviçin Leninqrad simfoniyasından faşistlərin
yürüş mövzusu ilə, lap Prokofyevin «Romeo və Culyetta» baletindən musiqi
ilə qarışdıra bilərlər. Çünki Böyük Vətən müşaribəsindən bir dənə də
filmə baxmayıblar və faşistlərin hücumu vaxtı həmişə səslənən bu musiqini
eşidib qorxu keçirməyiblər. Don Kixotun kimliyini də bilmirlər. Əlbəttə
ki, yel dəyirmanları ilə vuruşmurlar. Eləcə də Romeo və Culyettanın
məhəbbət macərasından təsirlənməyiblər. Nəinki Prokofyevin baletini,
eləcə də eyniadlı filmdə səslənən məhşur mahnını tanımırlar. Onlar heç
cür Əyrasiyab Bədəlbəlinin «Kor ərəbin mahnısını» yadda saxlaya bilmirlər.
Çünki onlara yazdığım diskdə səs yazısı çox köhnədir. Amma onlar Ədalət
Şükürovun ifasında (Fikrək Əmirovun «Səhər filmindən») «Aslanın mahnısı»nı
ilk dəfədən yadda saxladılar. Metroda Qarayev stansiyasında 7 gözəl
baletindən musiqi hər dəfə səslənsə də onlar heç cür bu valsı yaddaşlarına
yaza bilmirlər. Onlar Leyli və Məcnunun məhəbbət əhvalatından təsirlənmirlər
deyən bu operadan heç nəyi xatırlamırlar. Məcnunun divanəliyi, Leylinin
əzabları onların nə vecinədir? Amma bizim nəsil bu operadan Nofəlin
çıxışını Heyrati üstündə olduğundan tanıyırdı. Çünki bu musiqini «Qalx
ayağa millət, boğmasınlar səsimizi. Bir baraq altında birləşdir bizi!»
sözləriylə ömürlük yaddaşımıza yazmışdıq. Onlar Sevil operasından yalnız
bir nömrəni xatırlayırlar. «Mən elə bir Dilbərəm» sözləriylə Dilbərin
ariyası «Qaynana» filmində səsləndiyindən. Bəziləri heç bu filmi də
görməyib.
İndiki uşaqlar üçün Azərbaycan bəstəkarı, rus bəstəkarı, ya da Qərb
bəstəkarı ifadələri heç nəyi bildirmir. Soruşanda Qərb ölkələrindən
birinin də adını çəkə bilmirlər. Dirəşəndə cöğrafiyadan «5» aldığını
fəxrlə deyirlər. Pleyerdə Baxın «Tokkata və fuqa»sı səslənərsə onlar
buna Şopen də deyə bilərlər. Dinamikləri titrədən orqanın səsi onların
qulaqlarını ağrıtsa da, öz-gözlərini turşutsalar da (əlbəttə ki, bu
əzəmətli alət barədə heç təsəvvürləri də yoxdur) yalnız fortepiano üçün
yazan bəstəkarla, Şopen musiqisiylə səhv sala bilirlər. Bizim nəsil
bu möhtəşəm musiqini Bayatı-Şiraza bənzədiyinə görə yaxşı yadda saxlamışdı.
Onlar Bethovet musiqisinin inqilabi ruhunu qətiyyən duymurlar. Patetik
sonata, ya da Qəhrəmani simfoniya səslənəndə, 5 -ci simfoninın məşhur
«Tale qapını döyəndə» mövzusundan onların tükü də tərpənmir. Cavabında
qayğısız musiqilər yazan Haydn, ya da işıqlı Mosart ilə səhv sala bilərlər.
Yeri gəlsə lap Vasif Adıgözəlovun «Qərənfil»i ilə də səhv salarlar.
Nə olsun ki, mahnıda tar alətinin tembri var? Onlar üçün tar, orqan,
fortepiano musiqi dərslərində tədris edilən bir mövzu, öyrənmək istəmədikləri
bir dərsdir.
Ətraf dünya öz əvvəlki ritmində səslənməkdə davam edir. Dünyanın musiqiləri
azalmayıb. Azalan bizim qavrayış dairəmiz, emosiya çevrəmizdir. «Daralan
dünyamızın uşaqları bədbəxtdir!» demək mənimçün «Millətimizin gələcəyi
qaranlıqdı» demək qədər ağrılıdır. Test üsulu ilə imtahan verən uşaqlarımız
artıq nə beyinlərini, nə məntiqlərini, nə də emosiyalarını işə sala
bilirlər. Onlar yalnız 3-4 variantdan birinə quş qoymağı öyrənirlər.
Biorobotlar kimi onların xarici görkəmi, daxili strukturu insana bənzəsə
də çox vacib, emosional detal sanki itirilib. Onlar yatır, durur, yeyir,
ifrazat edir, dərsə gedir və guya ki, bilik toplayırlar. Sanki biorobotlar
kimi bütün əmrləri yerinə yetirirlər. Amma onlar heç nə duymurlar, prosesdən
ləzzət almırlar, mədəni abidələrimizdəki qəhrəmanların həyatıyla yaşayıb
bəşəriyyətlə birlikdə sevinib təsirlənə bilmirlər.
P.S. Artıq bir neçə ildir ki, məktəbi bitirən şagirdlərimdən
bircə xahişim olur. Rica edirəm ki, müəllimlərinin kimliyi ilə maraqlananlara
mənim adımı deməsinlər. Debilləşmə prosesində mənim atdığım bütün addımlar,
bütün səylərim sürətlə gedən maşının təkəri altında qalmış bir daş qədər
təsirlidir. Yalnız diskomfort yaradır…