İllüziya
Baş-ayaq dünyanın şirin
yalanları
İllüziya latıncadan tərcümədə yanlışlıq, yalan deməkdir. Amma
biz illüzayalarda yaşamağı sevirik. Həyatımızın hansısa rəngi çatışmayanda
onu parlaq rəngə elə boyayırıq ki, bunun yalan olduğunu anlamırıq. Biz
özümüzü aldatmağı sevənlərdənik. Kimsə yaxşıca illüziya yapırsa ona
«Əhsən, nec də bacarıqlıdı» deyirik.
Əbədi həqiqət axtarışı
İllüziya psixi cəhətdən tamamilə sağlam adamlarda əmələ gələ
bilər. İnsanın dünyanı qavraması çox etibarsız və kövrəkdir. Biz inanırıq
ki, şüurumuz ətraf dünyanı oldğu kimi qavrayır və təsvir etməyə qadirdir.
Müasir insan isə bununla belə bilir ki, duyğu orqanlarımız da, şüurumuz
da bizi vaxaşırı aldadır. Sensor reseptorları (yəni ki, gözümüz, qulağımız,
dad bilmə və s. duyğu orqanlarımız) informasiyanı baş beyinin müxtəlif
şöbələrinə göndərir. Beyin özü həll edir ki, bu informasiya yaddaşın
arxivinə göndəriləcək, yoxsa tamamilə silinib atılacaq, a da qorxular
şəklində yuxularda qalacaq.
Məhiyyətcə insana həqiqət axtarışı mütləq lazımdı. Ona görə də dünya
durduqca filosoflar, bütün dövrlərin elmi cərəyanları üçün bu, ən vacib
məsələlərdən biri sayılırdı. Nəzəri elmin bizə təklif etdiyi üsullar
və cihazlar qeyri–kamil və aldadıcıdır. Son illər kvant fizikası hər
hansı hadisənin təcrübə yoluyla aşkara çıxarılma məsələsinin də şübhəli
olduğunu aşkar etdi. Əgər müşahidəçinin fikri təcrübənin gedişinə təsir
etməyə qadirdisə həqiqəti harda axtarmalı? Ona görə də falçılar ona
inanmayan müştərilərin falına baxmır, yaxud fokus göstərən üçün zalın
ona inanması və burda nəsə sehirli bir şeyin baş verməsi fikrində olması
çox vacibdir. Ona gərə də insan həqiqət axtarışında duyğu orqanlarının
dediyinə yox, ürəyinni səsinə qulaq verəndə xeyir tapır.
Düşünməyin ki, düşünürsüz
Reallığı anlaya bilməmək kimi böyük bir problem qarşısında
aciz olan insan onu da bilir ki, reallıq əslinin orijinal kopyasından
ciddi şəkildə fərqlənir. Kamil insan onu da anlayır ki, reallğı sonacan,
olduğu kimi qavramaq mümkün deyil. Görəsən insanın duyğularından kənarda
olan reallıq varmı? Yəni insan qorxmasa, sevinməsə, heyrətlənməsə, sevməsə,
əsəbləşməsə, birr sözlə duyğusuz qalarsa gördüyü reallıq nəyə bənzər?
Onu da bilməliyik ki, şüur üzərində nəzarəti itirən kimi beyin avtomatik
iş rejiminə keçərək elə nəticələr verməyə başlayır ki, bu insanı məcradan
çıxarıb dəli edə bilər. Reallığı görməyin də belə qorxulu fəsadları
var.
Şüur heç nə duymur, o bilir, həqiqətin düz üzünə baxır. Yalanı artıq
öz beynimiz bizə verir. Biz sözlə düşünməyin ki, düşünürsüz. Çünki bu
vaxt düşünmək əvəzinə beyinin arxivində hazırlanmış informasiyanı oxuyursuz.
Hər kəs içində yaratdığı öz reallığında yaşayır. Buna ilüzor reallıq
da demək olar. Absolyut reallıq bizim istək və duyğularımıızdan asılı
olmayaraq var və dünyada bir canlı onu qavrayıb anlaya bilməz. Buna
Allahın dərgahı da deyə bilərik. Bu dərgahın hadisələri bizə qısa fraqmentlərlə
çatır, əvvəl emosiya, sonra duyğularla analiz edilir ki, beyinə ötürülsün.
Duyduqlarımızın yalnız 1 faizi beyində, yaddaşda həkk olur. Bu olur
reallığı ələkdən keçirən ilk filtr. Ona görə də «Mən gördüyümə və duyduğuma
inanıram» demək gülməlidi.
Yolun həmişə sonu var
Müasir dizayn və incəsənətdə illuziyalar doğurmaq indi çox
dəbdədir. Uzaq və soyuq Norvecdə bir körpü var ki, sanki sonsuzluğa
aparır. Onun layihəsi elə verilib ki, körpünün bir başından yollanan
adam qarşısında körpü əvəzinə buludlara dirənən boşluğu görür. Ola bilər
bu, kimdəsə qorxu, çıxılmazlıq duyğuları yaradır. Bəlkə yolçu qarşısındakı
boşluğu görüb geri dönmək qərarını verər. Amma hər bir yolun yolçusu
bilir ki, qarşısındakı boşluğa baxmayaraq bütün yollar harasa aparır.
Ona görə də həmin bu Norvecdəki körpünün yolçuları irəliləməkdə davam
edir və nəticədə istədikləri yerə gəlib çatırlar. İlan kimi qıvrılıb
insanları azdırmaq isə körpüyə qalır.
Xaricdə küçələrini təptəmiz yuyandan sonra iş görməyə əlləri gicişənlər
asfaltlarını bəzəməyə girişiblər. Orda küçədə gedərkən birdən ayağının
altına baxıb özünü uçurumun kənarında dayanmış kimi görə bilərsən. Rəssam
elə bacarıqla rəsmi asfaltda çəkib ki, bəziləri qorxudan ya yerə çöməlir,
ya da donub yerində qalırlar. Bu zaman tindən birisi çıxıb «Bu illüziyadır»
deməsə qorxuları canından bir az gec çıxır. Sonra yollarını davam edib
heç nə olmamış kimi ardını gedirlər.
İllüziyalara vaxtı olan insanlar bəzən qəzetləri küçədə bir başa asfaltın
üstünə həkk edirlər. Məsələn, Uruqvayda bütöv bir küçəni qəzetə sərimişdilər,
Odessada nisbətən kiçik miqyasla məhdudlaşaraq yalnız piyada keçidini
qəzet vərəqi kimi rəngləmişdilər.
İllüziyaları sevənlər ayağına siçanı imitasiya edən başmaqlar geyəndə
çimçəşmirlər. Belə başmaqlar seriyasından yalın ayaqları, ya da dişlərini
qıcamış canavar ağzını imitasiya edən ayaqqabılar da var. Onları geyməyə
həvəskarlar özlərinə deyil, başqalarına illüziyalar yaradır. Guya ki,
şəhərdə yalın ayaqlarla gəzirmiş kimi.
Nəhəng əl səni aparır…
Aviasiyada «nəhəng əl» anlayışı var. Bu belə bir psixi vəziyyətdir ki,
təyyarə sürücüsü özünü kabinədə oturmuş deyil, tamam fərqli vəziyyətlərdə
hiss etməyə başlayır. Bəzilərinə elə gəlir ki, təyyarəni fölqəladə qüvvələr
idarə edir. Kimsə təyyarənin havada donub qaldığını düşünür, sanki nəhəng
bir əl onu havada saxlayıb. Bu fenomen aviator həkim N. Kinq tərəfindən
təsvir edildiyindən onun adıyla adlandırılır. Avstriyanın nəqliyyatda
təhlükəsizlik Bürosunun gəldiyi nəticələrə görə dünyada baş verən təyyarə
qəzalarının 15-26 faizi sürücünün ucbatından olur. Bu o deməkdir ki,
baş verən hər 4 qəzadan biri sürücünün illüziyaya qapılmasından baş
verir. Onlar havada olarkən oriyentiri itirir və qəribə görüntülərlə
təkbətək qalırlar. Bəzən reallıq o qədər şəffaflaşır ki, kimsə özünü
təyyarənin qanadında uçurmuş kimi görür, kimsə kabinədə baş verənləri
kənardan izləyirmiş kimi özünü hiss edir. Ona görə də aviasiya həkimləri
illüziaların təhlükəli olduğunu deyir. Sürücülər sürəti azaldanda hündürlüyü
itirdiyini, ya da təyyarənin havada fırlandığını duya bilər, amma əslində
bunlar baş vermir. Bu yalnız illüziyadır. Bəzən illüziya sürücünü inandırır
ki, təyyarə ülgücün tiyəsi üstündə oturubmuş kimi tarazlığı itirir.
Nəhəng əli duyanlarsa əksinə, təyyarənin sürücüsüz də yaxşı uçduğunu
zənn edir. Deyirlər ki, belə hadisələr sürücünün heç nə ilə məşğul olmadağı
məqamlarda baş verir. Yəni ki, fiziki, əqli yuku az olanda insanın beyni
müxtəlif illüziyalar uydurur. Belə çıxır ki, illüziya təmbəlləşmiş beyinin
verdiyi məhsuldur.
Virtual dünya – illüziyalar diyarı
İllüziyalara inanmaq bəlkə psixi mutasiyanın astanasıdır?
İllüziyalar diyarı kompüter həyatımıza daxil olub özünə çoxdan yer eləyib.
Zamanımızın ən dahi dühaları da texnikanın artan bu sürətilə gələcəyə
proqnoz verməkdən çəkinirlər. Vaxtilə İngiltərənin poçt xidmətinin baş
mühəndisi Uilyams Pris telefonun kəşfi barədə xəbəri eşidəndən sonra
illüziyalara qapılmamağa çağırıb: «Bu yenilik heç vaxt İngiltərədə özünə
yer almayacaq. Londonda xoşbəxtlikdən təcili xəbəri bir evdən o birinə
çatdırmağa hazır olan balaca oğlanlar hələ ki, var» demişdi. Enşteyn
atomu enerji mənbəyi kimi istifadə etmək istəyənləri məsğərəyə qoyub
gülür və onları axmaq adlandırırdı. Səhvini o, hələ sağ ikən başa düşmüşdü.
1949-cu ildə İBM firması hesablamışdı ki, əsrin sonuna kim elektron
hesablayıcı maşınlara ehtiyac 10-15 maşın qədər olacaq, çox yox. 1980-ci
ildə isə «Dicital ekvipment» Amerika firması analiz edərək fərdi kompüterlərin
biznesdə geniş istifadə edilməyəcəyi proqnozunu vermişdi. Ola bilər
ki, bizim də illüziyalara qapılmağımız və sürüşkən mövzuda araşdırmalarımız
bu nüfuzlu firmaların nəticələri kimi dəqiq olmayacaq.
Texnikanın inkişafı ilə virtuallar, yəni ki, illüziyalara tez qapılanlara
böyük imkanlar açılır. Onlar coğrafi sərhədləri veclərinə almayaraq
bir saniyədə dünyanın hər hansı nöqtəsinə gedib informasiyanı əldə edə
bilər, dünya muzeylərini otaqdan çıxmadan gəzə, evdən çıxmadan bazarlıq
da edə bilərlər. Bu illüziyalar artıq bu günün reallığıdır. Bir azdan
reallar və virtulalar arasındakı uçurum daha da dərinləşəcək və bəlkə
az keçmiş onlar bir-birini anlamayacaqlar. Kompüterlər o qədər kiçiləcək
ki, birbaşa beyinə yeridilə biləcək. Ev avadanlığı beyində verilən siqnallara,
əmrlərə tabe olub insan məişətini idarə edəcək. Əgər tüklü ev başmaqlarını
çıxarmadan hər işi görmək olarsa evdən çıxıb özünü riskə atmaq nəyə
lazım? Yeni informasiyanı tez qavrayıb işləmək imkanına görə virtuallar
elm və biznesdə öndəgedən vəzifələri tutacaq. Ən çətin peşələr, kənd
təsərrüfatı, fiziki əmək realistlərə qalacaq. Belə çıxır ki, illüziyalara
qapılmaq o qədər də pis deyil. İllüziya dünyasının həyatımızı zəbt etməsi
prosesində çoxmilyonluq işsizlər ordusu və bunun sayəsində sosial problemlər
də yarana bilər. Sadalanan problemlərin başında insanın yaşayacağı hələ
də ən böyük problem psixoloji mutasiya məsələsidir. Bu gün virtual adlandırdığımız
illüziya həvəskarları gələcəkdə də homo sapiens, yəni düşünən insan
kimi qala biləcəklərmi? Görəsən insan Allaha dua etməyini davam edəcək,
yoxsa maşina baş əyəcək?
Göz qarşısında yox olan dünya
Bu da bir reallıqdır ki, həyat insanları amansızcasına rellara
və illüziyaçılara bölür. Realistlər öz təbii duyğularına arxalanır,
virtuallarsə vaxtının çox hissəsini kompüter texnologiyalarının yaratdığı
illüzor dünyada keçirir. Sağlam məntiqə arxalanan, həyat təcrübəsindən
çıxış edən və ayaqda möhkəm dayanan adamın fikrinə arxayın olmaq hər
şeyə tez inanan, hər yeniliyə uşaq kimi sevinən adamın dediklərinə qulaq
verməkdən daha düzgün addım sayılır. Bu öyrəşdiyimiz stabil dünya üçün
normadı. Amma gəlin düşünək, günəşin yer ətrafında deyil, əksinə yerin
günəş ətrafında fırlandığını düşünənlər həqiqəti biləndə necə də böyük
zərbə aldılar? Yalnız sağlam məntiqə arxalansaq bizim duyğu orqanlarımız
bizimlə yaxşıca zarafat edə bilər. Bunu Yaponiyada Qif prefekturasında
salınmış «Baş-ayaq dünya» adlı park çox aydın göstərir. Burda obyektlər
elə hiyləgərcəsinə düzülüb ki, adama elə gəlir ki, yavaş-yavaş yer sənin
başının üstünə çıxır. Süni ağaclar və tikililər perspektivi elə «sındırır»
ki, insan müvazinəti itirir. Bu bağda düz yerdə yıxılıb travma alanlar
çox olub. Çünki insanın yaratdığı illüziyalara qapılıblar. Bizim ətrafımızdakı
baş-ayaq dünyada da yalnız öz duyğularına inanan realistlər yeni mühitə
qaynayıb qarışa bilmirlər.
Şaxmatda da illüzor oyun qaydası var. Xaricdə piyada keçidi yerlərində
adi ağ zolaqları bəzən zebra zolaqlarına bənzədirlər ki, illüziya sevənlər
yol keçməkdən narazı qalmasın. Bəzi şəhərlərdə piyada keçidinin ağ zolağından
barmaqlıq arasından baxan dustaq yapışıb ki, sürücülər yol qəzası edib
barmaqlıq arasına düşməsinlər. Bəzən yol zolaqları meyitləri daşıan
ağ polietilen paketlər şəklində olur ki, insanlar illüziya qanadlarından
düşüb yola baxsınlar və yol qəzasına düşməsinlər. Kiməsə kofenin reklamı
lazımdasa o, piyadaların ayaqları altında, asfaltdakı rəsmdən «buxarlana»
bilər.
Biz hər səhər durub yuyunur və geyinirik. Bu prosesdə paltarın bizi
qoruduğunu düşünürük, yaxud bu barədə düşünməyi artıq bilirik. Onun
yuyulması və ütülənməsi də həyat qayğılarımızı artırır. Britaniya dizayneri
Helen Storey suya düşən kimi əriyən paltar hazırlayıb. Bu da müasir
dünyanın bir illüziyası. Səhər durub yuyunur və geyinirsən. Suda əriyən
paltarını keçirib işə gedirsən. Sonra qəflətən yağışa düşürsən… İllüziyalara
qapılan adamlar reallıqla üzləşəndə də belə olur. Bir saniyə içində
hər şey əriyib yox olur. Əriyən paltarın dizayneri narahatdı ki, bir
təkcə Böük Britaniyada hər il 1,5 milon ton paltar zibilliyə atılır.
Əslində o, əriən paltarı geymək üçün yox, insan həyatının necə də tezliklə
yoxa çıxmasına bir işarə yaratmaq üçün kəşf etmişdi. İngiltərədə 5 funta
bir köynək alıb bir neçə gün geyəndən sonra onu atmaq da olar. Dərindən
baxsan insan öz fikirləriylə də belə rəftar edir. Bu gün ürəyini isidən
fikir, xəyal, illüziya sabah lazım olmur və tullanır.
Təqvimdən itmiş 8 il
Müasir dövrün illüziyaları içində yaşayaraq bəziləri dəhşətlə
2012-ci ilin dekabrın 12-ni dünya ilə vidalaşacağı günü gözləyir. Kiməsə
bu Maya qəbiləsinin illüziyası kimi görünə bilər. Bu illüziyanı reallıqdan
ayıran sərhəddə də bir şey qalmayıb. Amma baxır kimin təqvimiylə. Məsələn,
Rusiya saytları içində onlarla nümunə var ki, orda ikiqat tarix qeyd
olunur: 2011-7519. Tədqiqatçılar deyir ki, Rusiya çarı İvan Qrozdnının
40 cildlik səlnaməsində qriqoryan tarixi qəbul olunana qədər tarix 2
cür - İsa peyğəmbərin mövludu və dünyanın yaranmasından bəri 5500 il
fərqlə göstərlirdi. Rusiya Avropa təqviminə uyğunlaşmalı olduğu zaman
təqvimlər üst-üstə düşmədiyindən 8 il arada düşüb itib. Həmin o itmiş
tarixi yerinə qoysan indi guya ki, 2011 yox, 2019-cu ildir. Buna inanmaq
istəyənlər 1 il sonraya «planlaşdırılmış» dünyanın sonunu gözləməkdən
qurtulacaq. Əslində, bu da bir llüziyadı. İnsanın öz-özünü aldatma üsulu…
***
Həyata diri gözlə baxanlar soruşacaq yəqin: Bəs reallığı illüziyadan
necə ayırmalı? Bəlkə heç lazım da deyil?..