Qəfəs yaradıcılığı
Yaxud tövlədə abstraksiya
necə olur?
Biz qarla, donmuş su, kanalizasiya sistemi, istiliksiz otaqlarımız,
çovğun, buz bağlamış və təmizlənməyən yollarımızla beynimizi məşğul
edən zaman Londonda heyvanların çəkdiyi şəkillərdən ibarət sərgi açılıb.
Vernisaj Universitet kollecinin nəzdində olan Zoologiya muzeyində sərgilənib.
Bu sərgiyə görə bilet pulu vermək də lazım deyil. Sadəcə maraqlananlar
gəlib baxa bilər.
Meymunlar abstraksionistdir
Bəzi azərbaycanlı rəssamların arzulaya biləcəyi, yalnız yuxularında
görəcəyi şəraitdə keçiriləcək sərgidə fillər, şimpanzelər, oranqutanlar,
qorillalar və başqa heyvanların səkdikləri nümayiş etdirilir. Fikir
verdizsə «rəssamlar»ı ümumi meymunlar kateqoriyasına aid etməyiblər.
Çünki qorillanın çəkdiyi oranqutanın çəkdiklərindən fərqlidir. Mütəxəssislər
onları bir baxışdan ayıra bilir. Heyvan-rəssamlar şəkillərini dünyanın
müxtəlif zooparklarında çəkmiş, sonra onlardan ən maraqlıları bu sərgiyə
toplanmışdır. Təşkilatçılar deyir ki, sərgi bu tip ekspozisiyadan olan
ilk sərgidir.
Qəzetçilər ya reklam xətrinə, ya da səmimiyyətlə deyir ki, fillərin
çəkdikləri rəsmlərdə ağac, güllərin konturlarını asanlıqla görmək olur.
Meymunlarsa daha çox abstraksionizmə meyllidirlər (lap bizim kimi).
Dünya zooparklarında qəfəsə salınmış heyvanları rəsm dərsləri ilə ovutmaq
ənənəsi var. İnsanabənzər növlər, fillər, atlar və iri heyvanlar rəsmə
çox meylli olur və kifayət qədər həvəslə çəkirlər.
Fırçanı dişinə alsan…
Bir az əvvəl isə İspaniyada Barselonada «Mutt» qalereyasında
Napaleon adlı 4 illik ayğırın fərdi sərgisi açılıb. «Tövlədə abstraksiya»
adlı ekspozisiyada «rəssamın» 9 işi nümayiş edilib. Rəsm çəkmək əlbəttə
atın yox, onun sahibinin ağlına gəlmişdi. Dostu rəssam Serxio Kabalyero
ilə birlikdə onlar tövləyə kətan və rənglər gətirərək insan və heyvanın
işbirliyinə başladılar. At fırçanı dişinə alıb kətan üstündə gəzdirir.
Rəngləri dəyişmək lazımsa bunu onun sahibi edir və fırçanı atın dişinə
salmağa da ona köməklik göstərir. Lazım gəlsə kətanın diqqətdən kənarda
qalmış hissəsini rəngləməkçün onu çevirir. Ata fırçanı dişinə çıxıb
başını lazımi istiqamətdə yelləməkdən başqa bir iş qalmır. Rəssamın
fikrincə Napoleonun rəsmləri abstraksionist eksproessionizm ruhundadır
və Villem de Kuninqin əsərlərinə bənzəyir. Bu yerində heyvan və abstraksionizmə
uymuş rəssam arasında paralellər aparmaqdan çəkinib atın çəkdiyi əsərlərin
qiymətinə diqqət verək: rəsmlər 3300- 6000 avro arasında olsa da sərgidə
onların hamısı satıldı.
Toyuğun avtoqrafı
İri heyvanların rəsm çəkməsi bir yana, toyuqlar da rəssamlıq
edir. Fikriniz yenə də kənddə ortalıqda fırlanıb adamın ayaqları altında
qalan çilli toyuğunuza getməsin. Bu «rəssamın» işi «eBay» internet hərracında
535 dollara satılır. Qara fonda rəngli ləkələrlə çəkilmiş rəsmi hələ
də almaq şansınız var. Toyuq olsa da erkək ləğəbi daşıyan «Saymon» özü
deyəsən telepatik yolla əsərin adını sahibinin qulağına pıçıldayıb:
«Atəşfəşanlıq». Çəkdiyi minlərlə heyvan rəsmləri arasında itməsin deyə
o, tablonun aşağı sol küncündə göy rənglə imzasını da qoyub. Deyilənə
görə sonra yaranacaq bütün əsərlərində imzasını məhz belə şəstlə qoymağı
sahibinə təntənəli şəkildə vəd verib. Rəsmdən qazanılar vəsait Nyu-Gempşir
ştatında Merrimek şəhərində uşaq oyun meydançasının tikilişinə sərf
ediləcək. Yəni ki, artıq heyvanlar insanlara sənətləri ilə maddi yardım
edirlər. Debütündən ilhamlanan Saymon yeni-yeni zirvələrə artıq can
atmaqdadır. Məşhur və demək olar ki, varlı olsa da o, əvvəlki kimi başının
sığallanmasını istəyir. Məşhurların zəifliyidir də, nəvaziş olmasa yarada
bilmir. O, 33 toyuqla bir hində dolaşsa da o biri toyuqlar ibrət alıb
rəsm çəkməyi öyrənə bilmirlər.
«Facebook» ulduzu
Həmin bu «eBay» adlı internet hərracında oranqutanın çəkdiyi
rəsmlər də satışa çıxarılıb. Nonya ləğəbli oranqutan Vyana zooparkının
sakinidir. Onun sənətilə qazanacağı pullar Sumatra və Borneo adasında
təbii şəraitdə yaşayan oranqutanların həyat şəraitinin yaxşılaşmasına
yönəldiləcək. Yəni ki, Vyana zooparkında qəfəsdə yaşayıb insan kimi
rəsm çəkmək zülmünü yaşayan meymun təkamül prosesinə öz töhvələrini
verir. Zooparkın işçiləri düşünür ki, bunlar, Nonyanın dünyaya özünəməxsus
baxışıdır və bu baxışı indi insanlar da görə bilər. Hər şey başqa cür
başlamışdı. Əvvəl Nonyanın əlinə fotoparat vermişdilər və internetə
qoşmuşdular. Meymun düyməni basan kimi fotolar avtomatik onun «Facebook»
səhifəsinə düşürdü. Nonya həvəslə şəkil çəkirdi, çünki hər dəfə düyməni
basanda ona bir üzüm dənəsi verirdilər. İndi onun sosial şəbəkədə 83
min pərəstişkarı var. (Facebookda qeydiyyatda olanlar bu rəqəmi öz dostlarının
sayı ilə müqayisə edə bilər.) İndi onun rəsmləri internet hərraclarda
bir neçə min dollara satılır.
Su altının gözəllik duyğusu
Heyvanların gözəllik duyğusu çoxdan elmə məlumdur. Bir neçə
il bundan əvvəl əşyaların akustik keyfiyyətlərini öyrənən mühəndis balina
və delfinlərin su altında buraxdığı ultrasəsləri rəsmlərə çevirmişdi.
Bu səslərlə heyvanlar bir-birini ayırır, yəni bir növ ad kimi. Buna
bəzən balina və delfinlərin mahnısı deyirlər. Mühəndis Maks Fişer bu
mahnıları kompüter əməliyyatından keçirib çox gözəl rəsmlər əldə etmişdi.
Rəsmlər quruluşca kamil və çox gözəgəlimli idi. Bunlara fraktallar deyirlər.
Həndəsi cəhətdən bərəbartərəfli fiqurlardır. Gözəlliyinə görə hər hansı
ekspozisiyanın incisi ola bilər.
Dünyamızın bacarıqlı sakinləri
Evində heyvan saxlayanların əksəriyyəti deyir ki, ev heyvanları
sahibiylə telepatik əlaqəyə girir. At saxlayanlar da bilir ki, atlar
sahibinin fikirlərini səslənməmişdən əvvəl duyub ona reaksia verir.
Bəzi ev heyvanları telefon zəng çalmamışdan bir neçə saniyə əvvəl narahat
olmağa başlayır. Ev heyvanları, itlər, pişiklər sahibinin nə vaxt qayıdacağı
anı sanki qabaqcadan bilir. 10 dəqiqə əvvəl ya qapının ağzında, ya da
pəncərə qarşısında dayanıb gözləyirlər. Onlar nədənsə veterinara aparılma
ilə gəzməyə çıxmanı səhv salmırlar. Həkimə gedəsi olanda qaçıb gizlənirlər.
Yaddaşnda 1400-dən artıq söz olan Nikisi adlı tututuquşu üzərində telepatik
təcrübələr də maraqlıdır. Sahibi hanşı şəklə baxırdısa tutuquşu həmin
şəklə uyğun söz deyirdi. Poçt göyərçinləri də tanımadığı minlərlə kilometrlik
ərazidə öz sahibini tapa bilir. Alimlər deyir ki, bu, sürü şəklində
yaşayan quşların bir yerdə yaşamaq instikti və kütləvi telepatiyasının
nəticəsidir. Onların sanki sensorlu kompası var və havanın necə olmasından
asılı olmayaraq lazımi yeri tapa bilirlər.
Heyvanlar təbii fəlakətləri qabaqcadan duyur. Müharibə zamanı düşmən
təyyarələri hələ yolda olarkən bombalayacağı ərazilərin heyvanları narahatlıq
göstərməyə başlayırdı. Heyvanlar sahibinin qəzaya düşəcəyini, hətta
ölümünü, öz ölümlərini da qabaqcadan duyur. Heyvanların enerji qatının
insana müsbət təsiri elmə çoxdan məlumdur. Pişiklərin ağrıyan yerə sığınmaları
faktı da çox məşhurdur. Enerji qatı məsələsində atların insanla ünsiyyəti
ən faydalı və ən şəfa vericisidir. Delfinlərin də insanlara müsbət şəfaverici
keyfiyyətindən danışırlar. Delfinlər dənizdə yolu azmış dənizçilərə
sahilin harda olduğunu telepatik şəkildə foto şəkil kimi ötürməyi də
bacarırlar. İngilis dənizçiləri isə gəmidə mütləq pişik saxlayırdılar.
Çünki pişik havanın dəyişməsini aydın işarələrlə insanlara anlata bilir.
Heyvanlar heç vaxt mənfi enerjili yerdə uzanmaz, pis adama yaxın getməzlər.
Qədimdən bəri heyvanlarla bağlı cadugərlik mərasimləri mövcuddur. Qədim
ayinlərdə heyvanlara xüsusi rəğbət və hörmətlə yanaşırdılar. Onların
xüsusi qabliyyətləri şübhə altına alınmırdı.
Akulalar insan bədəninin suda şüalandırdığı bioenerjini duya bilir.
Fillər 50 kilometr ərazidən bir-birinə siqnal göndərə bilir. Qurbağalar
kritik tempraturda salamat qala bilir. Kərtənkələlər suyun üstündə qaça
bilir. Delfinlər ultrasəs vasitəsilə görə bilir. İnsanların da öyrənəsi
hələ çox işi var. Bütün bu, insanın bacarmadığı keyfiyyətlərin üzərinə
mənasız şəkilçəkmə bacarığını da gəlmək nəyə lazımdı?
Bilgəh saatı
… Bir vaxtlar Bilgəhdə bir uzunqulaq yaşayırdı. Ona hamı «Bilgəh
saatı» deyirdi. Çünki hər yarım saatdan bir elə ucadan anqırırdı ki,
kəndin o biri başnda da eşidilirdi. Deyirlər ki, o qədər dəqiq imiş
ki, camaat onunla saatını yoxlayırdı. Çoxdandı uzunqulağın səsi gəlmir
oralardan. O öləni camaatın saatı da düz göstərmir. İndi Bilgəhdə zaman
fərqli meyarlarla ölçülür…