Sevgisiz ölürlər…
Sevgi divanəlikdi,
amma məhz o,
həyatımıza məna verir.
A. Marua
Sabah müqəddəs Valentin günüdür. Bu günə çox vaxt sevgililər günü deyilir.
Azərbaycanda bu günü qeyd eləməyi sevmirlər, çünki gəlmə bayram sayılır
və cibə ziyandır. Amma nəzərə alaq ki, qriqorian təqvimi ilə yaşayan
bizlər başqa xristian bayramlarını qeyd eləmirik, nə müqəddəs Tereza,
nə də Müqəddəs Məryəmin doğulduğu günü təqvimimizdə nişanlamırıq ki,
yaddan çıxmasın. Deməli sevgililər gününün təqvimimizdə olmasına bir
növ ehtiyacımız var. Ona görə də bayramın hansı mədəni qatdan süzülüb
bu günümüzə çatmasının bir o qədər də önəmi yoxdur.
Bir az üzügülər, bir az qılıqlı, bir az da işıqlı…
Rus dilində bu bayram sevgililər günü yox, həm də vurulmuşlar
günü kimi də səslənir. Yəni sevgi qığılcımı ürəklərə lap təzəcə düşüb,
hələ qartıyıb, qalınlaşıb, yoğunlaşmayıb. İnsanın belə «qanadlı» ruhi
durumunda sevgisini izhar etməkçün ona nə xüsusi günlər, nə də bayramlar
lazım deyil. Bəyəm Romeo Gulyettanın pəncərəsi qarşısında sevgidən boğulanda
təqvimdə 14 fevral vərəqini cırıb sonra gəlmişdi? Gəlin sevənləri hələlik
bir qırağa qoyaq. Bir qədər tənha adamlara heç olmasa bir abzas yer
ayıraq. Bütün dünya ürəkciklər, öpücüklər və sevgi etirafları ilə lərzəyə
cələn vaxt yəqin tənha insanlar özünü bir az da tənha hiss edər. Hamının
sevgililər gününü təntənəli şəkildə qeyd etməsi yəqin ki, kiməsə onun
çox tənha olduğunu bir daha xatırlada bilər. Heç kim sənə şokolad konfeti
bağışlamayacaq, cibinə gizlincə «valentinka» qoymayacaq, ürək şəkilli
açıqca yazıb sürpriz etməyəcək. Bu çox kədərli hadisədir və əslində
belə olmamalıdır! Bəlkə də çoxları bu günü həmin səbəbdən xoşlamır.
Axı çox vaxt pasportunda evlilik qrafasında möhür olanların da əksəriyyəti
tənha adamlar seriyasına aiddir. Onlar bəzən sevgilisi olmayan insanlardan
daha artıq tənha olurlar.
Bizim sevgidən danışacaq günə ehtiyacımız var. Danışmaq olmazsa heç
olmasa kiçicik eyham, balaca sürpriz, mənasız, amma çox gözlənilən bir
cümləni deməyə, sadə amma əhəmiyyətli bir jesti etməyə çox böyük ehtiyacımız
var. Bu günün adını Valentin günü, yoxsa lap Fatmanisə günü də qoymaq
olar. Qərbdə həmin gün təkcə sevgililər yox, bir-birinə qarşı yaxşı
münasibət bəsləyən insanlar da bayrama qoşulur. Uşaqlar sevimli müəllimlərinə
ürəkciklər hazırlayır, nənələr, babalar sevimli nəvələrindən məktublar
alır, qonşular bir-birinə ürək şəkilli piroq, ya da pay-puş göndərir.
Təqvimində belə günü qeyd edən xalq yəqin ki, bir az üzügülər, bir az
qılıqlı, bir az da işıqlı olmalıdır. Əslində bu gündə sevənlərin yox,
sevgiyə ehtiyacı olanların hədiyyə alması lazımdı. Qoy bilsinlər ki,
kimsə onları sevir, qoy bir balaca gülümsəyib qırışığını açsınlar, qoy
onlar da sevgiyə yoluxub sevdiklərini xatırlasınlar. Bəlkə evliliklərinin
15-ci ilini yaşayan cütlüyün sevgidən danışmağı daha lazımlıdır, nəinki
ağzında süd iyi gələn qız və oğlanın?
Siz özünüzə tənha deyirsizsə, bəlkə bu günü sevdiyiniz insanlara bəxş
edəsiniz? Ata-ananın, qohumların, tələbə yoldaşlarının, dostların da
sevgi etiraflarını dinləməyə, ya da sevgini vurğulayan kiçik ürəkciklər
almağı ehtiyacı var? Gül almaq, tort bişirmək, valentinka düzəltmək
çətin iş deyil ki? Əslində, bu yazı özü sevənlər üçün yox, sevgidə ehtiyacı
olanlar üçün yazıldı. Görürsüz, bir abzas demişdim, amma bir səhifə
ithaf elədim…
«Sənin Valentinin…»
Deyirlər ki, müqəddəs Valentin günü artıq 16 əsrdir ki, qeyd
edilir. Amma sevgi bayramları lap qədimdən, bütpərəstlik dövründən bəri
qeyd olunur. Məsələn, romalılar fevralın ortalarında Lupercalia adlanan
erotizm bayramı qeyd edirdilər. Bu bayram «Juno Februata» ilahəsinin
şəhəfinə düzənlənirdi. Bizim bayramın isə konkret səbəbkarı var – xristian
müqəddəslərindən biri Valentin. Bu hadisə hardasa 268-cu ildə baş vermişdi.
O vaxtlar Roma İmperiyasının başında 2-ci Klavdiy dayanırdı. Daim müharibələrdə
olan Roma ordusunda əsgərlər çatışmırdı. Ona görə də hərbçilər düşünürdü
ki, yürüşlərin vüsətini artırmaqda onlara mane olan səbəb legionçuların
evlənməsi idi. Evlənəndən sonra əsgər imperayanın məqsədlərini yox,
öz ailəsini necə dolandırmaq barədə düşünəcəkdi. Ona görə də əsgərlərin
döyüş ruhunu sındırmamaqçün imperator legionçuların evlənməsini qadağan
edən fərman imzaladı. Amma bu fərmandan sonra da əsgərlər vurulmaqda
davam edir və demək olmazdı ki, təbii instinkləri fərmanla tənzimləmək
mümkün olmuşdu. Bir də ki, fərman vurulmağı qadağan etmirdi. Xoşbəxtlikdən
elə bir adam tapıldı ki, imperatorun fərmanına zidd çıxaraq sevgililəri
gizlincə evləndirməyə qorxmadı. O, Tyorn şəhərindən olan Valentin adlı
keşiş idi. Ola bilər ki, təbiətcə çox romantik olduğundan boş vaxtlarında
küsənləri barışdırır, sevgi məktubları yazmağa kömək edir, legionçuların
xahişi ilə sevgililərinə gül bağışlayırdı. Məlum məsələdi, imperator
bundan xəbər tutanda keşiş Valentinin «cinayətlərinin» qarşısı alınmalı
idi. Keşiş Valentini edam etmək qərarı verilir. Dəhşətlisi odur ki,
Valentin özü türmə sahibinin qızına vurulmuşdu. Edamdan bir gün əvvəl
o, həmin bu qıza məktub yazır və sevgisini danışır. Məktub «Sənin Valentinin»
imzası ilə bitirdi. Bu məktubu edamdan sonra oxuyurlar…
Nəticədə xristian inamına görə zülmə qatılmış keşiş 496-cı ildə Roma
Papası Gelasius tərəfindən kanonlaşdırıldı və müqəddəsdər sırasına yazıldı.
Bundan sonra fevralın 14-ü müqəddəs Valentin günü sayılır. Amma demək
olmazdı ki, bu günü qeyd eləməyə kilsə də sevirdi. 1969-cu ildə isə
müqəddəs Valentin bir çox müqəddəslərlə birgə katolik kilsənin təqvimində
çıxarıldı. Amma valentinkalar adlanan sevgi məktubları yazmaq adəti
qaldı.
Əla biznes!
Qərbi Avropa müqəddəs Valentin gününü 13-cü əsrdən, ABŞ isə
1777-ci ildən bəri qeyd edir. Bu günü hədiyyə vermək adəti il-ildən
artır və bəziləri üçün gəlirli biznesə çevrilib. Məsələn, keçən əsrdə
amerikalılar arasında sevgililərinə marsipan göndərmək dəbə minmişdi.
Marsipan badam və şəkərdən hazırlanmış bahalı şirniyyat növüdür. Bununla
da marsipan biznesinin çiçəklənməsinə səbəb olmuşdu. Yaponiyada bu günü
şirni hədiyyə vermək dəbini şokolad biznesiylə məşğul olan iri firma
ortaya atıb. 30-cu illərin ortalarında fevralın 14-ü həmən firma öz
işçilərinə şokolad hədiyyə etməklə bunu dəbə mindirdi. İndi fevralın
14-ü Yaprniyada qadınlar kişilərin martın 8-i keçirdiyi hissləri yaşayır.
Çünki bu gün kişilər daha çox hədiyyə alır. Ehtiraslı fransızlar bu
gündə qiymətli daş-qaş bağışlamağa üstünlük verir. Daniyada isə bir-birinə
qurudulmuş ağ güllər hədiyyə etməklə sevgilərini çatdırırlar. İngiltərədə
fevralın 14-də ərə getməmiş qızlar gün doğmamışdan ayağa qalxır və pəncərənin
yanında dayanırlar ki, gedib-gələn kişilərə baxsın. İnama görə ilk dəfə
başını qaldırıb pəncərədə bu qızı görən kişi onun adaxlısı olacaq. Səudiyyə
Ərəbistanında isə bu bayram rəsmi şəkildə qadağan olunub və qaydanı
pozan böyük məbləğdə cərimələnə bilər. Başqa xalqların sevgiylə bağlı
bayramları var. Məsələn, Rusiyada Pyotr və Fevroniyanın əfsanəvi sevgi
günü qışda yox, yazın əvəlində qeyd olunur. Bizim də öz sevgi günümüz
var. Azərbaycanda 20 yanvar faciəsində həlak olmuş İlham və Fərizənin
evləndikləri gün - 30 iyun sevgililər günü kimi elan edilib.
364 gün sevgi, bir gün isə nifrət günü olar!
Müqəddəs Valentin günündə romantik görüş, hədiyyələr və sair
incəlikləri heç də hamı sevmir. «Reuters» və «Ipsos»ın birgə apardığı
sorğudan məlum olur ki, dünyanın beşdə bir hissəsi bu günü sevimli ev
heyvanı ilə birlikdə keçirməyi daha üstün sayır. Sorğuda 23 ölkədən
24 min adam iştirak edib. Onların 21 faizi evində oturub sevimli itini,
ya da pişiyini sığallamağı planlaşdırır. Amma Fransa yenə də ən romantik
ölkə kimi bu sıradan fərqlənir. Fransızların cəmi 10 faizi ev heyvanını
sevgilisindən üstün sayır. Valentin gününü ən çox sevən ölkə isə nə
qədər qəribə olsa da Türkiyədir, 49 faiz bu bayramı qeyd edəcəyini vurğulayıb.
Rəqəmlər onu da deyir ki, bayrama mənfi münasibət bəsləyənlərin ya yaşı
keçir, ya da maddi durumu o qədər də yaxşı deyil. Tələbələr və imkansızlar
bu bayramın gəlişinə sevinmirlər.
Bəziləri deyir ki, bu bayramın romantikliyini sevmir: «Ümummiyyətlə
insanın hər günü romantika ilə zəngin olmalıdı. Amma məhz müqəddəs Valentin
günündə hər kəs ürəyindəki sözləri deməyə özünə icazə verməlidi. Zəhlən
getdiyi adamların gözünün içinə həqiqəti demək böyük ləzzətdir. Onda
364 gün sevgi, bir gün isə nifrət günü olar!
«Müqəddəs Valentin günü» filminə həsr edilmiş mətbuat konfransında
məşhur aktrisa Culiya Robert isə bütün qadınlara bu gündə təşəbbüsü
əllərinə almağı məsləhət görüb. O, hesab edir ki, əgər bu günü yaxşı
keçirmək istəyirsizsə başqa əlac qalmır. Ona görə nahar, tərtibat və
hədiyyə məsələlərini öz əlinizə alın. Ancelina Coli isə 14 fevralda
bütün qadınların tüklü oyuncaq, konfet və sair hədiyyələri həvəslə gözlədiyi
zaman bu bayramdan zəhləsi getdiyini deyir və həyat yoldaşına hədiyyə
verməyi qadağan edib. Həmən gün axşam evə gələndən sonra «Yemək hazırdırmı?»,
«Uşaqlar nə edir?», «Niyə filan işi görməmisən?» kimi suallar verməklə
Bred Pitin hədiyyə vermək istəyinin lap axırına çıxır və onu romantik
olmağa qoymur.
Hər şey öpüşdən başlayır
Evlənənlər üçün müqəddəs Valentin günü uğurlu sayılır deyən
adətən şadlıq saraylarında bu gün əvəlcədən tutulur. Bayram günü Bakıda
H. Əliyev adına sarayda «Qış gecəsi» adlı «ulduz yağışı» olacaq. Moskvanın
Darvin muzeyi isə Valentin günü ərəfəsində maraqlı sərgi açıb. «Hər
şey öpüşdən başlayır» adlı sərgidə öpüşlə bağlı maraqlı eksponatlar
nümayiş edilir. Öpüşənlərin rəsmi olan açıqcalar, fotolar, jurnal kəsikləri
və s. ekponatlarla yanaşı zalın ortasında omela ağacı yerləşdirilib.
Sərgiyə baxmaq da olar, hətta bu günü muzeydə öpüşmək də qadağan deyil.
Həmin bu omela ağacı altında öpüşənləri inama görə tezliklə evlilik
gözləyir. Sevgililər günündə hər cütlük bu ağacdan öz valentinkasını
asa bilər. Maraqlısı odur ki, təzə evlənənlər üçün sərgiyə giriş pulsuzdur.
Sərgiyə sevgilisiylə gələnlər cəmi bir biletin pulunu verəcək. Yəqin
insanlar bir-birinə sığınanda muzeydə az yer tuturlar.
Bayram ərəfəsində təşkil edilmiş sorğular yenə də qadınların 87 faizinin,
kişilərin 62 faizinin sevgiyə inandığını bir daha aşkar elədi. Ciddi
dərgi kimi tanınan «The Globe & Mail» adlı Kanada jurnalı bayram
ərəfəsində avtomobildə sekslə məşğul olmaq istəyənlər üçün bir növ vəsait
dərc edib . Burada cismani sevgi üçün daha rahat sayılan avtomobillərin
siyahısı verilib (Volvo V70, 2009 ; BMW 3-cü seriya; Bentley Azure,
2010; Range Rover, 2007; Land Rover Range Rover, 2010). Burda qeyd olunub
ki, həmən gün sevişməyə heç nə mane olmamalıdı. Axı bəzi dövlətlərin
qanunu, məsələn, Kanadada, İsraildə ictimai yerdə sevişməyi qadağan
edir. Amma maşın hərəkətə mane olmazsa və sizin hərəkətlər kimsənin
həyatına maneə deyilsə maşının salonu ənənəvi yataq otağını əvəz edə
bilər.
Xoşbəxt olsunlarmı?
Çox guman ki, hər il olduğu kimi sevgililər günündə çoxlu
qadınlar məyus olacaq. Çünki müasir kişilər öz yarılarının romantik
ümidlərinə uyğun olmaq istəmirlər. Sorğulardan məlum olur ki, bu günü
qadınların 75 faizi romantik məktub, ya da şeir almaq istərdi. Kişilərin
cəmi 6 faizi etiraf edir ki, keçən il belə hədiyyəni sevgilisindən əsirgəməyib
(fərqi özünüz hesablayın). Ola bilər biz çoxdandır ki, parıldadılmış
döyüş sürsatında olan cəngavərlər və pəncərədə oturub sevgilisini gözləyən
xanımlar deyilik. Amma hamımızın romantikaya ehtiyacımız var. Bu bizim
emosional DNT-mizin bir hissəsidir. Ola bilər bayram günü mənzilinizdə
divar kağızlarını yapışdırmalı olacaqsız və sonralar bunu ləzzətlə xatırlayacaqsız.
Bəlkə dünyanın bir hissəsi şaxtadan donarkən isti vannada yayılmaq da
pis olmaz. Yaxşısı budur ki, toy paltarlarınızı bir də əyninizə çəkib
(əgər alınsa) açıq üstü olan limuzində şəhəri gəzəsiniz. Qoy sizə baxıb
«xoşbəxt olsunlar»ı bir də desinlər…
***
Məncə yazını başqasının sözləriylə bitirmək yaxşı sayılmaz, amma lap
yerinə düşən fikirdi: «Sevgi hələ hər şey demək deyil, çörək deyil,
su deyil, leysan zamanı başın üstə səni qoruyacaq tavan deyil. Dənizdə
batanda ümid və quvvə verən şalban deyil ki, ondan tutub xilas olasan.
Sevgi boğulanda ciyərlərdə çatışmayan havanı də əvəz eləmir. Nə sınan
sümükləri birləşdirir, nə qanı təmizləyir. Amma sevgisiz ölürlər…» (Edna
Sent-Vinsent Milley)