Günəş bayramı
Gündüzlər gecəylə bərabərləşəndə…
Gün çıx, gün çıx, kəhər atı min çıx
Keçəl qızı evdə tut, telli qızı al çıx
Gün kəndini yetirir, keçəl qızı götürür.
Telli qızı gətirir…
Kiçik çillənin soyuğu canımızdan çıxan kimi ataların Alaçarpanın sərt
üzü barədə xəbərdarlığına məhəl qoymadan özümüzü yaz girirmiş kimi sanırıq.
Günəş şüalarını bir balaca artıranı havanın sərtliyinə baxmayaraq sanki
sümüklərimiz qızır. Axı irəlidə Azərbaycan xalqının ən sevimli bayramı
– Novruz gəlir. Qışın soyuğuna öz elçilərini – çərşəmbələri özündən
əvvəl buraxacaq, sonra isə yırğalana-yırğalana, aramla, tələsmədən və
həmişəki kimi gündüzün gecəylə bərəbərləşən günündə gələcək. Hamı üçün
Novruz ən əvvəl bahar bayramıdır.
Günəş kultu
Bəşəriyyət tarixinə ötəri nəzər salsaq belə dərin araşdırmalarsız
Yer üzündə bütün dinlərin, bütün inamların ən əvvəl Günəşlə bağlı olduğunu
görərik. Yer üzünün bütün yazıları onundur. Bu, ibtidai insanın təsəvvürləri
ilə bağlıdır. Çünki günəş olmasa yer üzündən həyat silinər. Sağ qalmaq
və nəsil vermək, üstəlik dünyanı fəth etmək iddiasında olan insan üçün
Günəş ən vacib və dəyərli səma cismidir. Bir də ki, onu görməmək mümkün
deyil. Minilliklər boyu biz həyatımızı Günəşlə ölçürük. Səhərlər onunla
oyanır, axşamlar birlikdə istirahətə gedirik.
Şərq müdrikləri deyir ki, gündüz və gecənin bərabərləşməsi planetin
vahidliyi günüdür. Çünki həmən gün Günəş bütün Yer kürəsini eyni dərəcədə
işıqlandırır. Hansısa nöqtənin işıq payından kəsmir. Bu prosesin özündə
nəsə ilahi məqam olduğunu da zənn edirsən. Həqiqət səviyyəsinə yüksəldilmiş
Günəş üfüqdən boylanır və Yerə öz mübarək şüalarını göndərir. Yazda
Yer üzündə gündüz və gecənin bərabərləşdiyi gün Günəş dəqiq Şərqdə çıxır
və eləcədə dəqiq Qərbdə batır. Yer üzündə tikilmiş daş meqalitlər, Zamanı
saymaq üçün uyğunlaşdırılmış abidələr hamısı bu prinsipin üzərində qurulub.
Kahinlər həmən bu mübarək günü gözləyirdilər ki, Günəşin lazımi pəncərədən
görünməsini qeydə alıb xalqı muştuluqlasınlar və bayram başlansın. Nə
qədər ki, Yer kürəsi hazırki oxu üzərində dayanıb bu elə belə də davam
edəcək.
Günəş Şərqdə çıxıb, Qərbdə batmalıdı!
Elmi ədəbiyyatda Novruz barədə materialların əksəriyyəti bu
bayramı günəş kultu və dolayısı ilə atəşpərəstliklə bağlayır. Biz Novruzda
odun üstündən atılırıq, süfrəmizdə şam yandırırıq. Amma bu ayinlər atəşpərəstliklə
bağlı deyil. Çünki atəşpərəstlər nəinki oddan tullanmazdı, həmçinin
onu görəndə yaşmaqlanırdılar ki, müqəddəs oda nəfəsləriylə toxunmasınlar.
Atəşpərəslik məbədlərinin əksəriyyəti, bizim Atəşgahımız kimi dörd tərəfə
açıq olan bir tikintilərdir. Məntiqlə odun sönməkdən qoruyan, onu müqəddəs
sayan atəşpərəst elə qala tikərdi ki, içindəki odu sönməyə qoymasın.
Yəqin ki, belə məbədin divarları da his içində olmalıydı. Amma belə
tip qalaların dörd yanı açıq və içində od qalanmasına baxmayaraq təmiz
olması atəşpərəstlik qalası kimi təqdim edilən abidələrin günəş kültü
ilə bağlı olmasını bir daha sübut edir. Qalanın yeri adətən Yer kürəsinin
4 tərəfinə uyğun gəlib yəqin ki, simvolik mənada həyat yaradan 4 ünsürlə
əlaqəli olmaqla Günəşin uğurla izlənməsi üçün inşa edilib. Başqa bir
tərəfdən baxsaq kahinlər kastasının Günəş qalalarında nə ilə məşğul
olmasından xəbərdar olmayan sadə xalq Günəşi görəndə sevincindən atılıb
düşən və Yaradana dualar yağdıran insanın Günəşi görcək sevindiyini
düşünər. Amma kahinlər dövrünün alimləri və uzaqgörənləri idi. Onların
çiynində dünyanın salamat qalması kimi ağır missiya vardı. Günəş həmişəki
yerindən çıxmışsa deməli nəinki bu obada, bütün planetdə hər şey qaydasındadır.
Ona görə də Yaradana alqış duaları yağdırmaq olar. Günəşə alqış deyən
kahinlər əslində onun Yaradanını anar. Qiyamət gününün əlamətlərindən
biri odur ki, Günəş Şərqdə çıxıb Şərqdə də batacaq.
Yer üçün Günəş kosmik enerji mənbəyidir. O, isti və işıq verir, bitki
və heyvanlar aləmini dolandırır və Yer kürəsinin atmosferini formalaşdırır.
Ona görə də planetin ekologiyası yalnız və yalnız ondan asılıdır. Onsuz
hava da olmazdı, ətrafımız azot okeanına çevrilərdi, donmuş sular və
buzlamış torpağın ətrafında aramla süzərdi. Biz təsadüfən Günəşə yaxın
planetlərdən biri olmasaydın yəqin ki, bu planetdə həyat da cücərməzdi.
Hətta hər şeyimiz əldən gedən zaman, lap sivilizasiyalar dağılan zaman
Günəş, külək, dəniz dalğaları və biokütlə istifadə edə biləcəyimiz təbii
enerji mənbəyi kimi qalacaq. Onu əldə etməkçün torpağı qazımaq, dərinlikdən
nəsə çıxarmaq lazım gəlməyəcək. Günəş öz lütfünü hələ ki, üstümüzdən
əsirgəmir. Ona görə də yaz bayramında Günəş ilə 4 ünsür - su, od, hava
və torpaqla birgə müqəddəslik səviyyəsinə qaldırılır.
«Çərxi-fələk tərsinə dövran edir indi…»
Mədəniyyət tarixini araşdırarkən çoxlu sayda simvollara rast
gəlinir. Onların hərəsinin öz mənası, tətbiq edilmə qaydası, öz açması
var. Bu simvolların içində ən qədimləri yenə də günəş simvollarıdır.
Hazırda xristianların simvolu sayılan xaç, faşistlərin işarəsi olmağa
məcbur olmuş svastika da qədim günəş simvollarıdır. Bu simvolları eramızdan
miniilliklər əvvəl yazılmış qaya üçtü rəsmlərdə, damğalarda, gil qablarda
görürük. Qədim insanın dünya görüşündə günəş rəmzləri əsas yeri tutub.
Svastika sözü qədim sanskrit dilin aiddir. Hərfi tərcümədə «xeyirli,
uğurlu bir şey» deməkdir. Svastika qollarını sola fırladanda xeyirə,
sağa fırlananda isə şərə qulluq edir. Dilimizdə bu simvola svastika
deyil, çərxi fələk demək qəbl edilib. Əlbəttə, belə naxışlara çərxi-fələk
deməyin özündə də şərtilik var. Bu simvol təbiət hadisəsindən daha çox
yaradılışla bağlıdır. Çünki çərxi –fələk ruhi modelləşdirir ki, bu də
ruhun doğulması və onun Allaha, əbədiyyətə yönəlməsidir. Azərbacanda
çərxi-fələk işarələrinə son turc və ilk dəmir dövrü qayaüstü təsvirlərdə,
keramika, metal məmlatlar üzərində, memarlıq abidələrində daha çox rast
gəlinir. Tədqiqatçılar bu simvolun Azərbaycan tayfaları üçün xarakterik
olduğunu deyir. Yəni ki, svastika bizim milli qədim simvollarımızdan
biridir. Təkərşəkilli günəş simvolları ilə bərabər bizim xalqın genetik
yaddaşında öz yerini almış və həqiqətlərdən hali adamları çox məqamları
açıqlayan bir işarədir. Çərxi-fələk, yəni svastikanın dörd tərəfə qanaqlanması
da dünyanın dörd tərəfini, həyat verici 4 ünsürünü (od, su, hava və
torpaq) simvollaşdırdığından bizə tamamilə məhrəm işarədir.
Qədim mifologiyaya görə Oğuz danın sökülməsini və səhərin açılmasını
təmsil edir. Oğuzun işıq və şüa ilə əlaqədar olan qızla evlənməsindən
doğulmuş uşaqların adı Gün, Ay və Ulduzdur. Biz Qobustan qayalarında
da həmin rəmzlərlə üzləşirik. Yəni ki, ay və günəş simvolları heç olmasa
8-10 mil il əvvəl bu torpaqlarda qutsal simgələr kimi qəbul edilib.
Ay və günəş simvolları Oğuzların dini-astreoloji görüşləri ilə sıx bağlıdır.
Yəni qədim Azərbaycan qamları həm göy qübbəsi haqda, həm də planetimizə
birbaşa təsir göstərən günəş və ay barəsində, həm astronomiya və astrologiyaya
dair geniş bilgilərə sahib idilər.
Gerbimizin və bayrağımızın günəşi
Məişətimiz, tariximiz günəşlə bəzənib, bu bir yana. Üstəlik
herbimizin simvolları da günəş simvollarıdır. Səkkizgüşəli ulduz günorta
çağı zenitdə olan Günəşi təmsil edir. Çünki yalnız bu vaxt Günəşin saçaqları
8 yerə parçalanır. Heraldika sənətində günəş və Ay simvolları «əbədi
daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ verilməsi əmin-amanlıq,
sülhsevərlik, barış mənasındadır. Günəşin mərkəzindəki alov təsviri
«Odlar yurdu»nu – Azərbaycanı simvolizə edir.
Bayrağımızdakı Ay və Günəş simvolu, yəni aypara və səkkizguşəli ulduz
bizə Səfəvilər dövlətindən qalmadır. Şah İsmayıl yeniyetməlik zamanı
qızılbaş miridləri ilə özünün ilk möhtəşəm tarixi yürüşünə çıxarkən
Qızılbaş qoşununun bayrağı kimi üstündə ələm şəkli olan qırmızı parça
qəbul edilmişdi. Səfəvilər dövlətinni qurulması ilə üzərində aypara
və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli dövlət bayrağı
qəbul edilib. Sonra yaşıl rəng və aypara, ulduz müstəqil Azərbaycanın
bayrağına köçdü.
Quranda günəşə and içmə
Müqəddəs kitabımız Quranda da Günəş və Ay barədə xüsusi ayələr
və əs-Şəms (yəni günəş), əl-Qəmər (yəni ay) adlandırılmış surələr var.
Əs-Şəms surəsi aşağıdaeı mətnlə başlayır:
- And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxtda).
- And olsun (günəşin) ardınca çıxan aya!
Müqəddəs kitabda müqəddəs simvollara and içməklə bu səma cisminin insan
nəsli üçün nə qədər vacib olduğu vurğulanır
Mehri günəşə salanlar
Azərbaycan ərazisində od və günəş simvolları ilə bağlı daha
bir qədim din, Mitra dini də mövcud olub. Zərdüştilikdən öncə bu ərazilərdə
yayılmış bu dinin mövcudluğunu maddi mədəni abidələr təsdiqləyir. Mənbələrdə
Mitraizm, Mehrpərəstlik kimi qeyd olunan və təktanrılı Zərdüşt dini
çərçivəsində izah olunmağa çalışılan Mitra kultu tarixdə tam olaraq
özünə dayanaqlı yer tutmayıb. Mitra simvolları aypara, günəş və ayğır
təsvirləridir. Avestada Mitranın təsviri verilib və bu təsvir Azərbaycan
ərazilərindən tapılan gil qabların üzərindəki rəsmlərlə eynilik təşkil
edir. Zərdüştilikdən əvvəl yarandığı və indiki Avropa torpaqlarında
geniş yayıldığından əsas simvolu olan ay və günəşlə bir çox inanclara
təsir göstərib. Müəllif Dilqəm Əhmədin Mitra ilahəsi haqqında məqaləsində
bayrağımızdakı simvolların, yəni aypara və günəş simvolunu Mitranın
simvolik təsviri hesab edir. Avestada yazılana görə Mitra döyüşləri
idarə edən və haqlı tərəfi, sülhsevər ölkələri, ailə ocaqlarını müdafiə
edən müharibə ilahəsi, gücün simvoludur.
Novruz ruhlar dünyasının yaranması bayramı
Elmi və populyan ədəbiyyatda Novruz bayramını yazın gəlişi,
gecə və gündüzün bərabərləşməsi mərasimi ilə yanaşı islam dini hadisələri,
peyğəmbərimiz və onun sağ əli İmam Əlinin adı ilə də bağlayırlar. Novruz
bayramı Həzrəti Əlinin doğumu, Məhəmməd peyğəmbərin (s) Fatimə ilə evləndiyi
gün, onun taxta çıxdığı, cinlər diyarına göndərildiyi gün də sayılır.
Bu gün Cəmşid padşahın Azərbaycanda taxta çıxdığı, həzrəti Adəmin yaradıldığı,
Yunus peyğəmbərin balığın qarnından çıxdığı, Nuh peyğəmbərin gəmisinin
qayaya oturduğu gündür. Amma bu bayram İslamdan əvvəlki dövrün yadigarıdır.
Yəqin zaman keçdikcə xalqın Novruza olan məhəbbətini tarixi hadisələrə
bir daha bağlamaq xətrinə bu tipli informasiyalar yayılıb.
Tədqiqatçı Firudin Gilar Bag sevimli bayramımız barədə fərqli fikirlər
deyir. Onun fikricə Novruzda oxunan nəğmələrdəki Qodu xan qırmızı günəşlə,
göylərlə bağlı olan xandır və o eyni zamanda od gətirə bilər. Qodunun
od gətirməsi onun Xızır peyğəmbərlə eyni obrazda olması deməkdir. Çünki
bu bayramda oxunan nəğmələrdə Xızırdan od gətirməsi xahiş edilir. İnama
görə Xızır peyğəmbərə Allah ölümsüzlük bəxş etmiş və çətin anlarda o,
insanların köməyinə gəlir. Onun gətirdiyi od rəmzi mənadadır və göydə
olan ilahi odun simvoludur. Tədqiqatçı Xızır sözünü Xız (Oğuz)- Ra (ər)
kimi , yəni ilkin materiyadan yaranmış Günəş kimi təfsir edir. Firudin
bəyin fikricə yerə yıxılıb ölən və sonra dirilən Kosa bu dünyada ölüb
sonra axirətdə dirilmə mənasındadır: «Deməli, Kosanın obrazı Prometey,
Musa peyğəmbər və s. obrazlar kimi yerə gətirilmiş ilahi odun, yəni
ilkin materiyanın obrazıdır ki, məhz bu enerjinin hasabına insan – kamil
insana (Homo sapiens) sevrilmişdir. Əgər nəzərə alsaq ki, pəhləvicə
«İlahi Od» mənasını verən müqəddəs elimizin Azər adı qədim Misirin Oziri
(Osiris) rəsmzi ilə eynidir, razılaşarıq ki, «Odlar yurdu Azərbaycan»
deyəndə adi od yox, ilahi od olan ilkin materiya başa düşülməlidir.
Novruzun 4 çərşəmbəsi də bilavasitə bu yaranışa işarədir. Novruz bayramı
insanın yaranışının, onun fiziki ölümündən sonra da ruhunun əbədi yaşaması
üçün Allah tərəfindən yaradılmış ruhlar dünyasınnı yaranışı bayramıdır».
Bu fikrin təsdiqini biz Yaponiyada yaz gecə və gündüzün bərabərləşməsi
günü qeyd edilən Syum no xi bayramında tapırıq. Tərcümədə o, «O biri
sahil» mənasını verir. Buddizmdə bu ifadəni «əcdadlarımızın köçdüyü,
ruhunun mənzil saldığı dünya» kimi tərcümə edirlər. Yaponlar da həmən
günü bizim kimi ölənlərinin qəbrini yad edir və evdə yır-yığış, təmizlik
yapırlar.
Xonçadakı kainat
Axtarsaq günəş simvollarını hər yerdə, sufilərin səma rəqslərində
də tapa bilərik. Personajları Günəş və Ay olan mərasimin fırlanan dərvişləri
də dürmadan fırlanan Yer kürəsini, həyat çarxını simvolizə edir. Simvollar,
xüsusilə də günəş simvolları hər yerdədir. Bu dünya yaranışından mütləq
gözəllik və ilahi kamillik dünyası olmalıdır. Bu kamilliyi pozanlar,
hətta simvollara onlara xas olmayan mənaları verənləri cəzasını o biri,
yaranışını qeyd elədiyimiz dünyada verəcəklər.
Svastikanın adını bədnam etmiş Hitler bu rəmz barədə deyirdi: «Milli
sosialistlər kimi biz öz proqramımızı bayrağımızda görürük. Qırmızı
rəngdə hərəkatımızın sosial ideyasını, ağ rəngdə millətçi ideyasını,
svastikada isə Aryan insanın mübarizəsinin qələbəsini görürük». Axı
kimdi bu Aryan insan ki, bütün dünyaya mədəniyyət yayıb? Bu tərəqqinin
başında isə Günəş simvolunu qoyub? Bütün bu suallarını cavabını öz tarixi
keçmişimizdə axtaraq. Bu gün biz bayram süfrəsinə yığdığımız şirnilərin
də quruluşunda informasiya oxuyuruqsa bu Aryanları qıraq eldə niyə axtarmalıyıq
ki? Qoğalların spiralı Süd yolu adlı ünvanımızdı. Günəşimizi şəkər çörəyinin
üstünə köçürmüşük. Ulduzumuz paxlava, doğan yarpağımız şəkərburadır.
Yaranışda iştirak etmiş 4 ünsürü müqəddəs bilib sayırıq. Kimə nəsə aydın
olmasa səkkiz guşəli ulduz formalı xalçalarımızın mərkəzində, yəni xonçasında
bardaş qurub otursun. Nemətləri dadıb Yaradana bir şükür desin. Novruzun
bütün ssenarisinin mahiyyəti də özünü və Yaradanını tanımaqdadır…