Belə də yaz olar?!
Yaxud, göylər başımıza
yağış əvəzi inək yağdırarsa…
İsti, rahat evində, həmsişəki kreslonda və iş masasının arxasında
oturub bayırda yağan yağışın alüminum damların üstündən çıxartığı tıqqıltıya
qulaq verəndə təbiət hadisələrindən – qardan, yağışdan, günəşdən – yağmağın
gəlir. Bəlkə də artıq yağmağa bir şey olmadığındandır. İnsanın sözü
bitəndə susub təbiəti dinləməkdən başqa çarəsi qalmır.
Göydən pul da yağar, xərçəng də
Kimi danışdırırsan, deyinir ki, «Belə də yaz olar?!». Qar
yağır, sonra yağışa çevrilir, sonra gün bir balaca boylanan kimi yenə
də qar yağır. Adamlar da ki, bilmirlər nə istəyirlər. İstidə soyuğu,
soyuqda istina arayırlar. Bəs yağış olmasa ağaclar suyu hardan içsin
axı? Onsuz da əlinə vedrə alıb ağacları sulayan deyilsiz! Qoy yağır
da, nə maneçiliyi var? İstəyir yağış kimi yağsın, istyir qar kimi, özü
bilər. Palçığı yağıntı yox, insanlar yaradır. Yağış yağsa çətirini açıb
forsla dayanırsan, göydən yağan suyu heç vecinə də almırsan. Amma elə
yağıntılar olur ki, çətir kömək eləmir. Sovet multfilmi vardı, nağılın
qəhrəmanı arzulayan kimi göydən göbələk yağışı, sonra kök yağışı yağırdı.
Hərə də gəlib bir qucaq payını yığıb aparırdı. Tarix bizə göstərib ki,
göydən turşulu yağaşlar, hətta - qulaqlara qurğuşun - radioaktiv yağışlar
da yağa bilər. Naşükürlük eləməyək.
Müasir sivilizasiyanın böyüdüb yetişdirdiyi insan üçün yəqin
pul yağışı ən sərfəlisidir. Fantastikaya bənzəsə də belə hadisə baş
verib. 1857- ci ildə fransız şəhəri Burjedə göydən yerə 1000 franklıq
kağızlardan ibarət yağış yağıb. Şəhər sakinləri belə yağışı necə alqışlamasın
axı? Göydən qızıl yağan vaxtlar da olub. 1940-cı ilin iyul ayında Qorki
vilayətinin Meşerı kəndində göydən su əvəzinə qızıl səpələnməyə başlayıb.
Amma hayıf ki, qızıl və gümüş pullar bir az gecikib, İvan Qrozdnı zamanının
pulları olub. 1957-ci ildə isə ingilis qraflığı Daremə yağışla birgə
yarım penslik qəpiklər də yağıb. Yalan, ya gerçək, babalımı yandıra
bilmərəm, amma bunu bu günün ən etibarlı mənbəsi, yəni dünya hörümçək
toru yazır ki, göydən təkcə pullar deyil, polis uniforması da yağa bilər.
Bu, 1934-cü ildə Amerikanın İst-Paçoq şəhərciyində baş verib. Elə bil
ki, buludların içində bir rəf var və lazımsız əşyalar ora toplanır.
Sonra basabas olandı hamısını yerə səpələyir. Belə olmasaydı 1858-ci
ildə göydən yerə 2-ci dünya savaşından qalma alman bombası düşməzdi.
Bomba qasırğa zamanı İtaliyanın Neapol şəhərinə düz mərkəzi küçələrin
birinə düşüb. Partlayıb, yoxsa yox, onu demirlər.
1804-cü ildə İspaniyaya taxıl yağışı yağıb. Deyilənə görə o qədər çox
imiş ki, kəndlilər taxılı bellə kürüyürdülər. Sonradan məlum olanı bu
taxıl Afrikadakı taxıl anbarlarının qasırğa zamanı göyə qaldırdığı taxıllardı.
Deyəsən Afrika bu dəfə də ac qaldı. 2002-ci ildə isə yunan şəhəri Koronaya
balıq yağışı yağıb. Bu balığı dəniz qasırğası toplayıb və 15 kilometr
sürüyərək camaatın başına töküb. Dənizdəki qasırğalar meduzuları, qurbağaları
yüz kilometrlərlə aralıya tökmək zarafıtını tez-tez edir. Pekində göydən
meduza yağan kimi hamı bilir bu hansı tərəfdən gəlmədir. Dəniş heyvanları
uzaq məsafələrə uçmalı olanda ya qorxudan, ya da havasızlıqdan ölürlər
və adamların başına çırpılanda elə də böyük fəsadları olsur. Amma 1754-cü
ildə Bavariyanın kəndlərində göydən canlı xərçəng yağışı yağanda yerli
camaat ağıllı-başlı xəsarət almışdı. Göydən yağan canlılar arasında
birinciliyi inəklər əldə edib. 1990-cı ildə Oxot dənizində yapon balıqçı
qayığı içinə inəklər düşdüyünə görə suya batmışdı. Sağ qalmış balıqçılar
ağız dolusu göydən düşən inəklərin sayını dedikcə bu əhvalatı dinləyənlərin
həmişə dodağı qaçırdı. Bu boyda sadalanan hadisələrdən sonra göydən
yağan ən adi, ən normal su damcılarına şükür etməmək olarmı? Təbiət
zarafatı sevir deyəsən? Gedim bir pəncərədən bayıra boylanım görüm?
İnsan təbiətin dilin hələ ki, bilmir
İnsanlar havadan və seysmoloqlardan həmişə narazı olur. Hava proqnozları
düz çıxanda kimsə onların zəhmətini tərifləməz, bir xoş söz deməz. Amma
düz çıxmayan kimi hamı bir ağızdan təbiətin damarını tutmağa çalışanlara
isti, qaynar mesajlar göndərdikcə onlardan bir neçəsi təbitəin ünvanına
göndərilir. Qədim zamanlarda təbiət hadisələrini canlandırıb onlara
insani xasiyyətlər verib miflər qoşardılar. Çünki insan təbiətin hələ
ki, dilin bilə bilmir. Məsələn, ingilislər bütün elmi imkanlarını səfərbər
etsə də son illərdə Londona cümə axşamlarında yağan yağışın o biri günlərdən
niyə artıq olduğunu izah edə bilmirlər.
Meteohəssas və meteopatik adamlar da çoxdur. Meteohəssas adamlar təbiət
hadisələri zamanı səhhətlərində ciddi dəyişikliklər hiss edirlər. Meteopatlar
isə pis havada, məsələn yağışda lap manyaka çevrilirlər. Napaleonun
da xasiyyətində belə zəifliyi olduğunu deyirlər. O, həyatının ən iri
uğursuzluğunu yağışlı havalarda yaşayıb. Çünki hava yağmurlu olanda
Napaleon enerjisini sanki itirir və bağışlanmaz səhvlər buraxırdı. Vaterlou
ətrafındakı döyüşdə uğursuzluğu tarixçilər yağışın boynuna yıxmaq fikrindədirlər.
Yağışın kəşflərindən
Faşist ordusunun süqutundan sonra əsgərlərin Qızıl meydanda
barabanların zərbləri altında addımlayıb faşist bayraqlarını Mavzoley
qarşısında yerə atması səhnəsini yəqin görüb. Amma çox az adam bilir
ki, bu səhnənin əzəmətli alınmasına yağış mane olacaqdı. Yürüş başlamazdan
bir az əvvəd yağış damcıladı və bütün barabanlar nəm çəkdiyindən artıq
heç bir səs çıxarmırdı. Yaxınlıqdakı mərkəzi univermaqda iri sobalar
quraşdırıldı. Bir barabanlar qurudulanadək o biriləri çaldı və onaların
yerini tez-tez dəyişdirməli olurdular.
Deyirlər ki, darts oyunu (nişangaha ucu biz oxcuqlar atmaq), eləcə də
tennis yağış zamanı adamların darıxmasında əmələ gəlib. 15-ci əsrdə
ingilis oxatanları məşqə gedəndə möhkəm yağışa düşürlər və yaxınlıqdakı
pivəxanada oturub gözləmək qərarı verirlər. Amma yağış uzun çəkir və
səbri tükənən oxatanlar oxlarını qırıb nişangaha tullamağa başlayırlar.
Tennisdə də əvvəlcə top əvəzinə boş siqaret qutuları, şampan tıxacları
işlədilirdi. Sonradan hər şey sivilləşdi. Yağışın sivilizasiyaya verdiyi
daha bir töhvəsi də var. Qədim yunanlar heykəlləri yağışdan qorumaq
üçün onların başını mis dairə ilə örtürdülər ki, açıq hava altında qalmaqdan
su yuyub aparmasın. Amma onların ağlına da gəlməzdi ki, az sonra başın
üstündəki parıldayan dairə – nimba heykəllərin ilahi mənsubluğunun rəmzinə
çevriləcək. İngilis kralı 7-ci Eduard (onu kişi modasına gətirdiyi yeniliklərlə
tanıyırlar) yağışlı bir gündə balaqlarını yaş etməmək üçün çırmalamasaydı
indi kişilər şalvarlarında manjet gəzdirməkdə utanardı.
1854-cü ilin yayında Paris rəsədxanasının direktoru Urben Liverye evə
çox pis əhvalda qayıtdı. Otağına girib qapını içəridən kilidlədi. 2-3
saat nəsə yazıb cızdıqdan sonra çıxanda cəmi bir cümlə dedi: «O, 2 gündən
sonra orda olacaq». İlk dəfə idi ki, sinoptik xəritə tərtib edilirdi.
Leverye Krım sahillərində yağacaq yağışın 2 gün əvvəldən proqnozunu
vermişdi. Onun tapıntısı Krım müharibəsinin taleyinə təsir göstərdi
və sinoptiklərin dalınca deyinməyimizə baxmayaraq yeni, hörmətə layiq
peşənin əsasını qoydu.
Göydəki yeganə «İliç lampası»
Əgər biz Partuqaliyada yaşasaydıq yağış zamanı avaraçılıq
da edə bilərdik. Orda havanın pis olması işə gəlməmək üçün tutarlı və
üzürlü səbəb sayılır. Yağışın dalıyca deyinməyimizə baxmayaraq bizim
günəşimiz daha artıq olur. Günəş də ki, ucqar kəndin klubunun üstündə
yanan yeganə işıqlı ulduz kimi bütün qalaktikanı işıqlandırmaqla işini
məşdudlaşdırmır. O, maqnit sahələrindən hörülmüş, möhkəm istilik-nüvə
reaktorudur ki, bütün Qalaktikadakı biomaddələri, o cümlədən də insanları
tərpəşməyə vadar edir. Hələ 115 il bundan əvvəl alimlər bu nəzəriyyəni
artıq sübuta yetirmişdilərsə də həmin nəzəriyyə bizim ərazilərdə başqa
dahiyanə nəzəriyyələr kimi iflasa uğrayır. Çijevskinin qoyduğu təcrübələr
sübut edir ki, Günəş bitlərin nəsil artırma sürətinə təsir göstərir.
İnsanlarsa ən böyük lampanın təsiri altında müharibələr edir, inqilablar
yapırlar. Alimlərin müşahidəsinə görə günəşin 11 illik aktivlik dövriyyəsi
var. Bu 11 ilin əvvəlində günəş yavaş-yavaş işıqlandırır, sonra qara
ləkələrlə örtülür, sonra həmin qara ləkələr qızıb partlayır. Bir qrup
günəş ləkəsinin partlaması onlarla milyard kvadrat kilometrləri əhatə
edə və bir neçə dənə Yer kürəsi boyda yumrunu uda bilər. Yəni ki, yer
üzündə gəzişib deyinən insanların yaşayış kürəsi günəş şüalarında çimdiyi
üçün hələ ki, başını dolandırır.
Tsiklin niyə 11 il olduğunu hələ ki, kimsə izah edə bilmir. Bəzən o,
13 ilə qədər də uzana bilir. Sonuncu 13 illik dövr 1996-cı ildə başlayıb
2008-ci ildə bitib. Alimlər deyir ki, Günəşin 11 illik dövriyyəsinin
ən aktiv illərində cəmiyyətdə qiyamlar, inqilablar, etirazlar baş verir.
Siyasi cəhətdən cəmiyyət nisbətən stabildirsə onda qətllər, özünə qəsdlərin
sayı artır. Belə nəticələrə gəlmək üçün alimlər 2500 il ərzində 80 ölkənin
tarixini dərindən öyrəniblər. Günəşimizin üzündəki qara ləkələr artdıqca
Yer kürəsinin müharibələri, qiyamları və epidemiyaları çoxalır. Sonuncu
dövrün 2008-də bitdiyini və Günəş aktivliyinin 11 ilindən artıq 4-nün
getdiyini nəzərə alsaq deməli cəmiyyətimizdəki dartışmalar, tərpəşmələr
artıq gözə girməlidir. Bu nəzəriyyəyə görə keçən əsrdəki bolşevik inqilabı,
Stalin repressiyaları, Əfqanıstan müharibəsi, İran islam inqilabı, eləcə
də Çeçen müharibəsi, hatta Qarabağ müharibəsi də özbaşına baş verməyib.
Ərəb baharının gözlənilmədən çırtlayan çiçəkləri hədə öz bəhrələrini
də verəcək.
Babalı Günəşin boynuna
Bu ərazilərdə, günəşimizin bol olduğunu nəzərə alsaq Azərbaycan
ən öndəgedən ideyaların, ən cəsarətli fikirlərin reallaşacağı bir meydanı
xatırlatmalıdı. Amma buralarda hələ ki, bit-birənin cinsi fəallığı gözə
girir. Dinimiz özünə qəsdlərin qarşısını cəhənnəm qorxusuyla alır. Tərpənişlər
isə əksər hallarda qurşaqdan aşağı olur. Bax indi, alimlərin bütün dünya
üzrə apardığı təcrübələrin nəticələrini oxuyandan sonra onun bəzi ərazilərdə
işləmədiyini görüb deyinməyin zamanıdır! Dünyanı tərpədən Günəşin aktivliyindən
yanıb tökülən çöllərimizə yağan yağışın, qarın artıqlığından deyil,
aktivliyimizin azlığından narazı olmalıyıq. Günahı Günəşin üstünə ataraq
aktivlik zamanı divanda oturub qalmaq olmaz. Alimlər Günəş aktivliyinin
növbəti dalğasını 2013-2014-cü illərdə görür. Məqamdı. Çünki onu əldən
buraxsaq bir daha 2019-cu ili gözləməliyik.
Ocağa su töküb söndürmək günahdı
Ola bilər yazının bu yerində başıma bir vedrə su əndərib sakitləşdirmək
daha məsləhətli olardı. Yoxsa inqilablardan dəm vururam. Danışırlar
ki, Sokratın deyingən arvadı varmış. Bir dəfə onu o qədər bezdirir ki,
kişinin əl-ayağı sustalır və qapının ağzında çöməlib oturur. Arvad eləmə
təmbəllik, bir vedrə suyu əndər kişinin başına. «İldırım çaxandan sonra
həmişə yağış olur» deyən Sokrat heç halını pozmadan durub yoluna davam
edir. Sokrat ağıllı kişi idi, təbiət hadisəsinə görə kefini pozmazdı.
Biz də müdrik olaq, təbii hadisələrdən ləzzət almağı öyrənək.
Çərşəmbələrdən sonrakı yeni gün
Yazdı. Yazda yağış yağar. Yazda Günəş parlayar. Baharda torpaq
dirçələr. Baharda mütləq küləklər əsər. Çərşəmbələri yola verəndən sonra
günəşin parlamağına bir şey qalmır. Bir də gözünü açıq görəcəksən ki,
Günəş şəhərin palçığını qurudub, külək də tozunu göyə qaldırıb. Rusiya
kanallarında yazqabağı bir reklam gedir. Aktyor deyir ki, «Əgər yazın
gəlməsini arzulayırsansa və qışdan bezmisənsə get qarı kürə. İnan mənə
hardasa qalın qar örtüyü altında asfalt var». Həmin reklamın variantı
kimi: «Qışın yağışından, palçığından bezmisənsə get şəhərinin çirk-pasını
təmizlə. İnan mənə, hardasa palçığın, çirkabın, zibilin, polietilen
kulyoklarının qalağı altında hələ də torpaq var». Günəş şüalarıyla bu
torpağı qıdıqlayıb oyadacaq yəqin…