Xəstə şəhər

Donuz qripi şəhəri ağzına alan
kimi, daha doğrusu insanların beyninə qorxu şəklində soxulan kimi hamı,
hətta adını çəkmək belə naxoş xəstəlikdən betər azara yoluxmuşlar canı
üçün narahat olmağa başladı. Tərs kimi balaca oğluma da bağçada donuz
qripinin gəldiyini dedilər və bərk-bərk özünü qorumağı tapşırdılar.
Yol boyu oğlum məni sorğu-sual edib öyrəndi ki, bu xəstəlik gözə görünmür
və adamın içinə burnu ilə ağzından girir. Dediklərimi yanımızdan ötüb
keçən maskalı əmi və xalalar görkəmi ilə bir daha təsdiqlədikdən sonra
uşaq anladı ki, bu nədisə ciddi bir şeydi. Səhəri gün yuxudan çığırıb
oyandı və «Ay ana, mən istəmirəm donuz qripi ağzıma girsin» deyib ağlamağa
başladı. Mən uşağa necə başa salım ki, bu şəhər və şəhərlilərin xəstəliyidir,
elə də ciddi bir şey deyil. Bir də ki, şəhər xəstədirsə onun əlindən
tutub həkimə necə aparaq? Amma alınsyadı, o qədər maraqlı şeylər öyrənərdik.
Axı özümüz də xəstələnən kimi tam müayinədən keçəndən sonra, xəstəliklərin
bütün buketini reseptə çevirib əlimizə alandan sonra rahatlaşırıq. Müayinədən
sonra həkim bizi beş barmağı kimi tanıyr da deyə bilər.
Sən demə şəhərlərin öz xəstəlikləri varmış və dünya bununla çoxdan maraqlanır.
Məsələn, amerikalı psixoloqlar rusiyalı emiqrantları sağaltmağın çətinliyini
etiraf edir. Çünki onlar böyürtkən mürəbbəsinin sehrli qüvvəsinə inanır
və əmindirlər ki, havanın soyuması və zökəm xəstəliklərinin yayılması
arasında nəsə bir əlaqə var. Amerikalı alimlərin bizim xəstəlikləri
dua ilə sağaltmaq metodlarımızdan hələ xəbəri yoxdu. Ona görə də sırf
şəhərə məxsus xəstəlikləri bir yerə yığıb görək onlardan hansı bizdə
var, hansı yoxdu. Bu sivilizasiyaya diaqnoz qoyan tapılacaq, ya yox?!
Atipik pnevmoniya (Severe acute respiratory syndrome)
2003-cü ildə ortaya atılmış bu xəstəlik son illər KİV-də ən
çox adı çəkilənlərdəndir. Bu xəstəlik ölümcül elan edilmişdi, çünki
hər 10 nəfərdən biri ölürdü. Hətta antibiotiklər də kömək etmirdi. Xəstəlik
çəkilib gedəndən sonra nəticələr ortaya qoyuldu: 8437 yoluxmuş adamdan
cəmi 813 nəfəri dünyasını dəyişmişdi. Epidemioloqlar belə yaxşı işləyib,
yoxsa xəstəlik o qədər də qorxulu deyildi, amma çin qripinin sədası
şəxsən mənim hələ də qulaqlarımdan getməyib.
Narahat ayaqlar xəstəliyi (Restless legs syndrome)
Mənbəyi bilinməyən bu xəstəlik ya nevroloji, ya da psixidir.
Pisient daima ayaqlarını tərpədir. Ona elə gəlir ki, ayaqları ya qaşınır,
ya ağrayır. Ən dəhşətlisi odur ki, xəstə yatan zaman əlamətlər yoxa
çıxmaq əvəzinə şiddətlənir və onu istirahət etməyə qoymur. Ozlərini
uğurlu sayan amerikalılarn 3 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin
adını ilk dəfə 17-ci əsrdə çəkiblər və məişətimizə 1945-ci ildən bəri
soxulub. Amma həkimlər bunun da dərmanları yaxşı satmaq istəyən farmaseptlərin
qurması olduğunu düşünür.
Diqqətsizlik difesiti xəstəliyi (Attention deficit disorder)
21-ci əsrin uşaqlarının ən məşhur xəstəliyidir. Yer üzünün
hər 20 uşaqdan birinə bu diaqnozu qoyurlar. Xəstə adlandırılmış uşaqlar
impulsiv olur, diqqəti cəmləyə bilməyərək ətrafdakılarla ünsiyyət qura
bilmirlər. Keçmişdə onları çətin uşaq adlandırardılar. İndi onlara xəstə
deyirlər. Həkimlər bunu xəstəlik adlandıran kimi böyükləri də bu məsələyə
qatdı. Yaxşı ki, böyüklər özlərini müdafiə edə bildilər. Dünyada elə
tibb mərkəzləri var ki, bu xəstəliyi cəmiyyətdə çox normal və hətta
lazımlı sayır. Yoxsa ki, dahi insanlar hardan əmələ gələcəkmiş? Ola
bilər ki, Enşteyn, Tomas Edisson da bu azarla «xəstə» idi.
Disleksiya (Dyslexia)
Yazı –pozuya, oxumağa yararsız adamlara belə diaqnoz qoyurlar.
Amma intellektual imkanı normal olarsa. Deyilənə görə bu xəstəlik yazı
çıxandan bəri var. Guya ki, «xəstə»lər ona görə yaza bilmir ki, sözləri
hecalara ayıra bilmirlər. Amma dili çox çətin sayılan Çində belə xəstələr
ingilisdilli ölkələrdən çox-çox azdı. Ola bilər ki, tədris metodikası
onları xəstələr çırasına yazır. Məşhur disletiklərdən Ozzi Ozborn, Tom
Kruz və hazırki İçveç kralını göstərə bilərik.
Buna uyğun olaraq əvvəlcədən hazırlansmış plana əsasən hərəkət eləyə
bilməyənlərə displeksiya, hesabla yola gedə bilməyənlərə diskalkuliya
yarlıkı yapışdırırlar.
Yerusəlim sindromu (Jerusalem syndrome)
Dini zəmində psixozdu. Yəni ki, normal psixikalı adam Yerusəlimə
gələn kimi xəstələnir, mehmanxana döşəkağılarına bürünüb dini mətnləri
deklomasiya edir. Bu xəstəlik yəhudiləri sevdiyi qədər xristianları
da azdırır. Kfar-Şaul psixi mərkəzin rəsmi məlumatına görə hər il 200
min turistlərdən 100 nəfəri bu xəstəliyə yoluxur və Yerusəlimdən çıxan
kimi öz-özünə sağalır.
Karosi (Karoshi)
Yaprniya və Cənubi Kareya üçün xarakterik fenomendir. Tamamilə
sağlam insan öz iş yerindəcə keçinir. Adətən ürək tutmaları, stress
və yorğunluqdan olur. Axı yaponlar həftənin 6 gününü işləyirlər və hər
gün işdən sonra da 2-3 saat artıq orda qalırlar. Bu xəstəliyin ən yüksək
nöqtəsi kesən əsrin 80-ci illərində iqtisadi böhran zamanına düşür.
Həmin illərdə qısa müddətdə bir-neçə məsul şəxs danışıblarmış kimi elə
kabinetindəcə keçinibmiş.
Həyatın dörddə biri krizisi (Quarter-life crisis)
Xüsusilə Qərbdə yayılmış bu xəstəlik adamı 20-25 yaş arası
tapa bilər. Bu yaşda uğurlu biznesmenlər, idmançılar, musiqiçilər, aktyorlar
artıq tanınır və zənginləşirlər. Onlar özü xəstələnmir, amma yerdə qalanlarını
natamamlıq komplekləri ilə yoluxdururlar. 25 yaşında uğur qazana bilməyəndən
özünü dərdə salır. Bizdə belə şeyləri dərd eləmirlər, el arasında buna
paxıllıq deyirlər.
Kulrofobiya (Coulrophobia)
Klounlardan qorxmağı indi belə adlandırırlar. Termin ilk dəfə
1999-cu ildə işlədilib. «Ihateclowns.com» saytının sahibi Rodni Blekuellin
müşahidələrinə görə xəstələr klounun geyiminə və xüsusilə də xarakterik
gülüşünə dözə bilmirlər.
Metobalik sindrom (Metabolic syndrome)
Bu xəstəlik yox, şəkər xəstəliyinə, yüksək təzyiqə, piylənməyə
gətirib çıxara biləcək faktorların cəmidir. Məsələnin belə qoyuluşu
hamıya, xüsusilə də totuq-motuq adamlara sərf eləyir. Onlara «Nəsə kökəlmisən
ha» deyən olsa cavabını eynini pozmadan «Məndə metobalik sindrom var»
deyə bilər. Əvəzində həkimlər «az yeyin» deməkdən canlarını qurtarıb,
dərman istehsalçıları isə varlanmağa bəhanə qazanıb.
Çoxşaxəli kimyəvi həssaslıq (Multiple chemical sensitivity)
Ən sirli xəstəliklərdən biridir. Onun nə təbiəti, nə də hardan gəldiyi
məlumdur. Onu bəzən 20-ci əsrin xəstəliyi də adlandırırlar. Pasient
təzəcə köçdüyü mənzilə reaksiya verə bilər. Yeni kabinetində oturduğu
yerdə halı dəyişə, ürəyi bulana bilər. Bu allergiya olmadığından həkimlə
bu xəstəliyi müalicə etməkdə aciz olduqlarını etiraf edirlər. Peyda
olduğu kimi birdən də yoxa çıxa bilər.
Əsəbi anoreksiya (Anorexia nervosa)
Psixi xəstəliklərdən sayılır. İştahanın yoxa çıxması və bədənin
ifrat arıqlığına səbəb olur. Adətən çox arıq olanlar özlərini kök adlandırarsa
deməli artıq xəstələnmək üzrədir. Kişilər bu xəstəliyə qadınlardan 18
dəfə az yoluxur. Adətən varlı ailələrin qızları, intellektual səviyyəsi
yüksək olan xanımlar bu xəstəliyə yoluxur. Xəstəlik 19-cu əsrdə meydana
çıxıb, yəni ki, köklük tamamilə dəbdən düşəndən sonra. İndi isə supermodellər
nümayiş zamanı podiumdaca yerə sərilirlər və bəzən də ölürlər. Həkimlər
də bundan qorxub az qala 7 yaşlı qızlara bu diaqnozu qoyurlar. Onları
başa düşmək olar, axı anoreksiya xəstələrindən 10 nəfərdən biri həlak
olur.
Əsəbi bulemiya (Bulimia nervosa)
Bu tip xəstələr isə zahiri görünüşlərinin qeydinə qalaraq
tez-tez yemək rejimini dəyişirlər. Əvvəl lazım olduğundan lap çox yeyir,
sonra peşman olaraq yeməyi qaytarmaq, ya da fiziki çalışmalarla özünü
arıqlatmaq istəyirlər. Sonra yenidən yeməyin canına düşürlər.
Quş qripi (Bird flu)
Bu termin özünü xəstəliklər sırasına 2006-2007-ci illərdə
soxub. H5N1 tipli virus əslində insandan insana keçmir, yalnız heyvandan
və yoluxmuş quşlarla kontaktda olmuş insana keçə bilər.
Seksomniya (Sexsomnia)
Seksomniya xəstələri yuxuda nəzarətdən çıxmış seksual hərəkətlərdən
əziyyət çıkirlər. Bu barədə ilk elmi işlər 2003-cü ildə yaransa da artıq
bu müddəa ilə, yəni hərəkətləri xəstəliyin simptomları kimi qələmə verməklə
bağlı işə 2004-cü ildə Norvecdə baxılıb. Bu məhkəmə işində zorakının
xəstə olduğu sübut edilib və ona bəraət veriblər. Əksər hallarda həkimlər
düşünür ki, seksomniya nə xəstənin özü, nə də ətrafdakılar üçün qorxulu
deyil.
Dorian Qrey sindromu (Dorian Gray syndrome)
Oskar Uayldın personajının adı ilə adlandırılmış bu xəstəliyə
yoluxmuşlar qocalıqdan qorxur və ona görə də saysız plastik əməliyyatlara,
kosmetik vasitələrə əl atırlar. Nəticələri bəyənməsə depressiyaya düşə,
hətta özünü də öldürə bilərlər.
Pis dünya sindromu (Mean World Syndrome)
Bu xəstlik çoxlu mənfi xəbər, fəlakətlər, faciələr haqqında
informasiyaların təsiri altında baş qaldıra bilər. Belə xəstələr yeni
zorakılıq vasitələrinə qarşı qeyri sağlam maraq göstərirlər.
Həqiqi inam sindromu (True-believer syndrome)
Paronormal hadisələrə inamı, xüsusilə də onların yalançı olduğunu
çübuta yetirəndən sonra marağını saxlamış şəxsləri həkimlər xəstə hesab
edir. Sektalara cəlb edilmiş insanlar məhz bu səbəbdən həqiqəti bildikdən
sonra da inamlarını saxlayırlır. Hətta Yer kürəsinin vəd edilmiş sonu
gəlməsə belə liderlərinə inamı saxlamaqda davam edirlər.
Kapqra sindromu (Capgras delusion)
Bu cür adlanan xətələr dostlarından, ya da qohumlarından birini cəsus,
ya monstr, ya da yad planetli hesab edərək özündə əmin olur ki, onu
dəfişdiriblər.
Piter Pen sindromu (Peter Pan syndrome)
Heç cür böyümək istəməyən, böyüməyə müqavimət göstərən adamlara
belə diaqnoz qoyurlar. Ən parlaq nümuna kimi Maykl Ceksonun adını çəkirlər.
Gözlənilməz cihad sindromu (Syndrome of subjective doubles)
Bu xəstəliyi ilk dəfə 2006-cı ildə amerikalı şərqşünas Daniel Payps
təsvir edib. Guya ki, firavan yaşayan sıravi müsəlmanda birdən-birə
bu xəstəlik baş qaldırar və o, ətrafdakılara qarşı aqressivlik göstərə
bilər. Müsəlman müşahidəçiləri hesab edir ki, bu diaqnoz islama qarşı
yönəldilmiş bir addımdır.
Tibb tələbələri sindromu (Medical student syndrome)
Hansı xəstəlik barədə oxuyursansa o xəstəliyin əlamətlərini
özündə tapırsansa deməli bu xəstəliyə sən də yoluxmuş sayıla bilərsən.
Keçmişdə bu xəstəlik tibb tələbələrində və evində Tibbi ensiklopediyası
saxlayanlarda olardı. İnternetin inkişafı ilə xəstəlik hamını yoluxdurub.
Xroniki yorğunluq sinlromu (Chronic fatigue syndrome)
Xəstələnənlərdən üçdə ikisi qadınlardır. Onlar lap kiçik işdən də yorulduqlarını,
əzələlərdə və oynaqlarda ağrılardan əziyyət çəkdiklərini deyirlər. Təbabət
bu xəstəliyi əsəb və immun sistemində anlaşılmayan səbəblərdən meydana
çıxması ilə bağlayır. Skeptiklər isə psixoloji terapiya kurslarına getməyi,
təmbəlliyin daşını atıb çox hərəkət etməyi tövsiyə edirlər.
***
Görürsüz, donuz qripindən də dəhşətli xəstəliklər var ki, hardan gəlib
hara getdiyi heç məlum deyil. Xoruz banı eşitməmiş xəstəliklərdən çikunqunyanın
adını çəkmək olardı. Ağcaqanadların daşıdığı bu virus Hind okeanı tərəflərdə
yayılıb və deyilənə görə buralara da yolüstü dəyəsidi. Əgər mən neofobiyadan
əziyyət çəksəydim, yəni artıq tapdanmış cığırdan dönməkdən, yenilikdən
qorxsaydım yəqin ki, bu gün xəstəliklərdən danışmaq əvəzinə hansısa
bir dahinin portretini cızmağa çalışardım. Amma bilmək bilməməkdən yaxşıdı.
Erqaziofobiya məni yaxalasaydı, yəni işə başlamaqdan qorxsaydım yazını
sona çatdıra bilməzdim. Amma bir şübhəm hələ ki, ürəyimi deşir: bəlkə
məndə də sensorluluq zəifliyi var? Kompüterin işığına, marşrutdakı qoxulara,
təsadüfi toxunmalara, axmaq fərziyyələrə möhkəm reaksiya verməyə başlamışam.
Gərək həkimə gedəm.