Kimsəsizlərin bayramı
Uşaq ilində uşaqların
müdafiə günü
İyunun 1-də qeyd olunan «Uşaqların beynəlxalq müdafiə günü»
keçmiş Sovet İttifaqında çox populyar bayram idi. Yayın ilk günündə
məktəbdən qurtulmuş uşaqlar ən uzun tətilin başlanmasını yaşamaq ləzzətilə
çimərliklərə, istirahət zonalarına üz tuturdular. Bununla da özlərini
zəhlətökən müəllimlərdən müdafiə olunmuş kimi sanırdılar. İyunun 1-i
ən qədim beynalxalq bayramlardan biridir. İlk dəfə bu günün qeyd olunması
qadınların Beynəlxalq Demokratik Federasiyasının noyabr sesiyasında
1949-cu ildə qəbul edilib. Uşaqların Beynəlxalq müdafiə günü 1950-ci
ildən bəri hər il qeyd olunur. Bu gün dünyanın 21 ölkəsində Beynəlxalq
Uşaqlar günü kimi qeyd edilir. BMT bu təşəbbüsü dəstəkləyir və uşaqların
hüquqları, həyat və sağlamlığının qorunması məsələsini ən əsas fəaliyyət
istiqamətlərindən biri sayır.
Hər ilin iyunun 1-də uşaqlarçün əlimizdən gələni eləməyə çalışırıq.
Onlara asfaltı təbaşirlə bulaşdırmağa, konsertlərdə, attraksionlarda
qulaqları batanacan çığırmağa, şarları partlatmağa, boğazları gələnədək
dondurma yeməyə də icazə veririk. Amma əslində bu bayram atalı, analı,
arxalı uşaqların bayramı deyil. Bu gündə gözü yolda olan, bir təbəssümə
tamarzı qalmış, tənha, atılmış, kasıb, yiyəsiz, kimsəsiz, sevgi və heç
olmasa başının tumarlanmasını gözləyən uşaqlar yad olunmalıdı.
Dünyanı dəyişdirmiş 7 uşaq
Dostoyevski deyib ki, dünyanın bütün dahi ideyaları bircəcik uşağın
bir göz yaşına da dəyməz. Aşağıda veriləcək siyahıda dünyanı dəyişdirə
bilmiş uşaqlardan danışılacaq. Bu uşaqlar düyanın xoşbəxtliyi uğrunda
vuruşarkən bəlkə də yüz dəfələrlə hönkürüb ağlayıblar. Amma yaxşılığa
doğru, dünyanın dəytşdirilməsi üçün çalışıb, haqsızlığa qarşı çarpışıb
və böyüklərə əsil böyüklük necə olur, onu göstəriblər.
Anna Frank (1929-1945)
Annelis Mariya Frank 1929-cu ildə Frankfurtda yəhudi ailəsində
anadan olub. 1933-cu ildə onun valideynləri və bacısı Marqo ilə fişistlərin
əlindən Amsterdama qaçıblar. Amma 40-cı ildə Hollandiya da işğal altına
düşür. O dövrdə yəhudiləri gözləyən talehdən qaçmaq üçün onlar 2 il
ərzində atasının firmasının cizli otaqlarında gizlənirlər. Bu dövrdə
Anna gündəlik yazırdı. Burada o, ölümdən və təqibdən qaçıb gizlənmiş
insanların həyatını təsvir eləyirdi. Bu məktubları o, uydurduğu rəfiqəsi
Kittiyə ünvanlayırdı və hər gün baş verən hadisələrə təfərrüatıyla təsvir
eləyirdi. Anna gündəliyi özü üçün yazırdı, amma bir gün o, radioda Hollandiyanın
təhsil naziri Bolkesteynin nitqini eşidir. Burada nazir bütün yazılı
sənədləri, xalqların fişizm dövründə çəkdiyi əzabları təsvir edən bütün
materialları qoruyub saxlamağa çağırırdı. Vacib sənəd kimi gündəliklərin
də adı çəkildi. Eşitdiklərinin təsiri altında Anna gündəliyini yenidən
köçürüb redaktə eləməyə başladı. Bu ailəni 2 il sonra xəyanət nəticəsində
tapıb büşərgəyə göndərdilər. 7 ay sonra Anna düşərgədə yatalaqdan vəfat
edti. Onların ailəsindən bircə atası sağ qaldı. O, Amsterdama qayıdanda
öyrənir ki, qızının gündəlikləri salamat qalıb. Bütün qüvvəsini səfərbər
eləyib gündəliyi kitab şəklində çap elətdirir. 1952-ci ildə «Anna Frankın
gündəliyi» adlı kitab İngiltərədə çıxdı. Bu kitab dünya dillərinə tərcümə
edilib bütün dünyanı dolaşdı və faşizm barədə hamıya car çəkdi.
Samanta Smit (1972-1985)
Samanta Men ştatından olan adi məktəb şagirdi idi. O, «soyuq
müharibə» zamanı Yuri Andropova yazdığı məktubundan sonra məşhurlaşdı.
Necə oldusa bir dəfə Samanta ABŞ-ın prezidenti Reyqan və sovet lideri
Andropovun qoşa şəklini jurnalda gördü. «Time» jurnalı onları ilin adamı
adlandırmışdı. Məqalədə yazılmışdı ki, SSRİ-nin rəhbəri çox təhlükəli
insandır və hakimiyyətə gəlməyi ilə ABŞ-ın təhlükəsizliyinə ciddi zərər
verəcək. Onda Samanta anasından soruşdu ki, «Ana, niyə heç kim Andropova
məktub yazıb soruşmur ki, müharibəyə başlamaq fikrindədi, ya yox?».
Anası zarafatla deyir ki, «Bəlkə özün yazasan?». Samanta yazdı: «Hörmətli
Andropov. Mənim adım Samanta Smittdir. Mənim 10 yaşım var. Sizi yeni
vəzifəniz münasibətilə təbrik edirəm. Mən narahatam, görəsən ABŞ və
Sovet İttifaqı arasında atom müharibəsi başlayacaq, ya yox? Siz müharibə,
yoxsa sülh tərəfdarısız? ». Bu məktub «Pravda» qəzetində tam mətnlə
çap olundu. Andropov cavab məktubunda yazdı ki, SSRİ müharibə istəmir
və Samantanı valideynlərilə birlikdə Sovet İttifaqına dəvət elədi. Samanta
1983-cü ildə SSRİ-yə gəldi və 7 həftə burda qonaq oldu. Moskva, Leninqradda
oldu və Krımdakı «Artek» pioner düşərgəsinə gəldi. O vaxtlar Andropov
xəstə olduğuna görə Samanta ilə yalnız telefonla danışa bildi. Samanta
öz hərəkətilə və sülhməramlı səfir kimi səfəri ilə iki barışmaz rəqibin,
silahlanma uğrunda bir-birinin bəhsinə girmiş iki dövlətin yaxınlaşması
uğrunda vacib bir addımı atmış oldu. Samanta 13 yaşında təyyarə qəzasında
vəfat etdi.
Gektor Peterson (1964-1976)
Cənubi Afrika Respublikasında artıq 30 ildir ki, Gənclər günü
qeyd edilir. Bu gün 1976-cı ildə məşhur Souerto qiyamını qaldırmış məktəblinin
xatirəsinə həsr edilir. Həmin ilin 16 iyununda Souertanın şagirdləri
keyfiyyətsiz təhsilə etiraz eləmək üçün nümayişə çıxmışdılar. Ölkənin
təhsil nazirinin əmrinə görə Afrika məktəblərində ağ dərili köçmələrin
dili afrikaans tədris edilməli idi. Nümayişi polis güllələrdə dağıtdı
və ilk qurban sayılan Gektor Petersonun qan içində fotosu bütün dünyanı
gəzdi. Amma şagirdlər qorxub çəkilmədilər. Qiyam ölkənin başqa rayonlarına
da yayıldı. Polis qiyamçıların yaşına baxmadan güllələr yağdırırdı.
Onlarla uşaq vəfat elədi. Amma buna baxmayaraq uşaqlar zirehli maşınların
üstünə şığıyırdılar. Bu qiyamdan sonra azadlıq mübarizəsi alovlandı
və aparteid rejimini devirdi.
İqbal Masix (1982-1995)
Pakistanlı oğlan İqbal Masixi hələ körpə ikən 12 dollara qul
kimi satmışdılar. 4 yaşlı uşağı toxucu dəzgahına bağlayaraq gündə 12
saat işləməyə məcbul edir və demək olar ki, heç yedizdirmirdilər. Ağır
zəhmət və yeməməzlikdən oğlanın orqanizmi düzgün inkişaf eləmirdi deyən
o, 12 yaşında 6 yaşlı uşaq boyda idi. 10 yaşında o, qaçmağa müvəffəq
olur. Sonradan İqbal Pakistan Azıdlıq Cəbhəsinə qoşularaq dünyada uşaq
əməyinin istismarına qarşı mübarizə eləyir. İqbal 3 min uşağı quldarların
əlindən qaçmağa kömək edir. Yeniyetmə bütün dünyanı gəzib uşaq əməyinin
istismar edilməsi barədə məruzələrlə çıxış edirdi. Onu 1995-ci ildə
qəddarcasına öldürürlər. Bu ölümdə İqbalın tərəfdarlarını ittiham eləsələr
də indiyədək hamı əmindir ki, o, uşaq əməyini istismar edən «xalça mafiyası»nın
qurbanıdır.
Nkosi Gonson (1989-2001)
Cənubi Afrikalı oğlan Nkosi Gonson doğulanda artıq QİÇS-ə
yoluxmuş idi. 2 yaşında anası da ondan imtina eləyir, çünki özünün ölümünə
az qalmışdı. Oğlanın qayğısına ağdərili afrikan, Yoxannesburqdan olan
Geyl Gonson qalmağı öz üzərinə götürür. Balaca oğlan öz xəstəliyi ilə
yanaşı insanların ikrahının və qorxusunun qarşısında durmalı olurdu.
Anasının köməyi ilə o, adi uşaqlarla bərabər məktəbdə oxumaq hüququna
nail olur. Nkosi QİÇS-lə bağlı layihələrdə çıxış edir deyən tezliklə
bütün dünyada məşhurlaşır. Yaşına görə çox ağıllı görünən bu balaca
oğlan xəstələrin halına yanmaq, təhlükəsiz seks və QİÇS-ə qarşı peyvəndin
yaradılmasına probleminə diqqəti yönəldərək milyonlarla insanın ürəyinə
yol tapa bildi. O, cəmi 12 il yaşadı. Bu QİÇS-lə doğulmuş uşaq üçün
uzun müddət sayılır. Son günlərdə o qədər zəifləmişdi ki, cəmi 10 kq
çəkisi vardı. Amma Nkosi son qüvvəsini də dünyanın varlı, məşhur insanları
– siyasətçilər, aktyorları QİÇS-lə mübarizədə kömək eləməyə, son qüvvələrini
də əsirgəməməyə çağırmağa sərf eləyirdi. Anası ilə birgə o, Yoxannesburqda
QİÇS-ə yoluxmuş ana və uşaqları üçün sığınacaq təşkil etmişdi. Nkosi
Beynəlxalq uşaq mükafatını ölümündən sonra alan ilk uşaq oldu və sığınacağın
hesabına 100 min aıro köçürüldü.
Om Prakaş (1992)
Prakaşı valideynlərindən alanda 5 yaşı vardı. Sonrakı 3 ili
o, hind fermaların birində qul kimi işləyib. Onun gündə 2 dəfə yedizdirir,
döyür və heç vaxt əməyinin haqqını vermirdilər. Azadlığa çıxandan sonra
Om Prakaş doğma ştatı Racastanda pulsuz təhsil almaq uğrunda mübarizə
edərək nəticələr əldə edir. O, uşaq əməyinin qadağan olunduğu bir neçə
hind kəndləri şəbəkəsini yaratmağa da nail olur. Om Prakaş tələb edirdi
ki, uşaqlar doğulan kimi onlara doğum haqqında şəhadətnamə verilsin.
Bu uşaqların oğurlanması, qul kimi satılması, zorla evləndirilməsinə,
eləcə də uşaqları əsgər kimi istifadə edilməsinə əngəl ola bilərdi.
İki il əvvəl 14 yaşlı hinli oğlan uşaq əməyinin istismarına qarşı çıxdığına
görə Beynəlxalq sülh mukafatına layiq görüldü. Təxmini hesablanıb ki,
Hindistanda 12 milyon uşaq işləyir. 2006-cı ildə 14 yaşınadək uşaqların
evdə qulluqçu kimi, ərzaq satıcısı kimi işləməsini qadağan eləyən qanun
çıxarıldı.
Tandiv Çama (1991)
2007-ci ildə 16 yaşlı Zambiyalı qız Beynəlxalq uşaq mükafatının
3-cü laureatı oldu. Mükafatı ona vətənində uşaqların təhsil alması uğrunda
apardığı mübarizəsinə görə veriblər. 1999-cu ildə onun oxuduğu məktəbi
müəllim olmadığına görə bağlayırlar. Amma qız oxumaq istəyirdi. Ətrafına
60 nəfər uşaq toplayıb ətraf ərazilərdə məktəb axtarışlarına piyada
çıxır. Onların səyi nəticəsində uşaqların hamısı «Jack Cecup School»
məktəbində oxumaq imkanı qazandı. İlk uğurundan ilhamlanan Tandiv hələ
də uşaqların təhsil hüququ uğrunda mübarizə aparır.
Dünya, mərhəmətli ol!
2008-ci il 22 dekabr tarixli sərəncamda Azərbaycanın prezidenti
İlham Əliyev 2009-cu ili «Uşaq ili» elan eləyib. Məhz bu günü, iyunun
1-də hökümət məmurları, vəzifəli çinovniklər birdən xorla yada salırlar
ki, «Ay, oy, bizim əhalinin yetimlər adlanan bir qatı da varmış!». Ona
görə də tələm-tələsik müxtəlif hesablamalar aparır və uşaq evlərinə
müxtəlif hədiyyələr eləməyə can atırlar. Yetimxanalar bu gün özünü reklamın
ən ucuz bazarıdır. Axı sonra bunlar hesabatlarda əks olunacaq. İnkişaf
etmiş ölkələrə nümayiş elətdirmək lazımdı ki, bizdə də hər şey «okey»dir.
Ürəyimizə toxdaqlıq verməyək ki, küçə uşaqları problemi bütün dünyada
var. Amma onların küçə uşaqlarını qoruyan qanunları, hüquq və azadlıqlarını
qoruyanları da var. BMT-nin uşaq fondunun apardığı araşdırmalara əsasən
uşaqların yarısı ailələrdə fiziki və psixoloji təzyiqlərə məruz qala-qala
böyüyür. Hər 10 uşaqdan biri böyüklərin aqressivliyinin qurbanı olur.
Belə gündə uşaqlarımıza nə hədiyyə versək yaxşıdı? Hərəyə bir kitab,
ya da bir dondurma vermək də olardı. Keçən ilin aksiyasında İrina Mixaylovna
adlı bakılı qadın uşaqlara pianino da bağışladı. Ola bilər ki, müasir
uşaqlar pianodansa qulaqcılı pleyerə üstünlük verərdi. Amma olara qarantlı
gələcək versək daha yaxşıdı.
Uşaqlar həqiqətən də müdafiəyə ehtiyacı olan, köməksiz məxluqlardı.
Özünü pisliklərdən, təcavüzdən qoruya bilmir. Biz elə bilirik ki onlardan
ötrü əlimizdən gələni edirik. Sovet dönəmindəki kimi bu gündə, iyunun
1-də bizim Afrikada aclıq çəkən, ya da dünyanın uzaq bir nöqtəsində
yetim qalmış uşaqları yad etməyimiz gülünc olardı. Uzaq cəngəllikdə
yarıçılpaq balalara tuşlanmış tüfəngdən çıxan güllənin qabağına özümüzü
verməzdən əvvəl bir az düşünək. Çünki özümüzün qaçqın və məcburi köçkün
statusu ilə düşərgələrdə, yataqxanalarda məskunlaşmış 350 min uşağımız
var. Rəsmi sənədlərdə 91 nəfər uşağın itkin və girov düşdüyü bildirilir.
Onlardan 61 nəfərin taleyi naməlumdu. Qaçqın adlandırılan uşaqlar atalı,
analı olsalar da yersiz, yurdsuz sayılır. Bəlkə də onların başını sığallayanı
və dondurma alanı da var. Onların Vətənini qaytaranı, «mənim evim»,
«mənim torpağım» deməyə imkan yaradanı yoxdu. Bu uşaqlardan heç biri
«Səfillər»dəki Qavroş kimi barikadaya dırmaşmayacaq. Onların Kazetta
kimi bəxti gətirməyəcək. Çünki bura Fransa deyil, Azərbaycandı. Yalnız
nağıllardakı yetimlər diribaş, çoxbilmiş, kələkbazdı. Hamı Cırtdan kimi
Divi aldadan biclikdə olmur.