Beyin idmanı
Yaz
depressiyasına düşməməyin məlum reseptləri
Bahar yayı itələyə-itələyə gəlməyindədir. Günəş parlayır,
gözümüzü qamaşdırır, əynimizi yüngülləşdirməyə və soyuq qorxusunu canımızdan
çıxarmağa çalışır. Amma nədənsə yaz günəşi təbiəti canlandırdıqca adamlarda
ətalət və təmbəllik oyadır. Yazın gəlməyilə klaviatura qarşısındakı
kresloda elə bil ki, iynələr bitir. Nə oturmaq, nə işləmək olur. Adam
hər şeyi atıb başını götürüb hara gəldi getmək və iş barəsində düşünməmək
istəyir.
Kələm və pendirin insan həyatında qoyduğu izlər
Qəzetimizdəki köşəmi kim istəsə ona hədiyyə verib yazmaq məcburiyyətindən
qaçardım. «Veriləsi nə böyük vəzifə imiş?!» deyərdiz. Amma vəzifənin
böyüyü-kiçiyi olmaz, məsuliyyət hissinin sərhədləri var axı. Deyirlər
ki, xristianlara qan uddurmuş Roma imperatoru Diokletian 59 yaşına çatan
kimi yubileyini gözləmədən hakimiyyətdən imtina edib özünü tərəvəz yetişdirməyə
həsr edib. Onu nə qədər geri çağırsalar da o, kələm yetişdirmək ləzzətini
adam öldütdürmək ləzzətinə dəyişdirmək istəməyib. Müasir psixologiya
bunu təntənəli səslənməsi olan terminlə adlandırıb: relaksasiya. Relaksasiya
stressdən qurtulmaq, istirahət edib həyaytının rənglərini geri qaytarmaq
deməkdir. Vahid, hamıya yarayan resept yoxdu. Yəni ki, kim necə bacardı
o cür də rahatlıq tapır.
Enşteyn insan talelərinin qaranlıq guşələrində eşələnməkdən əlavə skripkada
çalmağı və velosiped sürməyi sevirdi. O, sevimli velosipedinə minib
ondan da artıq sevdiyi şəhəri Santa-Barbarada şütüməyi sevirdi. 1933-cü
ilin fevralın 18-də onun yolunun üstünə çıxan təsadüfi fotoqraf bu tarixi
anı lentə aldı. Sonralar Enşteyn bu fotonu Nyu-Yurkun müasir tarix muzeyinə
verdi. Yəqin ki, psixoloq velosipeddə şütüyərkən, külək qulaqlarında
uğuldayanda və qıvrım saçlarını bir az da qarışdıranda o, dünyanın ən
xoşbəxt adamlarından birinə çevrilirdi. Yəqin ki, onu nə ezop sindromu,
nə də uşaqlığındakı zorlanmalar narahat edirdi. Həmin bu xoşbəxtlik
duyğusunu Benjamin Franklinə pendir verirdi. Çox sadə və bahalı olmayan
relaksasiya üsuludur. O, yazı yazmaqdan əvvəl masasının üstünə çoxdu
pendir qalayırdı. Həmin o pendir qalağını yavaş-yavaş, ləzzətlə, yoxsa
ildırım sürətilə içəri ötürməsi barədə tarix susur. Bir də ki, ən fərqi
var, pendir onu xoşbəxiliyə yaxınlaşdıra bilirsə istəyir tonlarla yesin,
ya da yeməyib baxsın.
Qoqol acından ölüb
Deyirlər ki, Qoqol yazıçı olmasaydı yaxşı aşbaz ola bilərdi.
Müasirləri Qoqolun hazırladığı makaronlar barədə yazılı abidələr qoyub
gediblər. Romada yaşadığı vaxtlarda Qoqol professional aşbazlardan dərs
alırdı. Sonra dostlarını yeni reseptlər üzrə hazırladığı yeməklərə qonaq
edirdi. Bir də ki, təbiətcə arıq olan yazıçının bulemiya (həddən artıq
yesə də normadan az çəkidə olması) xəstəliyindən əziyyət çəkirdi. Belə
xəstələr stress zamanı hirsini yeməkla soyudurlar. Bioqrafların dediyinə
inansaq əslində Qoqol aclıqdan ölmüşdü. Çünki həftələrlə ac qalıb dua
etmək kimi qəribə adətiylə o özünü üzmüşdü. İndi məşhur yazıçının həyatdan
küsməyinin əsil səbəbi aydınlaşır. O, sevdiyi relaksasiya üsulundan
özünü məhrum eləmişdi deyən həyatının rəngləri də itmişdi.
Çörçil dünya müharibələrinin məşqini dava-dava oynayaraq həyata keçirib
Termodinamikanın (fizikanın hərarət və onun başqa enerji növlərinə keçməsindən
bəhs edən şöbəsi) üçüncü bölümünün müəllifi fizik Valter Nernst karp
balığı yetişdirməkdən ləzzət alır və bu yolla istirahət edirdi. Ondan
soruşurdular ki, bəs niyə karplar? Niyə toyuq, at, ya da başqa ev heyvanları
olmasın? Fizik cavab verirdi ki, balıqlar soyuqqanlı məxluqlardır. O,
başqa heyvanların yetişdirilməsiylə məşğul ola bilməz. Çünki dünyanı
öz hesabına qızdırmaq fikrində deyil.
Uinston Çörçil dövlət işlərindən başı ayılanda (Düzün desək onun dövlət
işəlrindən başı ayılmırdı. Yəqin ki, o bu vaxtı dövlət işlərindən oğurlayırdı)
əsgər-əsgər oynaırdı. Onun evində bir neçə qoşun miqdarında əsgər fiqurları
və hərbi sürsat oyuncaqları vardı. Özünü işlərdən qaçıranda o, kabinetində,
eləcə evində də dava-dava oynayırdı. İndi məşhur siyasətçinin hərbi
işlərdə səriştəsinin mənbəyini aydın görmək olur.
Qumarbaz və arvadbazlardan
Dostoyevski yeni əsərə çox çətinliklə başlayırdı. Bəzən pulsuzluq
onu çıxılmaz vəziyyətə salsa da müqavilənin sonuna lap az qalmasaydı
yazı arxasına keçə bilmirdi. Bu da yəqin azartın bir növüdür. Axı onun
daha bir relaksasiya üsulu da vardı. O, yaxşı qumarbaz idi. «Uf» demədən
həyatını, varidatını, hətta sevdiklərini də qumara qoya bilərdi.
Tolstoy ot biçməyi sevirdi. Arvadının deyingənliyindən, eləcə də özünün
idarəedilməz şəhvət hissindən bezəndə ayaqyalın soyunub çöllərə düşərdi.
Arabir varidatını da paylamaqdan ləzzət alardı. Amma bundan sonra arvadının
deyinməyi artardı və o, yenə də soyunub çölə ot biçməyə getməli olardı.
Balzak 5-7 fincan kofe içməmiş yazıya başlaya bilmirdi. Bu faktla maraqlananlar
hesablayıb ki, yazıçı ömrü boyu 50 min fincana yaxın kofe içib. Bəzən
həqiqətən də həyatda elə anlar gəlir ki, bir fincan tünd kofe, ya da
pürrəngi çay həyatına rəng qata və bəzi xırda problemlərdən qurtara
bilir. Hamı bilir ki, çay, ya da kofe iş qabliyyətini artırır və əhvalı
yüksəldir. Kofenin sayı 2-3 fincina çatarsa onun təsiri 80 mq kofeinin
təsirinə bərabərləşir. Balzakın pərəstişkarları deyir ki, Onore da Balzakın
yaradıcılığı içdiyi 50 min fincan kofenin nəticəsidir. Amma bəzən bu
cümlənin ardına «Həyatı və erkən ölmü də» əlavəsini edirlər.
Güllələnmiş hamam
Puşkin isə hamamda güllə atmağı sevirdi. Deyirlər ki, Mixaylovsk
kəndində yazıçının zamanından bu günə çox az xatirə qalıb. Amma Puşkinin
güllədiyi hamam divarı hələ də durur. Burda qınamalı bir şey yoxdu.
Kimsə hamamda çimməyi, kimsə oxumağı sevir. Necə deyərlər, əsas məsələ
ürək şad olsun. Yaxud başın sən istəyən tempdə işləməsi vacibdir. Baş
isə köhnə maşın kimi mühərrikini burmaqnan işə düşən deyil. Baş, eləcə
də iynələr bitməsinə baxmayaraq oturmağa məcbur olduğun kresloya ən
yaxın orqan kapriz yapır, bəzən ətrafdakıları incidir və köhnə adətlərindən
əl çəkib yeniliklər axtarmaqdan imtina edir. Məsələn, alman tarixçisi
Teodor Mommzen çox konservativ idi və evinə elektrik çəkməyə icazə vermirdi.
Yazılarını da ağ neft lampasının işığında yazmağa adət etmişdi. Bir
dəfə evdə olmayanda ondan xəbərsiz elektrik xətti çəkilir. Amma ev sahibi
qayıdıb bu yenilikdən çox narazı qalır. O, elan edir ki, əvvəlki kimi
lampa işığında yazacaq. Ömrünün sonuna kimi sözünün üstündə durdu. Amma
lampa yandırmaq üçün kibrit axtaranda o, elektriki qoşurdu. Sonra işini
lampa işığında davam edirdi. Yəqin ki, onun da bu məqamda relaksasiya
prosesi işə düşürmüş. Ya da başqa şəraitdə beyni işləməkdən imtina edirmiş.
Olan şeydi.
Həyatın dibindən
Məlumdur ki, məşhurlar, dahilər, yaradıcı insanlar çox az
yatır, az əylənir və çox işləyirlər. Ona görə də relaksasiya , özü də
çox keyfiyyətli və məhz özü istəyən formada olmalı idi ki, bədən tezliklə
vərdiş edilmiş formaya düşsün və vacib orqan - beyin əvvəlki ampletudada
dahi ideyalar generasiya etsin. İndi istirahətin, ətrafı unutmağın və
beyin fəaliyyətini bərpa etməyin yolları daha çoxdur. Amma bu üsulların
əksəriyyəti sağlamlığa ziyan, bəzən isə təhlükədir.
Alkoqol insanlar arasında yaranan təbii maneələri tez aradan qaldırmaqda
ən yaxşı üsuldur. O, yüngüllük, rahatlıq gətirə bilir və ünsiyyətə kömək
edir. Bir neçə konyak qədhini içəri ötürəndən sonra şeir, ya da mahnı
yazmağa nə var ki? Yaradıcı adamların spirtli içkilərə meylinii səbəbləri
də burda gizlənir. İçməyi sevənlərin əksəriyyəti etiraf edir ki, içkili
halda yaratmaq nəfəs almaq kimi təbii prosesdir. Amma daimi sərxoşluq
maili müstəvi ilə yavaş-yavaş sürüşmənin də əlamətlərini ehmallıcı gizlədir.
Günlərin bir günü ayılıb özünü həyatın dibində görürsən və ordan çıxmağa
artıq gücün qalmır. İçkidən artıq relaksasiya üsullar axtarmalı olursan.
Hallusinasiya yardan dərmanlar, narkotiklər daha təhlükəli yoldur. Yaratmaq
naminə, bir anlıq ləzzət naminə riskə getmək çox bahalı stress çıxarmaq
yoludur. Burdan geriyə yol yoxdur. Çünki az sonra narkoman üçün ləzzət
anı yoxa çıxır və həmin qısamüddətli dəqiqələrlə ölçülən zamanda sənin
heç bir yerin ağramır və özünü adam kimi hiss etməyə başlayırsan. Ayılan
kimi hər şey daha da şiddətli şəkildə geri qayıdır.
Utanmasan oynamağa nə var ki?
Psixoloqların əksəriyyəti deyir ki, insanlar göründüklərindən
daha istedadlı olur. Amma utancaqlıqdan istedadlarını nümayiş etdirə
bilmirlər. Yaxud da özlərinə qarşı lazım olduğundan artıq kritik oulrlar
və gülünc görünməkdən çəkinirlər. Necə deyərlər , utanmaq olmasa oynamağa
nə var ki?! Yəni yaradıcı potensialı oyatmaq və relaksasiya almaq üçün
özünü kantrolu azaltmaq, bəzi adamlarda isə yığışdırmaq lazımdır. Bəlkə
kimsə ömrü boyu oxumaq arzusunda olub, ya da həmişə rəqqaslara həsədlə
baxıb. Qoy oynasın, ya da oxusun. Xanəni düz seçməsə də, səsi xaric
oxusa da dünya dağılmaz. Bəd ayaqda Molla Nəsrəddin kimi girib hamamda
oxuyar. (Bəlkə də Puskin güllələri hamamda utancaqlığından atırmış?)
Özünü vaxt və zamanla məhdudlaşdırmaq, sıxmaq da böyük gərgindiklər
yaradır. Amma Balzak və Dostoyevski kimi parlaq nəticələr də verirdi.
Vaxtı saymayanlar özünü vaxtla stimullaşdıranlardan daha çox olduğundan
nəticəyə uyğun seçim etməli. Onsuz da xoşbəxtlərə saat lazım olmur deyirlər.
Xoşbəxtlərdən, yoxsa vaxtı qabaqlayanlardan olmaq fikriniz var?
Təmbəlin bəxti üzdə olar
Görkəmli adamların bioqrafiyalarında zəhmətkeşlərin sayı təmbəllərin
sayından azdır. Ona görə də stimullaşdırıcı effektlərin sırasına təmbəlliyi
də yazmalı olacağıq. Bəzən adam yeni kəşfi təmbəlliyindən edir. Yəni
ki, hamıya məlum üsullarla ona lazım olanı əldə etməyə ərindiyindən,
buna vaxt və güc sərf eləməkdənsə daha rahat yol tapır. Sonra isə həmin
bu yolun daha sərfəli oolduğunu qalanları da anlayır. Amma istedadlı
adam kəşfinin təmbəlliyindən etdiyini deməyə utanmır.
Ətrafını unutmağın daha bir yolu hipnozdur. Əgər insan təlqinə asan
düşürsə onu dahi musiqiçi, ya da rəssam olduğuna inandırmaq olar. Belə
təcrübələr artıq qoyulub və maraqlı nəticələri də var. Hipnozdan ayılmamış
adamlar gözəl musiqilər bəstələməyə, əsrarəngsiz rəsmlər çəkməyə başlayır.
Bir adama dahi şahmatçı Pol Morfi olduğunu təlqid ediblər və oyuna çağırıblar.
Bu fikri beynində sahmana salandan sonra həmin adamın ilk reaksiyası
1 milyon dollarlıq qonorar istəməsi olub.
Gərginliyi atmaqçün dağa da dırmaşmaq olar, dağdan sürüşmək də. Hündürlüyə
də atılsaz, ya da paraşütdən tullansaz də hər iki halda ola bilər qorxu
qarışıq ləzzət yaşayacaq və lazımsız fikirləri bir anda salıb itirəcəksiz.
Mütəxəssilər də razıdır ki, adrenalin bəzən həlledilməz problemləri
bir andaca həll edə bilir. Məsələn, hıqqana-hıqqana uca, yaxşı olar
ki, qarlı dağın başına dırmaşırsan və sonra skeyti ayaqlarının altına
qoyub özünü taleyin ümidinə buraxırsan. Ya da əvvəl təyyarədə hündürlükdən
yeri seyr edirsən, sonra isə qorxunun izləri keçən kimi özünü kəlləmayallaq
aşağı tullayırsan. Ola bilər həmin anda kimsənin beyninə dahi formul,
ya da bir melodiya gəlməyəcək. Amma bu ləzzətin tamı boz həyatınızla
bərabər uzun müddət yuxularınızı da bəzəyəcək.
Beyin idmanı
Daha bir maraqlı üsul da var ki, beyin üçün bir növ gimnastika
ola bilər. Buna beyin həmləsi üsulu deyirlər. Bu tip yanaşma keçən əsrin
30-cu illərində Amerikada yaranıb. Mahiyyəti odur ki, bir neçə nəfər
bir yerə toplaşıb qarşısına məqsəd qoyur və sonra ümumi səylə onu həll
edirlər. Tədqiqatçılar və bu üsulun müşahidəçiləri deyir ki, beyin həmləsi
üsulu ilə insan öz ortabab imkanlarından 10 dəfə artıq intensivliklə
beynini çalışdırır. Amma təəssüf ki,bu bizdə mexanada söz güləşdirmək
səviyyəsindən uzaq getmir. 2-3 nəfərin çayxanada toplaşıb qonşunun təzə
maşınının müzakirə edilməsinə də beyin həmləsi demək olmaz. Həmləyə
yaxşı ideyalar, işlətməyə isə yaxşı beyinlər lazımdı.
Məlumdur ki, sağ yarımkürə yeni ideyaları yaratmağa, sol yarımkürə isə
onları tədqiq və nəzarət etməyə xidmət edir. Avstraliya Unversitetinin
professoru Alan Snayder qısa müddətə sol yarımkürəninin fəaliyyətini
məhdudlaşdıran dəbilqə icad edib. Onun bu ideyasını sınaqdan keçirənlər
qısa müddətə beyinlərinə doluşmuş yeni və maraqlı ideyaların çoxluğundan
heyrətə gəlmişdi. Yəni ki, ifrat dərəcədə özünə nəzarət bizi həm ləzzətli
emosiyalardan, həm də yeni ideyalardan məhrum edir. Bəzən beyin adətkarda
olduğundan nəzarəti bizim əmrimiz olmadan da icra edir. Amma vaxtaşırı
«Tamam!» əmri verib ali orqanımızı şüurlu şəkildə tormuzlaya bilərik.
Onun sıradan çıxmasına razı ola bilmərik axı. O, həm özunu, üstəlik
oturmaqdan şişməkdə olan qalan, nisbətən lazımsız orqanları da idarə
edir.