Pul pulu çəkər
Pulşünaslıq elminə
görə «pul əzələsini» xüsusi təlimlə şişirtmək olar
Biz hələ də düşünürük ki, pul və mənəviyyət bir araya sığmaz
-Pulun
var?! - Var, var
-Pulun var?! – Bir anbar
Telli və Vəlinin duetindən
Xoşbəxt olmaq istəyirsiz? Bəs zəngin olmaq necə? Əlbəttə, bunu hamı
istəyir, özü də hər ikisini komplektdə. Tərs kimi pulun bir xasiyyəti
də var, onu nə qədər qazansan da daha artıq lazım olur. Xoşbəxtlik də
eləcə, heç vaxt adama kifayət qədər verilmir. Xoşbəxtlik daxildədi,
pul çöldə. Amma onlar birlikdə çox yaxşı yola gedirlər. Bədbinlik məqamında
insana pul çox lazım olur. Bəzən xoşbəxtlik anlarında pulun yaradacaq
sehri heç nə edə bilmir. Bir sözlə pul insana həmişə lazımdı.
Bədxərc şərqli və simic qərbli
Hamı bilir ki, Şərqin pula öz münasibəti var. Şərqdə uşaqlıqdan insanlara
pulla rəftar etməyi öyrədirlər. Şərqdə adətən yaxınlarına, dostlarına,
qohumlara böyük güzəştlər edilir, amma pulu yadlardan qazanırlar. Bəzən
bu səbəbdən çoxlu dost–tanış qazanmaq nüfuz və pul qazanmağa bərabər
olur. Çünki nə vaxtsa bu münasibətlər xeyir gətirə bilər. Şərqlinin
evindən qonağı ac getsə gecəni rahat yata bilməz. Amma hamı bilir ki,
Avropada hətta nahara dəvət almış qonaq ziyafətdən yarıac- yarıtox getməli
olur. Restorana dəvət edilibsə öz hesabını özü verir. Bu şərqli təfəkkürlü
insanlarda simiclilik obrazını yaradır. Avropada hər şey ailəyə, evə
yönəldilib və şəxsiyyətin öz inkişafına xərclənir. Onlar individualistdirlər,
maraqlarını güdürlər. Amma nədənsə Avropada xeyriyyəçilik çox inkişaf
edib. Yaponlar ömrü boyu qənaətcillik edib özlrinə təqaüd toplayırlar
ki, qocalıqlarında gəzib dünyanı görsünlər. Bəlkə də bu səbəbdən turistlərin
içində yaponları çox görmək olar. Beloruslarda pulu gizlətmək adəti
var, onlar həsəd aparanlardan çox qorxurlar. Ruslar pulu ən axmaq, mənasız
şeylərə xərcləyə bilərlər. Bəlkə genetik yaddaş xəbərdarlıq edir: tez
xərcləməsən tutub əlindən alarlar.
Kasıblıq regional məsələdi
Bizim davranışımıza, xüsusilə də pula münasibətimizə ölkənin,
xalqın düşüncə tərzi də əlavə olunur. Xarici ölkələrin bir qrup psixoloqu
müxtəlif millətlərin pula münasibətini araşdırarkən maraqlı məqamları
aşkar ediblər. Sən demə ölkə nə qədər kasıb olarsa kağız pulunun ölçüsü
o qədər böyük olurmuş.
Qərbin dəyərlər sistemi zənginliyə köklənib. Ölkədə zəngin və xoşbəxt
olmaq istəyənlərin sayı nə qədər çox olarsa ölkə bütünlükdə bir o qədər
zəngin olar. Amma bizdə nədənsə bu tezis işləmir. Çünki zəngin və xoşbəxt
olmaq istəyənlər çoxdu, amma ölkə də, insanları da kasıbdı. Bunun da
səbəbləri aydındır. «Zəngin olmaq istəyirsənmi?» sualına hər kəs «Əlbəttə»
desə də davranışına baxanda elə bil ki, hər kəs lazım olanın əksinəsini
edir. Çünki ana südü ilə qanımıza işləmiş maneələr var. Bizdə pulla
bağlı təyinatlar hamısı neqativ çalarlıdır. Bizdə pula, xoşbəxtliyə
adətkarlıq yoxdur. Tarixi hadisələr elə gətirib ki, biz çox vaxt öz
sərvətlərimizin əsil sahibi olmamışıq. Yerə damcılayıb buranı çirkləndirən
, amma vaqonlara doldurulub başqa ölkələrə aparılan nefti, darvazanın
ağzınacan əkilən və xaricə satılan pambığı, rusiyalılar üçün əkilən
hektarlarla kələmi görüb işləməkdə davam edən fəhlə, ya kəndlinin pul
barədə düşüncələri ən azı gülünc olardı. Biz müstəqil dövlətin vətəndaşları
olsaq da hələ də düşünürük ki, pul və əsil qiymətli meyarlar bir araya
sığmaz. Məsələn, rəssam, ya yazıçı dahidirsə, deməli acından ölməlidir.
İmkanlıdırsa, yəqin kimlərəsə baş əyib, yaltaqlanıb, ya da əsərləri
xalturadır. Biz adətən düşünürük ki, kimsə zəngindirsə deməli pis adamdı.
Yaxşı və vicdanlı adam varlana bilməz. Yaxud çoxumuz əminik ki, zənginlik
xoşbəxtliklə yola getməz. Varlı adamların bədbəxtliklərini, uğursuzluqlarını
hərisliklə izləyirik ki, özümüzə bəraət qazandıraq. Burda istər kasıb,
istər varlı əmmindir ki, kütlədən fərqlənmək, yaxud çox fərqlənmək lazım
deyil. Sovet zamanı ən parlaq şəxsiyyətləri güllələyirdilər, amma ortabablarn
işi birtəhər keçirdi. Bəlkə də bu, o vaxtlardan qalan konspirasiya üsullarından
biridir. Əlimizi pula çatmağa qoymayan bəlkə də ən böyük maneə nəyisə
başlamaq, risk etmək qorxusudur. Əksəriyyəti deyir, qoy o birisi başlasın,
görüm nə olur? Bura özündə əminsizliyi, üstünə məsuliyyət götürməmək
istəyini də əlavə edək. Ona görə də bütün problemlərdə başqaları - qonşu,
hökümət, hava şəraiti, inflayasiya və s. günahkardır. Bizdə olduğun
kimi görünmək adəti də yoxdu. Biz iki aylıq məvacibimizi super telefona
verib 2 ayı yarıac, yarı tox dolana bilərik. Bu jest özü real nailiyyətlərə
çata bilməməyimizi ört-basdır edir. Bu boyda səbəbləri sadalayandan
sonra həsəd hissindən danışmamaq düzgün olmazdı. Çoxları pulu xoşbəxt
olmuq üçün yox, ona həsəb aparsınlar deyə qazanmaq istəyir. Hətta bu
mövzuda maraqlı lətifə də var. Allah bir kişiyə deyir ki, «Sənə nə istəsən
verəcəm, amma bil ki, qonşuna sən istəyinin ikimislini verəcəm». Kişi
bunun cavabında «Allah, mənim bir gözümü çıxart» deyir.
Xeyirxahlıq da zənginlikdir
Azərbaycanda heç kim inanmır ki, vicdanlı, yaxşı adam olub uğurlu və
zəngin həyat yaşamaq olar. Bəlkə pullular pulunu çox ciddi-cəhdlə gizləyir,
mənbəsini göstərmirlər, bəlkə də hamı bilir ki, burda halal yolla yaxşı
yaşamaq mümkün deyil ona görə heç kim tərəzinin bir gözünə zənginlik,
xoşbəxtlik qoyanda o biri gözünə qoyulan mənəvi keyfiyyətlərin tarazlıqda
olacağına inanmır. Qərbdə hamı inanır ki, mənəvi normalara riayət etmə
özü yaxşı həyata, uğura və zənginliyə aparır. Orda ruhu təkcə teatr
tamaşaları, musiqi və sərgilərlə qidalandırmaqla «diyeta»da saxlamırlar.
Rus dilində «dobro» sözü həm xeyirxahlıq, həm də var-dövlət kimi tərcümə
edilir. Kişilər nə vaxtsa bilirdi ki, xeyirxahlıq olan yerdə zənginlik
də olacaq. İndi ortabab yerə işə düzəlib gününü keçirmək istəyi cavanların
arzularının bəlkə də ən yüksək zirvəsinə dörüb. İşi necə deyərlər yola
verirsən, maaşını da vaxı-vaxtında karta köçürürlər. Belə şəraitdə vəziyyətdən
çıxmaq, yaltaqlanmaq, şəraitə uyğunlaşmaq kimi keyfiyyətlər qabarır.
Az keçmiş bir buket xəstəliklər, ürək problemləri, təzyiq və sair simptomlar
şəklində adamın özünə qayıdır.
Nəyə layiqsən, o qədər pulun olacaq
Deyəsən bədbin çalarlar hər şeyi üstələdi. Soruşarsız ki,
bəs nə edək? Mən bu sualı qabaqcadan gözləyirdim deyən mütəxəssislərin
rəylərini topladım. Onlar hesab edir ki, hər şeydə yaxşı, müsbət axtarmaqdan
başlamaq lazımdı. Çünki özü ayağa qalxan adamlara həmişə hörmət edirlər.
Onların özünə hörməti layiqli səviyyədə olur. Donald Tramp uğur qazanmağın
sirrlərini kitabında bölüşür. Boris Berezovskinin bu mövzuda kitabı
da çox maraqlıdır. Ona görə də necə varlanmağın real yollarını göstərən
belə kitablar həmişə bestseller olaraq qalacaq. Həyat təcrübəsi deyir
ki, varlı və xoşbəxt insanlar həmişə oxuyan, öyrənən və maraqlı həmsöhbət
olurlar. Onlar danışmağı və dinləməyi bacarırlar. Ən əsası varlı və
xoşbəxt olmaq üçün standartdan fərqli düşüncə tərzin olmalıdır. Belə
bir statistika da var ki, lotoreyada pul udmuş adamların 75 faizi bir
ildən sonra milyonlarla pulu havaya sovurandan sonra əvvəlki maddi durumda
olurlar. Yəni sən hansı məbləğə layiqsənsə, o qədər də pulun olacaq.
Nə az, nə çox.
Zər qədrini zərgər bilər
Hamı bilir ki, dünyanın ən varlı adamlarının əksəriyyəti yəhudilərdir.
Hətta ortabab yəhudinin də (ağlayıb-sızlamasına baxmayaraq) başının
altında ələ gələcək məbləğdə pulu həmişə olur. Onlar vaxtaşırı Yerusəlimdə
«Pul» adı altında beynəlxalq seminarlar təşkil etməkdən utanmırlar.
Yəqin təcrübələrini bütün dünyaya öyrətmək istəiyrlər. Bu seminarlarda
danışılanlara ciddi yanaşsaq gərək biz də pula adi kağız kimi yox, az
qala canlı substansiya kimi baxmalıyıq ki, zənginləşə bilək. Məsələn,
deyilənə görə pulu hansı şəraitdə saxlayarsan, özünü ona uyğun aparacaq.
Soyuducuya qoyulan pul yemək gətirəcək, dəhlizdə ayaqaltının altına
qoyulan pul evə pulu cəlb edəcək, evin cənub-şərqinda saxlanan pul sahibini
həmişə sevindirəcək. Guya pul çirkli yerdə saxlanmağı sevmir, cırıq
olmağını sahibinə bağışlamır, köhnə pul kisəsində olmağı bəyənmir. Bunu
biz də bilirik ki, pul pulu çəkər. Ya da pulun gəldiyi kimi getmək xasiyyəti
var. Məbləbindən asılı olmayaraq asan qazanılan pul bir göz qırpımında
xərclənir.
Bizdə dar günə pul yığmaq adəti var. Deyirlər ki, bu pis məqama köklənmək
kimidir. Ona görə də pul yığarkən deyin ki, ən yaxşı günüm üçün yığıram.
Zəngin insanlar yalnız xoş günü düşünürlər.
Əlamətlərə inansaq həftənin 1, 2-ci günləri borc almazlar, 5-ci günü
isə qaytarmazlar. Borc alanda iri pulla , qaytaranda nisbətən xırda
pulla vermək lazımdı. Pulu sol əllə verib sağ əllə götürərlər. Yerə
düşmüş pulları götürməyin isə düşər-düşməzi ola bilər. Bəlkə kimsə pulu
başna çevirib atıb? Deyirlər ki, borc verməyin özü yaxşı əlamətdi, yəni
pullar nə vaxtsa qayıtmağa köklənib. Sonra özündən borc almaq prinsipinin
də yaxşı işlədiyini deyirlər. Öz ehtiyatlarından bir qədər pul götürəndə
ona nə vaxt və nə qədər əlavə ilə qaytaracağını özünə söz verirsən.
Özünə borcu vaxtında qaytaranda pullar azalmır.
Puldan danışmağa utanmayın
Kasıb və bədbəxt insanı xoşbəxt və varlı adamdan ilk baxışdan
ayırmaq çətin iş olmasa da burada bəzi incə nüanslar var ki, diqqətlə
araşdırılmağa layiqdir. Hətta psixologiyada kasıb və varlı insan psixologiyası
anlayışları da var.
Böhran sunamisinə düşənləri, eləcə də həyatın dibinə düşməyərək üzdə
qalmağı bacaranların hamısı maraqlanır: axı bu pullar niyə kiməsə rahatlıqla,
kiməsə zülmlə qismət olur? Nağıllarımızda da şahzadənin dilənçiylə yerini
dəyişməsi çox olub. Həyatda kimin şahzadə, kimin dilənçi psixologiyasında
olmasını yoxlamaq çətin deyil. Potensial kasıb adam özünə ən axırda
qulaq asır, o başqalarının fikrindən asılı olur. Ağbaxt adamlar öz nəhəng
planlarından danışan zaman uğursuzlar qonşusunun fikrini önəmli sayır.
Uğurlu insan məsələni müzakirə etməkdənsə həll etməyə üstünlük verir.
Bu baxımdan dünya milyonçularından sayılan Abramoviçin nümunəsi maraqlıdı.
Hələ əsgərlikdə olarkən dembelə az qalmış onu meşədə ağac kəsməyə göndərirlər.
O, başını işlədərək belə çıxış yolu tapır ki, qorşu kəndə gedib kəndlilərə
ağac kəsmək üçün ərazilər satır. Nəticədə onun cibinə pul da gəlir və
meşənin ona tapşırılmış hissəsi vaxtında və zəhmətsiz təmizləndiyindən
evə də vaxtında buraxılır. Əgər evinizdə kran damırsa deyinə-deyinə
suyu silərək həyatınızdan şikayət edənəcən kranı təmir etməyiniz lazımdı.
Varlı həmişə ən yaxşısını, uğurlu gələcəyi düşünür.
Zənginlər puldan danışmağa utanmırlar. O, müdüründən maaşını artırmağı
istəməyi norma bilir. Çünki zəhmətinin dəyərini qiymətləndirir. Kasıb
psixologiyalı adamın yanında puldan danışanda o, bildirməyə çalışır
ki, bu mənviyyatsızlıqdır. Amma asan başa gələn pulları əldən buraxanda
çox əsəbləşir. Bizdə bir neçə əsrlər boyu zəhmətsiz pul qazanmağı norma
sayan nəsil yetişdirmək cəhdləri edilib. Yuxarıda sadalananlar bunun
nəticələridir. Zəngin adam verməyi, bölüşməyi də bacarır. O, sanki Allahdan
alıb sonra paylamaq mexanizmini başa düşüb. Onun beyni həmişə yeni informasiyaya
köklənib deyən həmişə də maraqlı insanlar axtarmaqla məşğuldur.
Gələcəyi planlaşdırmaq asan deyil
Həyatımı istədiyim kimi biçib redaktə etmək istəyimi tanışlarımdan
biriylə bölüşəndə o mənə maraqlı məsləhətlər verdi. Kifayət qədər uğurlu
həyat yolu olduğundan, həyatının hər dövrü üçün cızdığı planları mənimlə
bölüşdüyündən və bu planların sanki siyaşi üzrə həyata keçdiyini gördüyümdən
ona inanmamağa əsasım yox idi. Dedi ki, uğur qazanmaq üçün ən əvvəl
nə istədiyini dəqiq dilməlisən. Məsləhət verdi ki, 2 ildən sonra özünü
hansı işdə, hansı məşğuliyyətdə və maddi durumda görmək istəyirsənsə
bütün bunları kağıza yazıb divardan gözüm görən yerdən asım. İlk baxışdan
sadə görünən bu tapşırığı artıq bir neçə aydır ki, reallaşdıra bilmirəm.
Pulu istəməklə iş bitmir. Sən demə nə istədiyini dəqiq formalaşdırmaq
və onu sistemləşdirmək məsələnin ən çətin hissəsi imiş. Məndə hələ ki,
alınmır. Bəs sizdə?
P. S. Pul haqqında
yazı hazırlayarkən pullar qulağıma pıçıldadı ki, bu addımım lazımi səviyyədə
qiymətləndiriləcək və mənə təxminən bir aydan sonra qonorar şəklində
qayıdıcaq. Gözləyək görək…