Bağlı konvertlər günü
Müəllimini göstər, deyim hara gedirsən…
Əgər göylər
uşaqların dualarını eşitsəydi yəqin ki,
dünyada bütün müəllimlər qırılardı.
Xalq məsəli
Dünən metroda bir qadın əl çantasının içindən çoxlu konvertləri çıxarıb
sayırdı. Sonra onları yerinə qoyur, amma əlini üstündən çəkmirdi. Bir
az keçmiş konvertləri sanki bir daha yoxlayıb yerini dəyişir, çantanın
daha dərin cibinə yerləşdirirdi. Görkəmindən müəllimə oxşayırdı. Əzizlədiyi
konvertlərsə yəqin müəllimlər günündə ona verilmiş qiymət idi. Axı dünən
müəllimlər günü idi.
Bu qadının üzü heç nə ifadə etmirdi. Nə sevinc, nə kədər, nə razılıq…
Elə bil ki, arxayınçılıq hissiylə layiq olduğu aylıq maaşını almışdı.
Yəqin ki, bağlı konvertlərin təxmini qədərini bilirdi və artıq alacağı
pulları yerbəyer də eləmişdi. Görəsən, konvert əvəzinə böyük bir gül
buketi alsaydı onun üzündə nə cür ifadə olardı? Bunu təsəvvür etmək
gərək. Məqsədimiz bu qadının və müəllimlərin tənqidi ya, müdafiəsi deyil.
Sadəcə bilmək istərəm, axı kimdi bu müəllim?
Yaşlı nəsil öz müəllimlərini xatırlamağı sevir. Onlar uşaq olnda elə
bilirdilər ki, müəllimlər yemək yemir, tualetə getmir. O vaxt müəllim
elə bir ucalığa qaldırılmışdı ki, onun real simasını kimsə görə bilmirdi.
Bu qəbildən olan müəllim qız uşağını yazı taxtasına çıxarıb dodağını
rənglədiyinə görə danlasaydı yəqin ki, bu qız böyüyəndən sonra da heç
vaxt pomada çəkə bilməzdi. Axı o vaxt hamı ona barmağını uzadıb gülmüşdü.
Şarlotta Brontenin əsərində buna bənzər səhnə də var. Sonra bütün sinif
bu qızla danışmamışdı. Yazıq qız axşamacan gözünün yaşını tökürdü. İndinin
birinciləri hətta ilk dərs günündən sonra evə təssüratsız qayıdır. Uzaqbaşı
yanında oturan qızın gözəl, ya da kifir olduğunu xatırlayır. Bəs bu
əfsanəvi müəllim obrazına nə oldu? Ucalıqdan endirilmiş müəllim bizlərdən
birinə çevrildi və indi hamı, hətta şagirdləri də onun səhvlərin görə
bilir.
İndi müəllim «Sizin uşaqlarınızı öyrətməyə məcbur deyiləm» deyə bilər.
«Mən proqramı keçirəm, uşağın başa düşmürsə mənlik deyil. Uşaqla evdə
özünüz məşğul olmalısız. Alınmırsa müəllim tutun». Əlbəttə, müəllim
barədə onun arxasıyca gedən kütlədən nəticə çıxarmaq da olmaz. Yoxsa
ki, dahiləri kim yetişdirib? Onların da müəllimi olub, yəqin. Müəllim
sirkdə heyvanları əhilləşdirənin və klounun keyfiyyətlərini özündə birləşdirməsə
il boyu şəgirdləri dairə boyu qaçmağa məcbur edə bilməz. Axı itlərin
səni anlaması üçün hürmək lazım deyil. Əhilləşdirmədə yaxşı hərəkət
üçün bir parça qənd verilir, bu əsas şərtdir. Lenin demişdi ki, «Nə
qədər ki, xalq savadsızdı bizimçün kino və sirk əsas sənət növləri olaraq
qalacaq».
Bəzən dərsdə öyrəndiklərimizdən yalnız düz oturmağı yadda saxlayırıq.
Müəllim özü şagirddən betər öyrənmirsə o, kimisə öyrədə bilməz. Yazılmamış
bir qanun da var, başqasını öyrədənəcən özün daha yaxşı öyrənirsən.
Çörçilin bir yaddaqalan məsəli də var: «Mən oxumağa həvəsli deyiləm,
amma məni öyrədəndə ürəyimcə olur». Hələ Seneka demişdi ki, «Allah kimisə
cəzalandırmaq istəsə onu müəllim edir».
Bizi nə qədər öyrədirlərsə də özümüzü yenə də oxumuş sayırıq. Bəlkə
də hər şey metodikadan asılıdır. Diogenin oturduğu çəllək şərabla dolu
olsaydı onun şagirdləri çox olardı. Adamlara nə qədər desən ki, öyrənin,
oxuyun onsuz da onlar dərsliklərdəkini əzbərləyəcək. Pedaqoqika parodoksal
elmdir, onu nə qədər öyrənirsənsə, bir o qədər də anlayırsan ki, o mövcud
deyil. Proqramlar çətindi. İnanıram ki, heç bir klassik öz əsərləri
üzrə tərtib edilmiş test imtahanından uğurla keçə bilməz.
İndiki müəllimlər səsini tez-tez qaldırır. Səbəbli, ya səbəbsiz bu,
uşaq beynində yalnız neqativ iz buraxır. Merlin Olsen xatirələrində
yazırdı ki: «Tanışlarımdan birinin mənə bu cümləni deyən gün həyatımın
ən vacib dərsini aldım. O, dedi: «Sən o qədər ucadan danışırsan ki,
mən sənin nə dediyini eşitmirəm». Müəllim təmkinli olmalıdı! Günəş yer
kürəsinin birtərəfli işıqlanmasından narahat deyil. Yer kürəsinə lazımdı
ki, fırlanıb özünü hər tərəfdən göstərə bilsin. Şagird içi biliklə doldurulası
bardaq deyil. O, alovu yandırılacay bir məşəldir. Bu məşəlin yanacağı
od isə müəllimlərin əlindədir. Məktəb müəllimlərinin əlindəki hakimiyyəti
nazirlər yalnız arzulaya bilər. Ona görə əmr verənlərə yox, dərs verənlərə
qulaq asmaq lazımdı. Neynəməli, bəzi beyinlərə fikir yalnız ölməyə gəlir.
Dünya durduqqca müəllimlər düşünəcək ki, yumurta toyuğu öyrədə bilməz.
Bütün şagirdlər də əmindir ki, toyuq quş deyil, uça bilməz. Almaniyanın
dövlət xadimi Otto fon Bismark deyirdi ki, «Hökumətin müəllimə münasibəti
onun gücündən, ya da gücsüzlüyündən xəbər verir. Müharibələri generallar
yox, məktəb müəllimləri udur». Bizim hələ alınmamış torpaqlarımız var,
udulmamış müharibəmiz. Hüqo deyirdi ki, xalqı öyrətmək onu yaxşılaşdırmaqdı,
maarifləndirmək onun mənəviyyatını yüksəltməkdi, onu savadlı etməksə
sivilləşdirmək deməkdir. Sovet zamanının məşhur pedaqoqu Makavenko da
deyirdi ki, insanı xoşbəxt olmağı öyrətmək mümkün deyil. Amma onu elə
tərbiyə etmək olar ki, xoşbəxt olmağı bacarar. Bilik də göylər kimi
hamıya məxsusdur. Ona görə də biliyə ehtiyacı olana onu verməmək kiminsə
havasını kəsmək qədər böyük günahdı.
Biz az bilirik və pis oxuyuruq. Ona görə də yalan deməyə məcburuq. Televizorda
hansısa nazirin «Mən bunu bilmirəm» dedyiyini eşitmisiz? İnsanlar yalnız
bildiklərini danışsaydılar ətrafımızda sonsuz sükut olardı. Bu gün 35
milyon müəllim ibtidai siniflərdə çalışır. 2015-ci ildə bir o qədər
də müəllimə ehtiyac olacaq. Beyinlərdə inqilab etmək fikrindəsənsə ibtidai
sinif müəllimi ol. Müəllimin işi qapılar açmaqdı. Amma açdığı qapıya
şagirdi o itələməməlidir.
Bəlkə müəllim də mənasız işlə məşğul olduğunu düşünür. Müəllimin işinin
dəyəri konvertlərlə deyil dəftərlərlə ölçülür. Bu yaxınlarda Fransa
imperatoru 1-ci Napoleon Bonopartın dəftərləri hərracda 93 min avroya
satıldı. Müqəddəs Yelena adasına sürgün zamanı o, ingilis dilini öyrənməyə
başlamışdı. Tarixə düşməkdə iddealı müəllimlər çox yox, hərəsi bir Naroleon
yetişdirsə bəsdi.
Müəllimlər gününü payızda Arqentina, Avstraliya, Briziliya, Vyetnam,
Çin, Tayvan, Türkiyə də qeyd edir. Bu gün konvert vermək günü deyil,
insanların müəllimlər barədə heç olmasa bir anlıq düşündüyü bir gündür.
Əgər vətəndaşın müəllimə konvertdən başqa verəcəyi bir yoxsa qoy belə
də olsun.
Mövzu ətrafı bir lətifə:
Biologiya dərsində müəllim sual verir? – Müyəyyən şəraitdə
təbii ölçüsündən 6 dəfə artan bədən üzvünün adını deyin və həmin şəraiti
təsvir edin. Şagird qıpqırmızı qızarıb «Mən bu suala cavab verməyəcəm
və dərsdə nə baş verdiyini valideynlərimə danışacam» deyir. Müəllim
sualı başqasına verir. Şagird «Gözün bəbəyi işıq çatışmayanda həcmindən
6 dəfə artıq böyüyə bilir» cavabını verir. Müəllim cavab verməkdən imtina
etmiş qıza üzünü çevirir: - Sənə 3 şeyi demək istəyirəm. Birincisi sən
dərsə hazır deyilsən. İkincisi fikirlərin çox çirkindir. Üçüncüsü isə
həyatda nə vaxtsa sən bu mövzuda ümidqırıqlığı keçirəcəksən.