Adəm- Həvva və Leyla
Belə baxanda yer üzündə cəmi
iki cins var: kişilər və qadınlar. 3 ya 4 deyil ki, biriynən yola getməyəndə
o birinin qoltuğuna sığınasan. Dünya durduqca da bu iki cinsin bir-birinə
deyəcəyi sözü bitmir, tükənmir. Dəniz boyda sevginin qabağında bir də
görürsən ki, sel kimi nifrəti, iradı, incikliyi yuyub bütün yaxşılıqları
aparır. Bunun səbəblərini lap qədimdə, hələ ilk insan Adəm və onun arvadı
Həvvanın yaranışında axtaraq. Çünki kişilərin sözü bitən kimi qabırğadan
yaranma məsələsini tələsik başımıza qaxır. Amma çoxları bilmir ki, Adəmin
Həvvadan əvvəl birinci arvadı olub. Bəli, bəli… Bu mifi heç kim yada
salmağı sevmir, çünki sərf eləmir.
Həvvanın günüsü Lilit
Yəhudi mifologiyasına görə Adəmin birinci arvadının adı Lilitdir.
Yəhudi folklorunun ən populyar personajı olan Lilit haqqında Tövratda
belə deyilir ki, Allah əvvəl «kişi və qadın»ı yaratdı. O, Adəmin qabırğasından
deyil onunla bir materialdan, yəni gildən yaranmışdı. Daha sonra isə
Xavanın (Həvva) yaranması təsvir edilib. Adəmin birinci arvadı olan
Lilit ərinə itaət eləmək istəmirmiş, çünki özünü Adəm kimi Allahın övladı
sayırmış. Yaradanın gizli adını çəkərək Lilit göyə qalxır və Adəmi tək
qoyaraq uçub gedir. Qaçmış arvadından şikayəti Adəm Allaha deyən kimi
3 mələk – Snuy, Sansanuy və Sanqlaf adlı mələk Lilitin ardıyca göndərilir.
Liliti Qırmızı dəniş ətrafında yaxalayan mələklər onun geri qayıtmaq
istəmədiyində əmin olurlar. Onu haqlayan mələklər deyir ki, geri qayıtmasa
hər gün övladlarından yüzü öləcək. Lilit qayıtmadı və qarğışı üstünə
götürərək oğlan uşaqlarının doğumdan 8-ci günündə, qız uşaqlarının 20-ci
günündə ziyan verəcəyinə də and içdi. Mələklər Lilitin bədənini əlindən
alır və onların adı yazılmış evlərə girməmək vədini dilindən qoparandan
sonra azad buraxırlar. Lilit İblislə cütləşir və onların izdivacından
çoxlu gecə şeytanları doğulur.
Başqa bir əfsanəyə görə Adəm Lilitlə münasibətə cənnətdən qovulandan
sonra girib və nəticədə dünyanı şeytanlar basıb. Hərdən o, insanların
doğum prosesini nizamlayan mələk, hərdən də yoldan keçən tənha yolçuları
qorxudan şeytan kimi göstərilir. Xalq bu obrazı uzun, topuğucan olan
qara saçlarını açıb arxasına buraxmış hündür və dinməz gözəl qadın kimi
təsvir edir.
Cinlərin anası
Uşaqları öldürən və kişiləri yuxuda yoldan çıxaran obraz ərəb
miflərində də var. Hətta şumer yazılı abidəsi olan (eramızdan əvvəl
2-ci minillik) Gilqameş dastanında Lilitin adı çəkilir. Semit dillərində,
ivritdə bu söz «gecənin» kimi tərcümə olunur. Məsələn, «demama leylit»
gecənin sükutu kimi tərcümə edilir. Başqa bir fikrə görə bu söz şumer
dilindən «lil», yəni «hava, külək, ruh, kabus»dan götürülüb. Ola bilər
ki, hər iki ehtimal da düzdür. Ona görə də bu obraz gecə kabusu sayılır.
Lilit körpələrin həyatına qəsd eləyən çox təhlükəli obraz sayılır. Ona
görə də yəhudi uşaqlarının beşiyi başında həmin 3 mələyin adı yazılmış
amuletlər asılır. Axı bu yazını görən kimi o, çıxıb getməlidir. Uşaqların
biləyinə qırmızı sap da bağlayırlar, çünki Lilitin qırmızıdan qorxduğu
ehtimal edilir. Belə inam var ki, sünnət olunmazdan əvvəlki gecə uşağın
atası səhərəcən Kabbala və başqa müqəddəs kitablardan parçalar oxuyaraq
səhərəcən yatmamalıdır. Lilitin başqa bir peşəsi subay kişilərin yuxusuna
girib onları yoldan çıxarmaq və onlardan uşaq doğmaqdır.
Lilit yazılı mənbələrdə
İncildə Lilitin adı bir dəfə çəkilir. Onu birinci arvadı adlandırırlar
və insanın gizli, iblasanə tərəflərini hamısını onunla bağlayırlar.
İncilin aramey tərcüməsində o, çariça, bereşit iərcüməsində isə Həvvadan
əvvəlki adlandırılır. 7-10-cu əsrlərdə Sirah qardaşlarının yazdığı Əlifbada
mifin tam təsviri verilib. Dünyanın yaranışı haqqında əksər təsəvvürlərdə
qadın başlanğıcı gecə, dünya və materiya ilə assosiasiya edilir.
İntibah dövründə Avropa ədəbiyyatında Lilit gözəl və tovlayn qadın obrazına
çevrildi. Cənnətdən qovulma aktı, hətta Qabil və Habil qardaşlarının
bir-birni öldürməsi də Lilitin ayağına yazıldı. Lilit obrazı astrologiyaya
da daxil edilib və qara Ay şəklində işarə edilir. Astroloqların fikricə
taledə yazıya pozu olmayan dönüş anını işarə eləyir.
Sevgi üçbucağı
Natamamlıq kompleksindən əziyyət çəkən kişilərin çığırışmalarına
məhəl qoymadan Lilitin kimliyini araşdıraq. Qadın məsələsində səhvi
Adəm hələ Həvva yarananadək buraxmışdı. Çünki Adəm özü kimi bərabərhüquqlu
məxluğu qəbul eləmək istəməyib iyerarxiya tələb eləmişdi. Tanrı da öz
sevimlisinin tələbini yerinə yetirəndə, yəni qabırğadan yeni canlı yaradanda
Adəm qabırğasıyla birlikdə kamilliyini də itirdi. Həvvaya isə münasibət
lap pisdi. İncildə onu heç qadın da adlandırmırlar. O, yalnız Adəmin
arvadı kimi çağırılır. Yəni yarımadam…
Din bu barədə danışmağı sevmir. Bu barədə üstüörtülü yazılır və dərin
məlumat verilmir. Görəsən Adəm və Lilit niyə ayrıldı? Əfsanələrdə bunun
səbəbini bərabərlikdə görürlər. Bütün dinlər isə «Arvad ərindən qorxmalıdır»
deyir. Həmən prinsipi münasibətlərə tətbiq eləməyə çalışan Adəmlə razılaşmayan
Lilit çox guman ki, başını götürüb gedir və Adəmə yer üzünün hakimi
olmağa şans qoymur. Dini kitablar bundan sonrasını gizləyir. Çox guman
ki, Adəm də cənnətdə gəzib-gəzib yoruldu və ağlı, gözəlliyi və başqa
keyfiyyətlərinə görə lovğalanmağa adam tapa bilməyəndə yenidən Yaradanın
yanına getdi ki, ona yeni rəfiqə yaratsın. Azadlıq da bəzən darıxdırıcı
olur. Belə vacib cari məsələlərin orijinal həlli kimi Allah ona qabırğasından
yaradılmış Həvvanı təklif eləyir. Bax bu arvad artıq heç yerə qaçmayacaq,
amma artıq onun tərbiyəsi də Adəmin şəxsi prblemidir. Necə olmasa da
öz qabırğasıdır da. Əlqərəz, Həvvanı Adəmə qabırğa eləyirlər və cənnət
almalarını dərməyi qabağan bilirlər. Sonrası hamıya məlum. Adəmi arvadını
qoltuğuna verib cənnətdən qovurlar. Həvvanın övladları uşaqlarını zülmlə
dünyaya gətirmək qarğışını bu günəcən daşıyır. Bünövrəsi hələ cənnətdə
qoyulmuş bu demək olar ki, ailə dramının həlli bu günəcək tapılmayıb.
Bundan sonra dini kitablardan sitat gətirməyin mənası da yoxdu.
İnsanlar nəyin ilahidən, nəyin İblisdən olduğu barədə nə düşünür? Cənnət
almasını yeyib ərini də cənnətdən qovduran ki, Lilit deyildi, Həvvaydı.
Bəs niyə Liliti şər qüvvə, İblisin təzahürü sayırlar. Burdan belə qəribə
məntiq qaynaqlanır: ağıl, gözəllik və təbiilik İblisdən, axmaqlıq isə
Allahdandır? İnkvizisiya dövründə Avropada gözəl qadın qalmamışdı, hamısını
ocaqda kababa döndərmişdilər. Gözəl və ağıllı qadınlar elə bil ki, tonqal
üçün yaranmışdı. Nəyə görə? Hamısının səbəbini kişilərin qadın ağlı
və gözəlliyi qarşısında keçirdikləri acizlik hissində axtarmaq lazımdı.
Təmiz saf həyat carçılığı ilə məşğul olan Lev Tolstoy da 70 yaşınacaq
nədənsə öz müddəalarını həyata keçirə bilmirdi. Ahıl yaşında bədənin
fiziki imkanları tükənəndə, daha doğrusu arzularıyla üst-üstə düşməyəndə
bu məsələyə günah adı verdi. «Bəs insan nəsli qırılar axı» kimi arqumentlərə
də «Qırılar, lap yaxşı. Biz onsuz da cənnəti yalnız arzulaya bilərik.
Mən uşaqlarımızı düşünüb deyirəm» kimi cavab verdi.
Qanadları olmayan qadınla yaşamaq asan deyil!
Lilit Həvvadan fərqli olaraq kamil insan idi. O, Tanrının
səsini eşidirdi. O, xoşbəxt, sevimli, sevən və nə üçün yaşadığını bilən
idi. Bütün dövrlərin kişi və qadınları tərəfindən qəbul edilməyən Lilit
nəsli bəşəriyəti yanlışlıq bataqlığından çıxara bilərdi. Amma həvvalar
da həmişə olub. Zahiri çox bənzər amma mahiyyətcə tam fərqli qadın.
Bu iki çox fərqli mahiyyətli məxluqlar hər birimizin içində paralel
yaşayır: biri qadın, o biri arvad. Biri kamil insan, o biri kütbeyin
qul.
Bir sözlə, Lilitlə birgə cinslərin bərabərliyi məsələsi də yoxa çıxdı.
Eləcə də azad sevgi… Liliti ərəb mənbələrində Leyla adlandırırlar deyən
bu bizimçün daha məhrəm səslənər. Leyla mövzusuna toxunmağı sevməyən
kişilər bütün günahları Həvvanın üstünə yıxmağı elə yaxşı bacarırlar
ki! Sevgisiz həyata artıq hamı öyrəşib. Leyla bəşəriyyətin mənəvi etik
problemlərinin təcəssümüdür. Leyla-Lilit haqqınla əfsanənin əsas ideyası
azadlıq və məhəbbətdir. Özü də məhz bu ardıcıllıqda. Həvvaya isə istədiyi
kimi inkişaf eləmək imkanı verməyiblər. Adəm də bu normaları ürəyi istədiyi
kimi şərh eləyib. Yəqin ki, Həvva tərbiyələnənə qədər Adəmin yaddaşında
Leyla haqqında xatirələr də silinib. O, sadəcə nəyisə xatırlayır, hərdən
yuxularında görür, hərdən də arzuladığını Həvvada axtarır. Bütün kişilər
bu yoldadır, dünya durduqca hələ də Leylasını axtarır və tapmadığının
acığını həvvasından çıxır. Həvvanın Adəmin xoşuna gəlməkdən başqa arzusu
yoxdur deyən o, hər şeyə hazırdır. Ən əsası isə düşünməməkdir! Düşünməyə
yalnız Adəm yarayır. Ona görə də Adəm Həvvanı sevməyə öyrədə bilməzdi.
Çünki sevgidə tərəflər azaddır. Onların münasibətlərində azadlıq məqamı
əzəldən pozulmuşdu…
Deyərsiz bəs sonra? Sonra uşaqlar doğuldu. Həvva özü bilmədiyini onlara
necə öyrədəydi ki? Amma Həvva da böyüdükcə anlayır ki, ondan nəyisə
əsirgəyiblər və buna görə ürəyində Adəmə qarşı inciklik gəzdirir. Bu
inciklik nəsildən-nəsilə ötürülür, amma həllini tapmır. Həvvaların iki
yolu var: ya kişilərin gözündə ilahəyə çevril, ya da istəmirsənsə kişiyə
nifrət elə. Bunların heç birini bəyənmirsənsə əxlaqsız qadın ola bilərsən.
Məhz ətrafdakıların gözündə əxlaqsız elan olunmağın qorxusundan bütün
həvvalar Adəmin qoyduğu qanunlardan qırağa çıxmırlar. Lilitin prinsiplərindən
əslində bütün qadınlar qəlbinin dərinliyində qorxur. Çünki bilir ki,
bunun (azadlıq və sevgi) dadına baxsa həyatının bütün qanunları alt-üst
olacaq, lazımsız və yararsız söz yığınına çevriləcək. Cəmiyyətin qoyduğu
qanunları pozmağı kişiyə bağışlarlar, amma qadına yox. Yəqin ki, Allah
mənəvi qanunları Həvvanı alçaltmaq məqsədilə verməmişdi. Tanrının mənəvi
qanunları əslində Adəmə yönəldilib. Özünü xatırlama yolunda adəmlər
əvvəl bütün bu qanunları tapdalayıb keçib hər şeyin əslini özləri tapmalıdır.
Bir vaxt Leylanın eşitdiyi kimi Allahın səsini özləri eşitməlidir. Deyirlər
ki, Adəm və Lilitin də övladları olmuşdu və yer üzünə yayılıblar da.
İndi kim Həvvadır, kim Leyla ayırmaq olmur… Bəlkə də yaranış zamanı
Həvvanın «xəmirinə» bir çimdik Leyla da qatılıb.
Yatağımızdakı Leyla
Hazırki dünyamız kamilliyini itirmiş Adəm və Həvva övladlarının
təsəvvürlərinə uyğun biçilib. Bütün bu yazılanlardan sonra Həvvadan
çox adamın Adəmə yazığı gəlir. O, qara telli Leylasına olan hisslərini
dünya durduqca unuda bilməyib. Bu yerində «Leyli və Məcnun»u yada salmaq
da olardı. Leylasını unutmuş hər kişinin taleyində elə anlar gəlir ki,
xatirələr hücum çəkir, onu lap qədimlərə, leylasıyla baş-başa cənnətdə
yaşadıqları zamana aparır. Bu sevgiyə qalib gələ bilsə Lilitin xəyanətkarlığı
beşqatına qayıdır. Amma əvəzini həvvalardan çıxmalı olur. Beləcə növbəti
dəfəyədək…
Hər kişinin içində qadına qarşı ikili münasibət var. Ecazkar, arzulanan,
bir az da əlçatmaz bir obraz, o birisi isə uşaqlarının anası, o qədər
də ağıllı və gözəl olmasa da ucalıqlara qaldırılan, hörmətli, bəzən
də incidilən arvadı. Dünyanın heç bir kişisi hər iki obrazı olmasa özünü
tam varlıq kimi duymur. Adətən Həvvaya evlənir və Leylanın xiffətini
çəkirlər. Həvvada Leylanı, Leylada isə Həvvanı axtarmaq zülmünü yaşayırlar…
Lilit mələkdirsə, deməli onun canı yoxdur və onu təsvir eləmək mümkün
deyil. Deyilənə görə o, yalnız insanın səyi nəticəsində əmələ gəlir.
Günah haqqında fikir Lilitin ruhunu yaradırsa, zinakarlıq Lilitə bədən
verir. Ona görə də Lilit kişilərin yuxusuna girir və yoldan çıxarar.
Sonra insanların, daha doğrusu kişilərin yaratdığı «bədən»i götürüb
gedir. Dünyaları dolaşmış və Lilitin onun həyatına girə bilməyəcəyinə
əmin olanların əksəriyyəti heç bilmir ki, Lilit artıq çoxdandır ki,
bizim yatağımızdadır.