Ah, bu sərsəm dünya!
Maks Nordau: «Hər
dəli dahi deyil, amma hər bir dahi dəlidir».
Çünki dünyanın ağırlığını çiyinlərində daşımalı olurlar.
Hindistanda
deyirlər ki, «Həddən artıq ağıllı axmaqdan o qədər də fəqlənmir». Qırğızlar
deyir ki, «Ağıl sox olarsa adam cinli olur». İngilislər hesab edir ki,
5 yaşında uşaq özünü böyük kimi aparsa 15 yaşında havalanacaq. Platon
dahiliyi «Allahların bəxş etdiyi sayıqlama, sərsəmləmə» hesab edirdi.
Frensis Qilton isə deyir ki, dahilik də normadan sapmadır, amma əks
tərəfə».
Klassiklər adi həyatda tərbiyəsiz olublar
Bir az başqa bucaq altında baxsaq yüksək sənət anlayışı özü
də bir sərsəmlikdir. Əgər ciddi qara frak geymiş əmilər giddi sifətlə
səhnəyə çıxıb pafosla nəsə çalır və ağıllı görkəmlə nota baxırlarsa
və pauzalarda əsnəyirlərsə bunun yüksək sənətə nə dəxli var? Ona görə
də klassik musiqiçiləri əzəldən qəribə adlandırmaq daha düzgün olur.
Axı akademik musiqi də əvvəldən, yəni yarandığı vaxtlarda akademik deyildi.
Sadəcə bu adamlar bank işçiləri, dövlət çinovniklərindən fərqli olaraq
özlərinə bir çox şeylərdə azadlıq vermiş adi adamlar idi. Onlar səhnəyə
çıxıb öz duyğularını tribunadan deməyə utanmırdılar. Hamı bilir ki,
Mosart gündəlik həyatında xuliqanlıq və şuluqluq edir, özünü biabırçı
şəkildə pis aparırdı. Baxın klassik olmağa vaxtı yox idi, çünki 20 uşağı
vardı və işdə kilsə xadimləriylə yola getmirdi. Onun pul verənləri düşünürdü
ki, Bax musiqisi kifayət qədər konservativ deyil. Bethoven isə özünü
səhnədə bizim şou müğənnilərindən betər aparırdı. Qəribə akkordları
guruldadır, icazə verilməmiş harmoniyalar səsləndirir, qəribə fınxırmaqlar,
kəskin forte və pianolar etməklə oyun çıxarır və musiqi formasını lap
başayaq çevirirdi. Hətta həyatsevər kimi tanınan bəstəkar Haydn da sürprizlər
edə bilirdi. Londona gələn kimi onu xəbərdar etmişdilər ki, tamaşaçılar
konsertlərdə həzin musiqi sədaları altında yatmağı sevir və əsərin uğuru
onun bərk, ya da yavaş olmasından çox asılıdır. Nökər vəziyyətindən
təzəlikcə aralanmış və arabir ağasının saqqalını da qırxan saray bəstəkarı
Haydn dünyanın ən sakit və həzin simfoniasını yazır. Amma sona yaxın
böyük bir pauza verilir və birdən bütün mis alətliyinin gücüylə təntənəli
sonluq səslənir ki, tamaşaçılar diksinib yuxudan ayılsın və qorxudan
al çalmağa başlasınlar. Dahi musiqiçilərin bioqrafiyasını vərəqləsək
görərik ki, onlar nəinki qəribə, hətta tərbiyəsiz adamlardır. Ona görə
də konsertlərdə sakit Bethoven, ya da həlim Mosartı eşidirsizsə burda
hər şey saxtadır. Çünki əsil ali sənət başdan ayağa dəlilikdir.
Qarabasma, epiplepsiya, vasvasılıq, isterika, sərxoşluq, hiperseksuallıq…
Van Qoq əcinnələrin əsarətində olduğunu düşünürdü. Hofmanın təqib edilmə
maniyası və hallusinasiyaları vardı. Qobbs qaranlıq otaqdan qorxurdu,
çünki gözünə əcaib şeylər görünmyə başlayırdı. Qonçarov ipoxondrik idi,
Vrubel və Xarms isə psixatrik xəstəxananın pasientləri idilər. Dostoyevski
epilepsiyadan və qumara aludəçilikdən əziyyət çəkirdi. Mendelştam isə
ağır nevroz keçirərək intihara meylli idi. Mosart, Şuman, Bethoven və
Hendel kimi bəstəkarları da dahi dəlilərə aid edirlər. Mosart təqibdən
qorxurdu və inanırdı ki, italyanlar onu zəhərləmək istəyir. Onun bu
qoxusundan Mosart və Solyeri əfsanəsi yarandı. Anna Axmatovanın aqrofobiyası,
yəni açıq məkanlardan qorxmaq xəstəliyi vardı. Mayakovski panik dərəcədə
infeksiyadan qorxurdu, ona görə həmişə yanında sabunqabı gəzdirirdi.
Bu faktlar kifayətdi ki, dahilərin dəliliyi barədə fərziyyə irəli sürəsən.
Psixatriyanın bu bölməsinə patoqrafiya deyirlər.
Patoqrafik tədqiqatlarda maraqlı faktlar aşkarlanır. Skryabinin isterik
tutmaları yaradıcı təkandan əvvəl gəlirdi. Berliozda isə əksinə, musiqi
əsərləri onda isteriya tutması yaradırdı. Şahidlərin dediklərinə inansaq
Lev Tolstoyda epileptik tutmalar olurdu. Aleksey Tolstoyda isə tutmalar
isterik xarakterli idi. Belə bir isterik tutması zamanı yazdığı şeri
ayılan kimi xatırlaya bilmirdi. Rafaelin gördüyü (elmi dildə desək hallusinasiya
zamanı gördüyü) Madonna obrazını o, sonradan əsərlərində təcəssüm etdirib.
«Çarmıxa çəkilmiş İsus» əsərini işləyən Kramskoy da bəzən hallisunasiyanı
reallıqdan ayıra bilmirdi. Mopassan bəzən evdə öz oxşarı ilə rastlaşırdı.
Qlinkanın da hallisunasiyalara çatan qədər əsəb pozuntusu olurdu. Şuman
46 yaşında danışan masalar, düzülüb akkordlara çevrilən görünən səslər
əhatəsində yaşayırdı. Bethoven və Mendelson isə qəbirdən ona melodiyalar
diqtə edirdi. Şiller yazmaqdan əvvəl masaya çürük alma qoyurdu. Şair
və bəstəkar Hofman isə yalnız sərxoş olarkən yarada bilirdi. Edqar Po
alkoqolik idi və içməkdən öldü. Yesenin isə alkoqoldan doğan psixozun
nə olduğunu çox yaxşı bilirdi. Mopassan narkotik qəbul edərək bütöv
səhəifələri birnəfəsə yaradırdı. O, efir, kokain, həşiş işlədirdi ki,
nevralgiyalarının qarşısını ala bilsin. Molyerin melanxoliya tutmaları
onu yaşamağa qoymurdu. Rossini özünə saray alarkən kasıblıq qorxusuna
düşdü və musiqi səslərini bir daha eşitmədiyindən həkimə müraciət etməli
oldu. Hətta Puşkin də psixiatrların nəzərindən qaça bilməyib. Onun hiperseksuallığı,
psixi natarazlığı, əhvalının tez-tez tam ziddiyyətli bürclərə qədər
dəyişməsi həkimləri şizofreniya və maniakal depressik psixoz diaqnozunu
dilə gətirməyə imkan yaradır. Ən yumşaq halda ona siklvari psixopad
diaqnozunu qoya bilərlər. Necə olmasa da klassikdir.
Yuxulu, ya da yarıyuxulu vəziyyətdə olarkən Höte, Mosart, Rafael, Koltsov
yaradırdılar. Valter Skott «Ayvenqo» romanını xəstəhal olarkən diqtə
edirdi. Sonra romanın əsas ideyasından başqa hər şeyi unudur və necə
diqtə etdiyini də xatırlamırdı. Amma romanın ideası ağlına xəstəlikdən
əvvəl gəlmişdi. Emin Zolya isə düşünürdü ki, gəncliyində keçirdiyi beyin
iltihabı beynini inkişafına təsir edib və onun istedadını üzə çıxarıb.
Hofman dostlarına deyirdi ki, fortepiano arxasında olarkən o, yalnız
ona diqtə ediləni səsləndirir. Floberin qəhrəmanı xanım Bovarinin zəhərləndiyi
arsen preparatının dadını müəllif o qədər real hiss edirdi ki, düz iki
dəfə ürəyi bulanmış və səbəbsiz qusmuşdu. Dikkens etiraf edirdi ki,
öz qəhrəmanlarını görür və danışıqlarını eşidir, sonra isə bütün bunları
qələmə alırdı. Pozitiv fəlsəfənin banisi Oqüst Kont illər uzun psixatrik
xəstəxanada müalicə alırdı. Sağalan kimi illər uzunu onun qayğısına
qalan arvadını evdən qovladı, özünü materialistik dinin həvarisi və
rahibi elan etdi.
Dahi adamların dahiyanə səhvləri
Bəlkə də ona görə italyan xalq məsələi deyir: «Bütün istedadlar
dəliliyə çox yaxındı». Bu məsəli uşaqlıqdan eşitmiş italyan nervopatoloqu
Çezaro Lombrozonu dahi adamların taleyi və xəstəlikləri ilə maraqlanmağa
vada edib. Nəticədə «Dahilik və dəlilik» adlı kitab yarandı. Bu kitab
indiyədək bu sahədə ən tutarlı tədqiqat işi sayılır.
Lombrozo kitabında sübut edir ki, əhvalın əsassız şəkildə tez-tez dəyişmsi,
seksual sahədə sapmalar, absurda çatan orijinallıq, yazı və fikir yürütmələrinin
ziddiyyətliliyi dahilik əlamətlərindəndir. Dahaliyin ən çox yayılmış
simptomu ekstaz və ruh düşgünlüyü vəziyyətlərinin növbələşməsidir. İlk
baxışdan Lombrozonun ideası o qədər də orijinal görünmür. Çünki hələ
Demokrit deyirdi ki, «Dəliliksiz bir şair da ola bilməz». Həmin bu fikirlər
Platonun, Aristotelin, Şekspirin, Didronun, Şopenqauerin və Nitşenin
də ağlına gəlib.
Bəziləri Lambrozonun nəzəriyəsini dəstəkləyir, bəziləri isə əksinə,
pisləyir. Apponentlər hesab edir ki, dahilik dəlilik və istedadın qarışığıdır.
Dahiliyi norma saymaq olmaz, çünki sərhədlərə sığmır. Bəzi psixiatrlar
isə düşünür ki, psixi xəstəliklər əslində dərin ruhi sarsıntını kəskin
keçirdiyindən qabaran normal bir vəziyyətdir. Bu fikri əlimizdə bayraq
eləsək fərz etmək olar ki, dahilər o insanlardır ki, hansısa kritik
nöqtəni, sərhəddi keçməyə ürək ediblər. Ona görə də dahilərin öz səhvlərinə
hüququ çatır. Axı daha adamların səhvləri də dahiyanə olur.
Lombrozo isə çoxlu sübut-dəlil toplayaraq «Dahilik deqenerativ psixozdur»
deyir. Lombrozo bütün dahiləri dəli saymırdı. «Saçın ağarması, dazlaşma,
bədənin son dərəcə arıqlığı, əzələ zəifliyi, cinsi zəiflik bütün dəlilərin
ümumi keyfiyyətidir və tez-tez dahilər arasında da rast gəlinir». Onun
fikrincə dahilər haqqında onu demək olar ki, ömrünün sonuna kimi tənha,
soyuq, etinasız, ailə və cəmiyyətin problemlərinə biganə olurlar. Mikelancelo
deyirdi ki, sənət ona arvadı əvəz edir. Amma Höte, Heyne, Bayron, Çellini,
Napoleon, Nyuton öz əməlləriylə tamamilə əks və daha da pis yozulan
fikri sübuta yetirirdilər. Lombrozo deyir: «Tutmalar zamanı insan və
öz əsərinin detallarını düşünən adam arasında şübhəsiz oxşar cəhətlər
var». Sübut kimi o, dahi dəliliyin 16 fərqləndirici cəhətini ortaya
atır. Məsələn, o, düşünürdü ki, dahilərin möhkəm, əzmkar xasiyyəti olmur.
Misal kimi Russonun başqalarına, hətta özünə böhtan atmasını, uşaqlarını
atmasını, Sviftin ruhani insan olmasına baxmayaraq dini ələ salıb gülməsini
gətirir. Çox gənc yaşlarında istedadın üzə çıxmasını da əlamətlərdən
sayırlar. Tasso 6 aylığında danışıb, Amper 13 yaşında yaxşı riyaziyyatçı
idi. Dahilərin əksəriyyətində cinsi sferada qəribəlikləri var. Onların
əksəriyyəti gənclikdən əxlaqsızlıq edir və sənət uğurları cinsi sahədə
uğurlarıyla birbaşa əlaqədardı. Dahilərin çoxu səyahətə meyllidir (Tasso,
Çellini, Po), tez-tez fəaliyyət sahəsini dəyişdirirlər (Russo, Hofman,
Qoqol), orijinal üslubları bəzən absurdluğa qədər gedib çıxır, əksəriyyəti
dini şübhələr və tərəddidlər içində yaşayır, öz yuxularına həddən artıq
qiymət verir, onlardan çoxunun böyük və qəribə kəllə sümüyü olur, çox
vaxt yazdıqları şəxsi həyatlarıyla ziddiyyət təşkil edir. Məsələn, Russo
kəndi sevir amma şəhərdə yaşayırdı, tərbiyə haqqında traktat yazır amma
uşaqlarını yetimxanaya verirdi. Bəşəriyyətin qen fondunu arıtlayıb təmizə
çıxararkən demək lazımdır ki, məişətdə fərasətsizlik, şizofreniya, alkoqolizmə
meyllik insanların verdiyi ən yüksək xəracdır. Yoxsa ki, dahilər olmasaydı
tərəqqi də olmazdı.
Adi adamlar o qədər ağıllı deyil ki, ağıllarını itirib sərsəm
olsunlar
Qanında şizofreniya və ya başqa ruhi xəstəlik daşıyıcısı olan
dahilər çoxdu: Dekart, Paskal, Nyton, Faradey, Darvin, Platon, Kant,
Şopenqauer, Emerson, Spenser, Nitşe, Ceyms və başqaları. Tennessi Uilyams
hesab edir ki, yalnız 2 tip insanlar reallıqdan uzaqlaşıb öz dünyasında
yaşaya bilir: bir dahilər, bir də dəlilər. Amma etiraf etmək də lazımdı
ki, bəzən işinə fanatik sədaqət, yaradıcılıq alovu, unutqanlıq, qeyri
standart davranız da tarix boyu dəlilik kimi qiymətləndirilib. Məsələn,
Jorj Sand kişi şalvarı geyirdi. O zaman bu böyk şok yaradır və az qala
dəlilik kimi qiymətləndirilirdi. İndi belə hərəkətlərə ayrı ad verir,
etopaj yapmaq kimi dəyərləndirirlər. İngilislər onu da deyir ki, adi
adamlar o qədər ağıllı deyil ki, ağıllarını itirib sərsəm olsun.
Qəribə davranışıyla seçilən Salvador Dali dəfələrlə qeyd edib ki, həyatın
müdrikliyi elə axmaq görünüb təlxəklik etməkdədir. Qəribəlikləriylə
rekord vurmuş rəssam (küçəyə çılpaq çıxmaqdan tutmuş 150 min dollara
Allahın şəklini çəkməyi vəd edənə qədər) müsahibələrin birində deyir
ki, bütün bunlar mətbuatın mif yaratmaq istəyindən doğur: «Dəlidən məni
bir şey fərqləndirir ki, mən tamamilə normalam».
Sərgidən dəlixanaya yol var
Bir neçə l əvvəl «Sənət, dahilik, dəlilik» adı altında sərgi
keçirilmişdi. Siyendə Santa Mariya della Scala sərgi salonunda 300 sənət
nümunəsi sərgiləndi. Müəlliflər arasında Van Qoq, Kirxner, Munk, Ernst,
Diks, Qros, Quttuzo, Mayai və Liqabyenin adı gedirdi. Avropa muzeylərinin
məşhur salonlarının iştirakı ilə keçirilən bu sərgidə ən məşhur kolleksiyalardan
nümunələr yer almışdı. Sərginin qonaqları istəsəydi «San Niccolo» dəlixanasına
da gedə bilərdi, bu səfər biletin qiymətinə daxil idi. Bu yəqin ki,
tamaşaçıda dəlilik və dahiliyin sərhəddi barədə hansısa təsəvvürləri
oyada bilərdi.
Bir az dəli, bir az sərsəm, bir az da dahi
İnsanın yaratdığı ölmə məhkumdur. İnsanı öz yaratdığı məhv
eləyir. Rekviyemi Mosartı, 6-cı simfoniyası Çaykovskini, son əsərləri
Şumanı məhv elədiyi kimi. Səhnədə dəlilik edən Kreysler isə saralmış
notlarda və musiqi barədə yazılmış maraqsız mədhiyyə məqalələrində öldü.
Dahiləri adi adamlardan, adi psixi xəstələrdən nə fərqləndirir? İstedadın
dahilikdən fərqi nədədir? Təssüf ki, bu suallara hələ ki, dəqiq cavab
verən yoxdu. Mövzuya uyğun bir lətifə də var: «Psixiatrların fikricə
hər dörd nəfərdən birinin psixi xəstəliyi var. Əgər dostlarınızdan üçü
sağlamdırsa deməli dördüncü siz özünüzsüz». Biz hamımız bir az dəli,
bir az sərsəm, bəlkə də bir az dahiyik. Bəziləri bunu gizləyə bilir,
bəziləri isə yox.