Yazqabağı emansipasiya dartışmaları
8 mart - dünyanın harmoniyasını pozmayan
bayramı kişilər niyə sevmir?
İş belə gətirib ki, hər il mart girən kimi qadından
və gözlənilər bahardan yazırıq. Kişilər bu mövzunun heç birini bəyənmir.
Çünki dağ boyda iki, müflisedici ailə tədbiri martın sonuna kimi kabus
kimi gözlərinin qarşısından getmir. Əvvəl qadınları 8 mart münasibətilə
təbrik etmək lazımdı. Sonra isə çərşəmbədən çərşəmbəyə salamat çıxıb,
süfrəni xuruşla doldura bilib sonra bayram süfrəsini rahlamaq lazımdı
ki, kişinin evdəki statusu aşağı düşməsin. Əslində bu iki mövzu bir
aya nədi, heç bir yazıya da sığmır. Ona görə də iki qlobal mövzudan
birincisini seçək.
Qadın dünya malıdı!
Əvvəllər kişilər qadın qarşısında geri çəkilməzdi. Hədiyyə
verimmi, ya yox deyib başını sındırmazdı. Həyatını da verən vardı, sağlamlığını
da. Necə deyərlər kasıbın olanından. Tanışlardan birinin dilindən sitat
gətirim: «Qardaş, qadın dünya malıdı». Qadının olması da problemdi,
olmaması da. Bir növ pul kimi. Çox olsa yaxşıdı, amma paralel olaraq
problemlərin də çox olur. Qəribəsi odur ki, bayramlarda yanında qadını
olmayan kişilər kişisi olmayan qadınlardan daha artıq fikir çəkirlər.
Təklik qorxusu kişini həyat relslərindən daha tez çıxarır. Ona görə
də evlənib başlarını işə salırlar. Bunun müqabilində ildə cəmi bir dəfə
hegemon cins kimi xərcə düşürlər. Öz aramzdı, bu o qədər də pis sövdələşmə
deyil. Sərfəlidir.
Minilliklər boyu dəyişməyən model
8 martın tarixini matriarxat zamanından başlasaq kişilər yazının
bu yerində etiraz əlaməti kimi ya monitoru tərk edəcək, ya da qəzetin
səhifəsini çevirəcək. Matriarxatdan danışmağı heç sevməzlər, artıq bilinir.
Amma o vaxtlar qadının yanında, ocağın ətrafında, isti mağarada yer
dünyanın ən yaxşı yeri idi. Ətraf qorxulu, vahiməli idi, insana düşmən
kisilmişdi, məhv etməklə hədələyirdi. Bircə burda rahatlanmaq olardı,
silahı əlindən qoyub arxayınlaşmaq imkanı vardı. Əvəzində bu günku ovdan
bir parçasını qadına vermək lazım idi, vəssalam. Əslində həmin bu model
indiyədək dəyişmədən qalıb. Qadın yaşamaq üçün ən maksimal uğurlu bir
şərait yaradır, əvəzində kişi qənimətini onunla bölüşür. Kişilərsə qadına
yüksək status verib yuxarı başdakı yerini cəmi bir günlük qadına icarəyə
vermək istəmir. Kiminsə böyüklüyünü vurğulamağa bacarmaq özü böyüklük
əlamətidi.
Neolit dövrünün hakimi
Daş dövrü insana qarşı çox qəddar idi. Doğulmuş uşaq ya anasının
südü ilə böyüməli idi, ya da məhv olmalıydı. Qəbilənin kişiləri öz qadınlarını
yedizdirə bilməsəydi məhv olmağa məhkum idi. Köçəri, heyvan sürülərinin
ardınca çaparaq həyat da uşaqların həyatını, bununla da insan nəslinin
davamını risk altına qoyurdu. Ona görə də insan əkinçilik və heyvandarlıq
icad etməklə problemini həll etmiş oldu. Alimlər deyir ki, bir çox qəbilələrdə
qadınların xüsusi bağçaları olurdu. Burda onlar dadlı meyvələri, dərman
xassəli, ya da narkotik bitkilər yetişdirridilər. Qız ərə gedəndə anasının,
nənəsini bağçalarından götürdüyü bitkiləri ərinin həyətində əkərək demək
olar ki, ilk seliksioner rolunu oynayıb. Bəzən alimlər inqilabi fikirlər
də deir. Guya kişilər dağda-daşda ovlayarkən torpağı belləyən, əkib
becərən də qadınlar olub. Suyu saxlamağa gil qabları da onlar düzəldib
ki əri evə gələndə içməyə sərin suyu olsun.
İmkanım olmadı!..
Arxeoloqlar torpaqda eşələnən zaman yerdən kök qadın fiquru tapası olanda
o saat bu sivilizasiyaya «matriarxat» diaqnozu qoyurlar. Amma bu qadın
fiqurunun ya başı olmazdı, ya da olardısa sifətində cizgiləri bilinməzdi.
Sinəsini, ombalarını zərgər dəqiqliyilə oymuş «heykəltaraşın» sifət
gizcilərinə gələndə naşılığına inanmaq olmur. Yəqin bu yerində kişilər
hazırda 8 mart qabağı kişilərimizin keçirdiyi duyğulardan birini, .ya
da hamısını birdən keçirərək «alınmadı», «bacarammadım», «imkanım olmadı»
deyərək canını qurtarıb. Minilliklərdi, heç nə dəyişmir.
Kişi və qadınlar bərabərhüquqlu olanda
Ola bilər bayram keçirmək, həliyyə vermək şəhərlərin dəbidir.
Kənddə-kəsəkdə buna vaxt nə gəzir? Tarixcəsini yaxşı bildiyimiz şəhərlərdən
bir İerexenun yaşını eramızdan 8 min əvvələ aid edirlər. Şəhər camaatı
3 metrlik hasar altında 3 min nəfərlik əhali ilə yaşayırdı. Şəhər tikilib
qurtarandan və burada həyat bulaq kimi çağlayandan sonra şəhərli kişilər
öz qızlarını, qadınlarını çöldə, torpaqda görülən ağır fiziki zəhmətdən
azad edə bildi. Ağır zəhmətdən canı qurtarmış qadınlar ocaq başına qayıtdı.
Sivilizasiyanın bütün bəhrələrini dadan qadınlar bunun altını bir neçə
min ildən sonra çəkəcəklərini ağıllarına belə gətirmirdilər.
Qədim şəhərlərdən biri sayılan Çatal Höyük (Türkiyə ərazisində, Konyada
yerləşir) eramızdan 6500-5400 il əvvəl çiçəkləyən bir şəhər idi. Onu
bu yaxınlarda, 1961-ci ildə kəşf ediblər. Bu şəhərdə orta yaş həddi
kişilərçün 30, qadınlara 35 il idi. Qocamanlar 60 yaşa qədər yaşayırdı.
Arxeoloqlar deyir ki, buranın qadınları Aralıq dənizindən olan balıqqulaqlarından
boyunbağı gəzdirərdi. Ərtafından seçilmək istəyənlərin boyunbağısına
mis, qalay parçaları açılardı. Yəqin onlar , yəni boyunbağısında metal
parçası olanlar öz kişiləriylə fəxr edərdi ki, ona başqasından fərqlərməyə
imkan yaradıb. Yəqin ki, qadınların yerdə qalanı, yəni ki, sinəsini
adi balıqqulağı ilə bəzəyənlər həmin qadınların kişilərinin fərasətinə
həsəd aparardı. Ən seçilmişlərin boynunda leopard pəncəsi sallanardı.
Yəqin ki, kişisi bu trafeyi döyüşdə qazanıb xanımına hədiyyə verib.
Deməli, hələ bineyi qədimdən qadının statusunu bilmək istəsən onun boyun-qulağına
baxmaq lazımdı. Bayaq adını çəkdiyimiz kök qadının gil fiqurları burda
pis çıxmasın zibil kimi tökülüb qalmışdı. Bəyəm Çatal Höyükdə matriarxat
idi? Burda işləyən arxeoloqlar nəticədə bir fikirlə razılaşdılar: bu
qədim şəhərdə cinsinə görə əmək bölgüsü olmayıb. Bu nəticə hamını dəhşətə
gətirdi. Çünki heç kim inanmaq istəmirdi ki, minilliklər əvvəl hansısa
bir şəhərdə kişi və qadınlar bərabərhüquqlu idi. Basdırılmış meyitlərdə
qadın və kişi arasında fərq qoyulmamışdı. Amma biz indi, demokratiyanın
şeypur çaldığı vaxtlarda torpağa basdrılanda da kişi və qadın arasında
böyük fərq qoyuruq.
Yazqabağı kişi hədiyyəsi
Çatal Hüyükdə daha bir tapıntı adamı heyrətləndirir. Burda
üç uşaqla birgə basdırılmış 30 yaşlı qadının qəbri araşdırılıb. Sümüklərin
analizi təsdiq edir ki, bu qadın evdar olmayıb. 30 yaşınacaq Britaniya
tərəfləri gəzib sonra buralara qayıdıb. Yanındakı uşaqlardan isə cəmi
biri onun öz uşağıdır. O biri ikisini ya oğlluğa götürüb, ya da himayədarlıq
edib. Bu o deməkdir ki, eramızdan 6-5 min il əvvəl qadın dünyaları gəzib
gəldiyi bir yana, o qədər özündə əmin imiş ki, qan qohumluğu olmayan
uşaqlara himayədarlıq etməyi boynuna götürə bilirmiş. Yəqin ki, onları
dolandıra biləcəyinə arxayın idi. Belə qadının kişinin ona verəcəyi
nə boyunbağıya, nə də leopard pəncəsinə ehtiyacı var. Kim bilir, bəlkə
ona yazqabağı bir dəstə çiçək verən olsaydı qaxılıb yerində oturardı,
çöllərə düşməzdi? Arxeoloqlar deyir ki, ola bilər ki, bu qadın və uşaqları
yaz gün bərabərliyi şərəfinə qurban veriblər. Bir növ kişilərin yazqabağı
özünə hədiyəsi kimi.
İlah və ilahələrin müharibəsi
Qadın emansipasiyası əleyhdarları həmişə deyir ki, emansipasiya
qadın təbiətinin özünə ziddir. Qadın kişi kimi ağıllı, hətta güclü də
ola bilər. Amma onun anotomik quruluşu uşaq doğub böyütməyə uyğunlaşdırılıb.
Qadın bu yoldan bir addım kənara çıxan kimi dünyanın harmoniyası pozulur.
Dünyanın harmoniyası isə, ağıllı kişilər, yəqin bilisiz ki, çox vacib
məsələdi. Bu boyda dünyanı bir qırıq mənliyin ucbatına vermək günahdı.
Adəmlər yığışıb dünya yaratdı
Qadının uşaq yetişdirmək üçün yaranması, bioloji, anotomik quruluşunun
buna uyğunlaşması başqa bir mif- matriarxatın yaradıcısı sayılan Böyük
Ana haqqında mifə təkan verir. Deyirlər ki, qadınlar nə vaxtsa yer kürəsində
böyüklük edirmiş. Müasir külturoloqlar, tarixçilər düşünür ki, sülhsevər
əkinçilər qadınların hakimiyyəti altına könüllü olaraq keçərək bərabər
hüquqlu bir cəmiyyət yaratdılar. Bu cəmiyyət çiçəklənərək bəşəriyyətə
öz bəhrələrini verdi. Müdrik Həvva zəhmətkeş adəmlərini başına yığıb
şamılıqla dünya yaratmağa girişdilər. Həmin bu adəmlər minnətdarlıq
hissiylə kök qadın fiqurları yaratmağa başladı. Dəclə, Fərad çayların
vadisindən tutmuş indiki Ukrayna ərazilərinə qədər böyük bir sahədə
torpaqları bu gün də bir balaca yaxşıca qazısan bu fiqurlardan çıxacaq.
Onlar bu fiqurları ola bilər ki, yaz bayramına ithaf edərdi. Həmin bayram
indi 8 mart şəklində o qədər etiraz oyadır ki, nə vaxtsa bu prosesin
könüllü olmasına inanmaq olmur.
Matriarxat dağılmasaydı…
20-ci əsrin 50-ci illərində arxeoloq Mariya Qimbutas fərz
elədi ki, matriarxat quruluşlu şəhərlər şərqi Avropadan bura soxulan
köçəri heyvandarlar tərəfindən dağıdıldı. Bu iki dünya görüşünün çarpışması
idi. Bir tərəfdən torpağı və qadını müqəddəsləşdirmiş əkinçilər, o biri
tərəfdən qadını ikinci dərəcəli sayan köçəri heyvandarlar. Bü savaşda
kimin qalib çıxdığı artıq məlumdu. Köçəri heyvandarlar qalib çıxan kimi
qadınlar minilliklər boyu uzanan əsarətə düşdülər və dünya öz harmoniyasını
itirdi. Acıdil kişilr deyə bilər : «Matriarxatdan nə olacaqdı ki, ömrünün
axırına kimi torpaq eşələyib gil yapacaqdın? Hakimiyyətə əlində bürünc
silahlı əsil kişilər gələn kimi inkişaf başladı!». Amma Ana Torpaq anlayışı
bizim qanımızda hələ ki, möhkəm durur və özümüzü köçəri vəhşilər kimi
aparmadığımıza görə kimsədən üzr diləməyiimz də yersiz olardı.
Cinsi bərabərsizlik şəhərlərin törəməsidi
Qədim zamanları tədqiq etdikdə maraqlı fakt ortalığa çıxır.
Əkinçilik və hevandarlıqla məşğul olan qədim insanlarda kişi və qadın
arasında çox böyük fərq gözə sataşmır. Onlar hər ikisi məişət qayğısı
çəkir, çöldə də evdə də işləyir. Uşaqların həyatında o qədər də iştirak
edə bilmir. Çox vaxt uşaqları böyük bacı və qardaşı, ya da nənə və babaları
böyüdür. Ona görə də valideynlər heç nağıllarımıza da düşə bilməyiblər.
Orda nağılı həmişə nənə, ya da babalar deyir. Bir sözlə əl-ələ verib
başlarını dolandırıblar. Sözün əsil mənasinda bərabərsizlik şəhərlərdə
oytaya çıxır. Şəhərdə qadın hakim ola bilməz, şəhəri qoruya bilməz,
məmur ola bilməz. Məhz şəhərlərdə qadınlar ataları, ərlərinin əsarətinə
düşüb alqı-satqı vasitəsinə çevriliblər. Şəhərlər artdıqca qadının ocağın
başındakı yerindən başqa gedəsi yeri qalmadı. Söhbət matriarxatdan patriarxata
keçiddən deyil, nisbi bərabərlikdən absolyut patriarxata keçiddən gedir.
***
Kişilər tarix boyu hegemonluğu ələ alandan sonra qadına qarşı
mövqelərini tam dəqiqləşdirə bilməyiblər. Onlar gah qadın cazibəsi qarşısında
təzim edir, gah da onu ikinci dərəcəli canlı sayaraq etinasızlıq göstərirlər.
A qardaş, ya bizim azadlığımızı əlimizə ver, öz başımızı dolandıraq.
Onda 8 mart bayramı avtomatik olaraq aradan çıxacaq. Emansipasiya olunmuş
qadın belə bayram şərəfinə kişidən hədiyyə almaz. Ya da kişiliyini elə
də, necə bacarırsan! Minilliklərdi yola veririk, indi də verərik…