Dünyanı arzularımıza uyğun biçək
Pozitiv düşünənlərin həyatı da pozitiv olar
Təxminən bir il əvvəl «The Secret»
adlı sənədli filminin ekrana çıxması və mətbuatın bu barədə araşdırma
aparmasından sonra dünyada insanların təfəkküründə, şüurunda elə bil
ki, inqilab baş verdi. Orda deyilirdi ki, fikir maddidir və düzgün arzulamağı
bacarsaq bütün arzularımız reallaşa bilər. Amma nə istədiyini dəqiq
bilmək və arzunun şəklini, ya təsvirini gözlərin qarşısında canlandırmağı
bacarmaq lazımdı. İstəmədiyin şeylər barədə fikirlərdə ilişib qalmaq
düzgün deyil. Alınsa, hər şey istədiyiniz kimi olacaq. Filmin yaradıcıları
kitab versiyasını da hazırlayıblar. Bu kitab qısa müddətdə bestsellerə
çevrilib.
Bir qədər nağıla bənzər üsulun bir mənfi cəhəti var. Vəziyyət bir az
sürüşkən olan kimi, ya da deyilənlərdən bir şey alınmayanda hər şeyi
sirli Kainatın, yaxud da Allahın, qismətin boynuna yıxırlar. Onsuz da
alimlər həmişə deyib ki, pozitiv düşünün, onda hər şey okey olacaq.
Amma niyəsini izah eləyən olmur. Araşdırmalar nəticəsində, əlbəttə ki,
alimlərin araşdırmalarını nəzərdə tuturam, düz 4 film yarandı. Bu filmlərdəki
ən yaxşı tapıntılarla bölüşmək istərdik.
Biz demək olar ki, heç nə görmürük
Hər şey sualdan başlayır: «Axı bu reallıq nə olan şeydi?».
Həmən bu sual alimlərin də beyninə gəlib. Onlar da təmbəllik eləməyib
məftillərini, qurğularını işə salıb beynində eşələnməyə icazə vermiş
bir-iki həvəskar tapıb nəhayət ki, dəqiq rəqəmlər deyiblər. Sən demə
insan beyni ətraf mühitdən hər saniyə 400 trilyon bit informasiya alır.
Təsəvvür eləməyə, hələ bir müqayisə verib sizə də təsvir verməyə imkanım
çatmaz. Amma qəbul elədiklərindən cəmi 2 min bit məlumat şüura çatır.
Bu yerində insan adlanan məxluq haqqında bir-iki yağlı cümlə deyərdim.
Bəzi atalar məsəlində işlədilən ifadələri – başı elə bil aşsüzəndi,
ya da beynində küləklər əsir, bildiklərini tökə-tökə gəzir kimi ifadələrin
hardan yaranması barədə fikirləri bir qırağa ataq. Yəni bir az mövzuya
uyğun ciddi olmağa çalışaq. Atalar onu da deyir ki, sözü de, kimə lazımdı
özü götürəcək. Arif adamlar hələ qırılıb qurtarmayıb.
Biz elə bil dünyada yaşayırıq ki, gözümüzlə gördüyümüz, eşitdiyimiz
və qavradığımız aysberqin bir qırıq kəlləsi qədərdi. Amma beynimiz qənaətcil
arvadlar kimi əlinə düşəni yığıb saxlayır, tullamır. Qəbul edilənlərdən
bir qırığını anlasaq da qalanlarını səliqəylə yaddaşın dolablarında
elə qablaşdırırıq ki, heç ruhumuz da incimir. Hələ ki, beynimdə bir
«uborka» eləyim, sil-süpür aparım deyəni gözümlə görməmişəm. Elə bəlkə
də ona görə deyilənlər bəzən bizə çox gec, zürafəyə çatan kimi haçandan-haçana
çatır. Yəni ki, ölçüsündən və keyfiyyətindən asılı olmayaraq insan beyni
dünyada hər şeyi bilir və hər şeydən də xəbəri var. Hətta deyərdim ki,
bizim beyin ömrü boyu axtardığımız həqiqətləri bilir və bəlkə də kənardan
baxıb bizim ömür yandıraraq tapdığımız həqiqət qırıntılarına görə duyduğumuz
sevinc hissinə də gizlincə lağ eləyib gülür. Nolar, olsun. Əvəzində
şüur hamısın öz bildiyi kimi qablaşdırıb qabağımıza qoyur.
Əlqərəz, biz yalnız görmək istədiyimizi görürük. Qalan anlaya bilmədiyimiz
informasiyanın qabağını alan sədləri, məhdudiyyətləri də özümüz yaradırıq.
Kolumb və onun gəmiləri barədə bir əhvalat var. Kolumb Karib adalarına
yaxınlaşanda yerli qəbilələrdən olan insanlar bu gəmiləri görə bilməzdi.
Çünki onların anlamında gəmi adında anlayış yox idi. Hətta gözlərini
üfüqə dikib saatlarla kipriklərini qırpmadan baxsaydılar da gəmiləri
görə bilməzdilər. Çünki onlara əvvəl «gəmi nədi?» anlayışını başa salmaq
lazım olardı. Ömründə alma görməmiş adama onun tamını başa salmaq qədər
çətin bir işdi. Amma qəbilənin şamanı suyun üstündəki dalğalanmanı gördü
və onun nədən əmələ gəlməsi barədə düşünməyə başladı. O, hər gün sahilə
gəlib diqqətlə uzaqlara baxırdı ki, olanların səbəbini tapsın. Ona görə
də günlərin bir günü üfüqdəki gəmiləri görə bildi və gəlib orda nəsə
baş verməsi barədə hamıya danışdı. Yalnız bundan sonra gəmiləri hamı
gördü. Ona görə də əminliklə demək olar ki, hər kəs istədiyini görür.
Bax beləcə biz ətraf dünyanı formalaşdırırıq. Kvant nəzəriyyəsində buna
realıq tuneli deyilir. Hərədə bu tunel bir cürdü, kimdəsə enli, kimdəsə
ensiz. Kiminləsə mübahisə edəndə siz öz tunelinizdəki həyat həqiqətlərini
başa salırsız. Bəs axı onun öz tuneli var. Yollarınız çox fərqlisə siz
bir-birinizi necə anlayacaqsız?
Sualı özünə ver, cavab gələcək
Psixologiyada daha bir eksperiment qoyulub. Əgər insan nəsə
eşitmək istəyirsə, buna can atırsa onda adi vaxt, yəni çalışmadığı zamanda
eşitdiklərindən düz 50 faiz çox səs və informasiya eşidir. Bu yerində
«İstəmək azdı» demək heç yerinə düşməz.
İndi isə danışılanlardan praktiki xeyir əldə etməkçün çalışmalara keçək:
1. Sizi hansısa məsələ narahat edirsə, əmin olun, siz artıq düzgün cavabı
bilirsiniz. Hələ Freyd «şüuraltı» anlayışını dilimizə salanda elə bunu
nəzərdə tuturdu. Beləliklə, sakitləşmək lazımdı. Gərgin insan tarazlıqda
olmur, ona görə gözləri bağlayıb sualı özünə vermək lazımdı. Sonra heç
cavab gözləmədən başqa işlə məşğul olaraq fikri kənara yayındırmaq pis
olmazdı. Bəzən elə bu yerində çətinlik olur. Tutduğumuzu buraxa bilmirik,
ona görə. Suallarımızın cavabını da həmən eşitmək istəyirik. «Küləklə
sovrulmuşlar» kitabının qəhrəmanı kimi «Bu barədə mən sabah düşünərəm»
demək lap yaxşı. Cavab gələcək. Çünki cavabsız suallar olmur.
2. Əgər siz çətin vəziyyətdəsiz və qərar verə bilmirsiz «Reallığın sərhədlərini
genişləndirmə» üsulundan istifadə edin. Vəziyyəti nəql edin, amma yalnız
faktları danışın, lap xəbərlərdəki kimi. Sonra həmin məsələnin ən qaranlıq
və pis gəhətlərini təsvir edin. Ən pis sonluğu da fikirləşmək şərtilə.
Sonra isə əksinə, hər şeyə optimist gözüylə baxın. Bütün müsbət cəhətləri
qabardın. Kiməsə rahatdısa düşdüyünüz vəziyyəti rəssam, rejisyor, ya
da şair gözüylə baxsın. Nəticədə isə özünüzü müdrik qocanın yerinə qoyub
sizdən bu barədə soruşmuş cavana nə deyəcəksə o cür də cavab verin.
İnanıram ki, çalışmanı axıra çatdırmamış artıq cavab özünü yetirəcək.
Dünyanı dəyiş
Ağıllı kişilərdən kimsə deyib ki, sən dünyanı dəyişə dilməzsən,
amma ona münasibəti dəyişə bilərsən. Bu da az deyil. Kvant fizikasında
Seyrçi problemi adlı bir vacib məsələ var. Fizika fakultələrində bunu
birinci kurs tələbələrinə təcrübədə nümayiş etdirəndə onların təəccübdən
çənəsi düşür. Laboratoriyada fotonların özünü aparmasını öyrənən bu
təcrübədə onların bərk maddə, yoxsa dalğa olmasını təyin etmək istəyirlər.
Fotonların bərk maddə olmasında əmin olan alim təcrübə qoyur və cihazlar
təsdiqləyir ki, həqiqətən də fotonlar özünü bərk maddə kimi aparır.
Sonra fotonların dalğa olmasındı sübut eləmək istəyən alimin təcrübəsində
onlar özünü dalğa kimi aparır. Elə bil ki, siz bir vanna suyu doldurub
orda su olmasında əminsiz. Amma otağa birisi gəlir və o, vannada çoxlu
top olduğunda əmin olaraq əlini atıb topun birini götürür. Bəs kimə
inanmalıyıq? Təcrübədə də elə bil ki, fotonlar informasiyanı beyindən
oxuyurmuş kimi özünü aparırdı. Onlar seyrçilərin fikirlərinə uyğun şəkildə
hərəkət edirdi. Bəs bilirsizmi ki, ətrafımız da fotonlardan, elektronlardan
və s. ibarətdi? Ona görə də hərəmiz öz reallığımızı yarada bilirik.
Kimsə əminsə ki, dünya qəddar və nahaqdı, o, həmin şəraitdə də yaşayacaq.
Həyatın sevinc içində çimmək üçün ona verilməsini düşünənlər həmişə
yağ-bal içində üzməkdə davam edəcək. Görürsüz, hər şeyi Allahın üstünə
də yıxmaq olmazmış.
Yapon alimi Massaro Yamoto dediyimiz məsələləri su üzərində təcrübələrlə
təsdiqləyib. O, müxtəlif qablara östündə müxtəlif sözlər yazılmış kağızlar
yapışdıraraq içindəki suyun strukturunu öyrənirmiş. Üstündə xoşbəxtlik
sözü yazılmış qabdakı su ən gözəl görünürdü. Sevgi də çox qəşəng idi.
Pis sözlərin görünüşünü isə təsvir eləməyə dəyməz. Unutmayaq, bizim
bədənimizin 90 faizi sudan ibarətdi.
Yuxarıda adı çəkilən filmdə əri ilə ayrılıqdan fikir çəkən qadın güzgü
qarşısında dayanıb «özümə nifrət edirəm» deyir. Bu zaman kamera bizə
göstərir ki, onun beynində orqanizm üçün ölümcül harmonlar əmələ gəlir.
Bunu yadına salaraq qadın stressdən çıxmaq üçün vannanı su ilə doldurub
içinə qızılcül ləçəkləri atır və içində uzanaraq dərisində ürək şəkli
çəkməyə başlayır. Belə olanda isə beyin sevinc harmonları ifraz eləməyə
başlayır. Düzdü xoşbəxt olmaq üçün hər dəfə vannaya uzanmaq lazım deyil.
Əsas məsələ müsbət fikirləri fikirləşməkdədir. Fikir maddidir. Onda
gözlərinizlə görəcəksiz ki, ətraf mühit necə gözəlləşəcək.
Vaşinqtonun Kolumbiya vilayəti qətllərin paytaxtı sayılır. 1993-cü ildə
alimlər orda maraqlı bir eksperiment aparıblar. 4 nəfər könüllü eyni
vaxtda fikirləşməyə başlayıb ki, guya bu vilayətdə cinayətlərin sayı
25 faiz azalıb. Polis şefi bunu eşidəndə onları məsğərəyə qoymuşdu ki,
yayda qar yağar, amma belə şey ola bilməz. Az sonra polis departamentinə
aylıq nəticələr gələndə o, artıq gülmürdü. Nəticələr göz qabağında idi.
Bir az sonra özü də bu tədbirə qoşulmuşdu.
Yar bizə qonaq gələcək
Hər birimiz düşündüyünə və ətrafındakına təsir etmək qabliyyətinə
malikdi. Çünki atomlar maddiləşmiş informasiyadır. Onlar informasiyanı
isə bizim beynimizdən oxuyurlar. Bir nəinki özümüzü, başqasının da fikrini
oxuyuruq. Əgər siz həmişə düşünürsüzsə ki, əriniz pis adamdı, o, elə
bil bunu eşidir. İndi mən durub sizin başınızı ağrıdan deyiləm ki, nüvə
səviyyədə hamımız elə eyniyik. Amma bir həqiqət də var ki, bir-birinə
qohum olan elektoronlar da var. Alimlər bir bədəndən olan iki elektoronu
ayırıb birinə təsir ediblər. O biri otaqda heç bir təsirə məruz qalmamış
elektron eyni reaksiyanı verib. Elə bil onun ağrısını hiss edib. Hamımızın
başına gəlib, yaxınlardan kimsə dara düşəndə uzaqdan uzağa informasiya
qəbul eləmişik. Dara düşdüyünü, çətinliyini duyub ürəyimiz sıxılıb.
Bəzən görürsən ki, heç tanış olmayan adamlar bir baxışdan bir-birini
anlayır. Bəlkə bir az da səbr eləsək alimlər insanın öz yarısını axtarması
mifini də izah eləyə biləcəklər. Hər kəs öz yarısını axtarmaqda olsun.
Sensorluğu, yəni hissiyyatı güclü olan adamlara bir çalışma da verək,
xeyrini görsünlər. Sizi maraqlandıran adamı rəngli qoloqram şəklində
təsəvvür edin. Sonra baxın görün hansı rəng daha artıq idi, hansı rəngləri
boğulmuşdu. Ya da ki, yuxularınıza hansı rəngdə gəlmişdi? Deyrlər ki,
qırmızı - sevgidi, qara – ağrı hiss eləyir, qəhvəyi – depressiyadı,
sarı – həyata sevinir, göy – vəziyyəti ölçüb biçir, yaşıl isə siz onu
ilhamlandırırsınız.
…Mənim səhv etmək hüququm var
Bəzilərinə həyatını dəyiş dedikdə elə bilir ki, yaxşını görüb,
pisi gözdən burxmağı nəzərdə tuturlar. Hər şeyi görmək, amma lazımı
məqamlarda vurğu qoymaq lazımdı. Özünü sevib nazını çəkmək də pis üsul
deyil. Qanınız qaraldı, «günün frazası», «otağın ən yaxşı insanı» kimi
nominasiaylarda özünüzü qalib elan edin. Bu münasibətlə özünüzü çay,
şokolad, ya da nəsə xırda-xuruşla mükafatlandırsaz dünya dağılmaz. Dodaqaltı
mızıldana da bilərsiz: «Mənim sevmək haqqım var, kədərlənə də bilərəm,
darıxa da. Mənim səhv eləmək hüququm da var». Emosiyanı sonacan yandırmaq
lazımdı, yoxsa yaşamağa qoymaz…
P.S. Aranızda bu mövzuyla maraqlanan və rus dilində oxuya bilən varsa elektron ünvanıma yazın. Kitabları sizinlə bölüşmək məndən.