Yaşamağa macal tapmamışlar
Axmaqlar uşaqlıqda
ata-anasını düşünər, gəncliyində sevgilisini, qocalığında yalnış uşaqlarını.
Onlar özü haqqında düşünməyə macal tapmadan dünyadan köçər.
Qədim hind fəlsəfəsi kitablarından
Yaydı. İstidi. Yayda və istidə hamı dincəlməyi düşünər. İl boyu hambal
kimi daş daşıyanlar da, əli qoynunda oturanlar da yayın dincəlmək üçün
olduğunu zənn edər. Bir də ki, Allahın işidi, bilmək olmaz. Göydən ruzi
də yağdıra bilər, od da, daş da. Yəni ki, məqamdı. Yaşamaq şansını buraxmaq
olmaz. Deyirlər cəhənnəmdə bundan da istidi…
Altıncı Günəş nə vaxt doğar?
Axirət zamanının gəlməyindən danışırlar. Yer adlı planetdə
5 dəfə həyat alt-üst olub və yenidən dirçəlib. İndi hamı 6-cı apokalipsisi
gözləyir. İnanmırsızsa Cənubi Amerika aborigen xalqlarının miflərini
oxuyun. Orda günəşin və ayın necə qırılıb göydən düşməsinin gözəl bədii
təsvirləri var. Alimlər deyir ki, yer üzündəki canlı aləm silinəndən
sonra yenidən həyat dirçələsi olsa yer üzünün əsas sakinləri bu dəfə
monstrlar olacaq. Dini kitablar deyir ki, Allah insanı ən axırda yaratdı.
Əvvəl yeri, göyü, canlıları, bitkiləri və heyvanları yaradıb axırıncı
yaratdığını hamısından yüksək bildi. Amma nahaq. Çünki insanlar elə
bil ki, yer üzünün canlılarına müharibə elan edib. Onların kökünü kəsənəcən
əl çəkməyəcəklər. Son 500 il ərzində 900 növ canlı məhv olub. Keçmişdə
hər milyon ilə 2 növ məhv olurdu. 2004-cü ildən bəri canlılar insanın
hələ təbiətin padşahı olmamışdən əvvəlki zamanla müqayisədə min dəfə
tez ölməyə başlayıblar. Sonrakı 20 ildə məhv olmanın sürəti 10 dəfə
artacaq. Ətrafımızdakı 5 milyon bioloji növün dörddə üçünün irəlidəki
300 il ərzində öləcəyi gözlənilir. Əgər bu, güclülərin zəiflər üzərində
qələbəsidirsə insanın qaliblər siyahısında olacağına heç kim təminat
vermir.
Alimlərin qorxuları qədim xalqların inanclarıyla üst-üstə düşür. Maya
qəbiləsinin sələfləri atsteklər həyatın iri dövrlərlə növbələşdiyinə
inanırdı. Sanki nəfəs alıb verirmiş kimi silsilələr bir-birini əvəz
edir. Bizim zaman sel basması ilə də, meteor yağışı ilə də, ya da günəş
partlaması ilə də bitə bilər. Yəqin ki, ölən üçün o qədər də fərq eləməz.
Qədim tayfaların inancına görə belə şeylərin fikrini eləməyə dəyməz.
Çünki gözlədiyimiz yeni dövr özü 300 ildən sonra bitmək üzərədir. 300
yaşamaq fikrimiz də yoxdu. Şərt nə qədər deyil, necə yaşamaqdadı. Biz
yaşamaqçün başqalarını öldürürük.
Yerə super yaşamaq istəyi olan monstrlar gələcək
65 milyon il əvvəl həyat formalarının 76 növü məhv oldu. Dinozavrlara
da rəhmi gəlmədi. Sürünənlər, kərtənkələlər, timsahlar, yəni ən bic
və şəraitə uyğunlaşanlar salamat qaldı. 200 milyon il əvvəl Atlantik
okeanda lava partlayışından sonra iqlimin istiləşməsi başladı. Torpaqda
yaşamaq çətinləşdiyindən quşlar əmələ gəldi. 250 milyon il əvvəl Yerə
asteroid düşəndən sonra 95 faiz canlıları məhv elədi. Amma əvəzində
malyuskalar və dəniz xərçəngləri yarandı. 360 milyon il əvvəlki istiləşmədə
su o qədər buxarlandı ki, balıqlar yoxa çıxdı, amma əvəzində suda-quruda
yaşayanlar əmələ gəldi. 440 milyon əvvəlki kataklizmdə isə materiklər
yerindən tərpəndiyinə görə dəniz sakinlərinin 86 yaizi yoxa çıxdı. Amma
əvəzində həşəratlar arandı. Sözümün canı odur ki, nəsə yoxa çıxırsa
nəsə yaranır. Hər dəfə həyat bir dombalaq vurub üstündəkiləri aşırdırdısa
bu təbiətin kaprizi ucbatından olurdu. Bu dəfə insan gunahkardı. Keçmişdə
şəraitə uyğunlaşa bilməyənlər ölürdüsə indi insanın yaratdığı texnogen
sivilizasiyaya uyğunlaşmayanlar məhv olur. Bir sözlə mutantların gəlişi
gözlənilir. Bir vaxtlar dinozavrlar öləndən sonra planetdə əsas yerləri
insan tutduğu kimi indi marşrut taksi şoferlərinin diliylə desək «Bir
balaca mehriban olub sıxlaşmalııq». Yerə super yaşamaq istəyi olan monstrlar
gələcək.
Hevanlar arasında mutantlar artıq yaranmaqdadır. Britaniyada ev siçanlar
həmişəki ölsülərində 2-3 dəfə böyük doğulmağa başlayıb. Gizlənib orda-burda
qalmış buğda və çörək qırıntısı gəmirmək əvəzinə quş balaları yeyirlər
və 10 kq çəkili heyvanları yeyə bilən yırtıcıya çevriliblər. 2 başlı,
4 ayaqlı quşlar, heyvanlar doğulur. Donuz sifətli buzovlarla, 3 gözlü
heyvanlarla kimsəni heyrətləndirə bilməzsən.
Qırmızı kitaba düşəcək bitkilər və heyvanlar o qədər sürətlə yoxa çıxır
ki, bəzən onları sifahıya almaq və kitaba salmaba macal tapmaq olmur.
Növbə nadir bitki və heyvanlarındı. Məsələn, amazon nülufərləri bu ilki
hoqqasıyla botanikləri yaman məyus edib. Su üzərində açdığı yrpaqları
o qədər böyük olurdu ki, körpə uzağı orda rahat qoyub getmək olardı.
Bu il həmin bu nadir bitki çiçək açmadı. Dünyanın məşhur nəbatət bağlarının
mütəxəssiləri bir birindən soraqlaşdılar və əmin oldular ki, həqiqətən
də nadir bitkinin kaprizi deyil, nəsə təbii prosesdi. Nilufər toxumları
nəinki təbii su hövzələrində, həm də akvariumlarda tumurcuq vermədi.
Bəs tarakanlara nə oldu?
Bir burda canımızın dərdini çəkən vaxt alimlər yeni, ev həşəratlarıla
bioloji müharibəyə hazırlıq görürlər. Rusların milli həşəratı olan tarakanlar
yoxa çıxmağa başlayıb. Qara tarakanlar Rusiyaya tatar-monqol basqını
zamanı gəlib. Kürən tarakanları isə Rusiya-Prussiya mühribəsindən geri
qayıdan rus əsgəri yol çantasında gətirib. Deyək ki, sovet dağılandan
sonra ruslar şəhərimizi tərk etməyə başlayan kimi burda tarakanlar azərbaycanlı
qadınının səliqə- sahmanı qarşısında geri çəkilməli oldu. Amma gözünü
açıb tarakan görmüş rus indi təəccübündən bilmir nə etsin, mətbəxlərdən
tarakanlar yoxa çıxıb. Necə olur ki, dinozavrlarla bərabər yaşayıb kataklizmlərdə
sağ qalmış tarakan 21-əsrin komfort və toxluq zamanında yoxa çıxsın?
Səbəblər çoxdu, mobil telefonlardan tutmuş şəhərlərin sonsuz çirklənməsinə
qədər. Bəlkə tarakanlar geni dəyişdirilmiş ərzaqları yeyib zəhərləniblər?
Propellerli Karlson demiş «Tarakanlar gedib, amma geri qayıtmağa söz
veriblər».
Elliklə gəzəndə
Bəlkə həyatımızın keyfiyyəti ətrafımızdakıların sayından asılıdır?
Tarakanlardan sonra insanlara keçid eləmək bir az çətindi. Amma bizim
həşəratlarla ümumi cəhətimiz var. Bir bir yerdə toplaşmağı sevirik.
Toplaşan kimi ətrafımızdı çoxlu çirkab yaradırıq. Bu çirkab başqa haşəratların
yaranmasına imkan yaradır. Məsələn dünyada onlarla yer var ki, burada
insanlar toplaşdığından və istirahət imitasiya etdiyindən çox çirklidir.
Dünyanın 5 ən gigiyenadan uzaq yeri turizm mərkəzlərindəndir. İrlandiyada
Blarni qalasında bir daş var. Əfsanəyə görə bu daşı öpən gözəl natiqlik
qabliyyəti qazanır. Bu qabliyyəti qazanmaq istəyənlər qalaya darmaşmalı,
kürəyi üstə uzanıb başıaşağ sallanaraq daşı öpməlidir. Hər il 400 min
adam bu daşı öpür. Vaşinqtondakı Saqqız divar bəlkə daha da çirklidir.
Hər şey Sietl kassasına növbəyə dayanan yerli teatrallar əllərinin dinc
durmamasından başlamışdı. Kassada növbədə dayananlar bekarçılıqdan ağızlarındakı
çaqqızı divara yapışdırırdılar. 10 il ərzində divarda rəngarəng amma
iyrənc mozaika əmələ gəldi. Oskar Uayldın Parisdəki qəbri də sterillikdən
uzaq bir yerdi. Əgər gəzmək istəyi və tarakanlar kimi çoxsaylı insan
məskənlərinə getmək istəyi rahat buraxmasa yazıçının Parisdəki qəbrinə
getmək olar. İngilis yazıçının Per-Laşez qəbristanlığındakı məzarı qadın
pomadası izləriylə örtülüb. Onun pərəstişkarları hər yerdən axışıb gələrək
daş plitənin üstündə boş yer olmadığının fərqində olmadan qəbir daşını
parlaq pomada ilə rənglənmiş öpüşlərə qərq edirlər. Məhəbbət şəhəri
adını almış Venesiyanın Müqəddəs Mark meydanında sülh simvolu sayılan
göyərçinlər də ətrafda salamat yer qoymurlar. 110 mindən artıq quş meydanı
batırsa da, ətrafa çoxlu infeksiya yaysa da insanlar bura axışmağı sevirlər.
Hollivudda Çin teatrının qarşısında dünya kinosu ulduzlarının əl və
ayaq izlərinin ləpirlərini görmək olar. Milyonlarla fanat bəzən min
kilometrlərlə uzaqdan gəlir ki, həmin ləpirlərə toxuna bilsin. Bu da
kiminsə həyatıdır.
Burda həmişə saat on birə on dəqiqə işləyir
Nə tünlük, nə də çirkab insanlara səyahət etməyə maneə deyil.
Lap tarakanlar kimi. Amma nə vaxtsa səyahətin də, nəsil artırmanın da
sonu olur. Əlbəttə, bunun zamanını biz bilmərik. Ona görə də istidən
qurtulmaq və səyahətə çıxmaq lazımdı. Sıravi, ortabab azərbaycanlı istirahətini
uzaqbaşı dəniz qırağında qarpız kəsməklə məhdudlaşdırır. O, nə Blarni
qalasından natiqlik istedadı umur, nə də saqqızdan mozaika quraşdırır.
Oskar Ualdın məzarını öpmək üçünsə onun heç olmasa bir hekayəsini oxumaq
lazımdı. Burda həyat saatın reklamı kimi həmişə eyni rəqəmi göstərir.
Bütün dünyada qəbul edilmiş faktdır, hansı saatın reklamı olursa-olsun,
fərq etməz onun rəqəmləri 10.10 radələrini göstərəcək. Saatsazların
dilbirliyi 15 ilə yaxındı İnternet forumlarında mübahisələr doğursa
da azərbaycanlıların istirahət edə bilməməsi kimsəni narahat etmir.
Burda kimsə narahat deyil ki, cavanlar qızıl qiymətinə bərabər vaxtını
«Facebook» və «Twitter»də keçirir.
İnternet beynimizi yeyir
Hamıya məlumdu ki, sosial şəbəkələrə qurşanan kimi insan cəmiyyətdə
yerini itirmək riski ilə qarı-qarşıya dayanır. «Facebook» və «Twitter»
sakinləri sanki yenidən uşaqlığına qayıdır və yenidən özünə dəyər verməli
olur. O, dostlar qazanmalı, reytinqini tarazlamalı, ünsiyyətcil olmalıdı.
Nəticədə primitiv ünsiyyətlə məhdudlaşan yeni nəsil əmələ gəlir ki,
körpələr kimi daim diqqəti özlərinə çəkib mərkəzdə olmağa çalışır. İnternet
bizim beynimizi yeyir. Bunu apteklərdə aparıdan sorğular da təsdiqləyir.
Yaddaşı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş dərmanlara gün-gündən ehtiyac
artır. Son 10 ildə həkimlər pasientlərə diqqəti cəmləməyə kömək edən
preparatları 3 dəfə artıq tövsiyə edirlər. Kompüter qarşısında keçirilər
saatların haqqını belə ödəyirik. Alimlər deyir ki, informasiyanı ekrandan
almağa vərdiş etmiş insan ola bilər ki, bəzi vərdişləri, məsələn danışanda
həmsöhbətin gözünün içinə baxmaq bacarığını itirə bilər. Kompüter oyunları
və İnternet cavanların beynini artıq dəyişdirib. Belə dəyişdirilmiş
beyinlə azı 750 milyon adam («Facebook» istifadiçiləri təxminən bu qədərdir)
yaşayır. Sosial şəbəkələrin sakinləri hər addımı, hər nəfəsi, hər başlarına
gələn ideyanı burda bölüşür. Axı onlar özlərini «mini məşhur» hiss etmək,
müşahidə altında olmaq və heyranlıq istəyir. Hər kəs öz realiti şousunun
qəhrəmanı olmaq arzusundadı. Savad üzrə ekspert sayılan Syu Palmer internetdəki
yazıları tədqiq edərkən qəribə nəticələrə gəlib: sən demə yumurtadan
təzəcə çıxmış balaca qızlar düşününr ki, onlar satıla biləcək maldır
və özlərini başqa insanlara, daha doğrusu «Facebook» istifadəçilərinə
təklif edə bilərlər. Bu özü bir növ həyatın imitasiyasıdır. Amma burada
başqalarının sənin haqqında düşündükləri daha önəmli sayılır. Bizim
beynimiz yaddaş protezi kimi işləyən ümumdünya internet torunu öz parçası
kimi qavrayır. Abstrakt qavrayış, başqasınını dərdinə qalmaq, yəqin
ki, qəhrəmanlıq etmək, fikir çəkmək və sair insani duyğular bu çərçivəyə
sığmadığından kənarda qalır. Biz belə həyatla yaşayırıq. Və bu həyatı
itirmək qorxusu artıq realdır.
Plan cızanadək yaşanan həyat
Təsəvvür edək, havasız dar otaqda dəhşətli dərəcədə çoxlu
adam toplaşıb. Onlar hamı oturmaq istəyir. (Hamı yaşamq istəyir). Kimsə
eybəcər taburet tapıb özünü ora basır. Kimisi sınıq kətillərin birində
özünə yer eləyir. Kimsə yerə oturur. Kimsə iki stulu altına çəkib yaxına
gələni hədələyir. Kimsə başqasını yerindən eləməkçün çığırır. Bu bizim
yaşadığımız həyatdır. Amma bununla belə hər kəs unudub ki, daha layiqli,
bütün bu çapalamalardan yüksəkdə duran taxt-tacı var. Onun bu haqqını
kimsə əlindən ala bilməz. Hamıya elə gəlir ki, ölüm səhvlərimizin nəticəsidir.
Səhv eləməsək kataklizmlər olmaz, yer kürəsi oxundan çıxmaz, cənnət
yer üzündə bərqərar olar. Musiqiçi Con Lennonun bir gözəl sözü var:
«Biz yaşamaqçün planlar cızanadək nə baş verirsə bu bizim həyatımızdır».
P.S. Bu yazı yazılanadək 1 dəfə yemək yeyilib. 2 stəkan
kompot içilib. 3 dəfə telefona cavab verilib. İnternetə girmək ehtirası
beşiyindəcə öldürülüb. Həyat barədə düşüncələr çox seyrək olub. Azı
10-15 milçək qurban verilib.