Cinayətkar pullular
Dünyanın ən bahalı
ləzzətləri caniyətlərdi ki, onu pulla almaq olmur
Bəzən adamlar cinayət edib pullanır. Bəzən varlılar varidatını
cinayətlər, fırıldaqçılıqla, kələklə əllərində saxlaya bilir. Bəzən
milyonçuluq zirvəsindən enmiş zənginlər adətkarlıqda olduğu həyat tərzini
saxlamaqçün dirsəyəcən qana bulaşırlar. Belə əhvalatlar mətbuatda yayılanda
böyük qalmaqallar qopur. Bu cinayətlərin başında duran motivləri hamıya
anlaşıqlı olur. Varlılar pulsuz yaşaya bilmir, ona görə də pul xətrinə
aldatmağa, hətta öldürməyə əl bulaşdırır. Bir tək pul bütün cinayətlərin
başında dayanmır. Çünki elə hadisələr var ki, varlılar pula görə deyil,
tamma başqa, adi insanların anlaya bilməyəcəkləri səbəbdən cinayətkar
olurlar. Halbuki onun varidatının yüzdə bir hissəsi də rahat və problemsiz
yaşamağa bəs edərdi. Belə cinayətlər sensasiyadan artıq hadisələrdi,
onlar əfsanələrə çevrilir və bəzən bir neçə nəsil təkrar danışılıb,
təkrar heyrətləndirir.
Sevimli arvadının kolbasası
Bu qəbildən olan hadisələrdə biri arvadını kolbasaya qatmış Çikaqo milyonçusu
Albert Luis Lütqertin əhvalatıdır. 19-cu əsrin sonunda Çikaqo Amerikanın
kolbasa sənayesinin mərkəzi sayılırdı. Alman immiqrantı Albert Lütqertin
balaca varidatı iri zavod qədər artdı. Sonra onu Amerikanın kolbasa
kralı adlındırmağa başladılar. Lütqert arzuladığı həyat tərzini sürürdü
və Çikaqonun sözükeçən adamlarından biri idi. Yaşı artdıqca bir az da
cavan məşuqələr seçirdi. Amma arvadıyla da üzülüşmək istəmirdi. Çünki
cəmiyyətin gözündə nümunəvi, ailəcanlı kişi obrazında qalmaq istəyirdi.
Arvadı isə ərinin macəralarına dözmək fikrində deyildi. Nəhayət onlar
ayrı yaşamağa başlayırlar. Arvadı Luiza boşanma tələb edirdi. Bu isə
onun yaratdığı obrazı dağıda bilərdi. Lütqert əxlaq məsələsində adının
sadalanmağından qorxurdu, çünki dini təşkilatlar həzırladığı ərzaqları
baykot edə bilərdi. Onda o, çoxlu pul itirəcəkdi. Ətrafdakılar duyuq
düşməyə başlamışdı, onu hətta əlində pistoletlə arvadnn dalıyca qaçan
yerdə görmüşdülər.
Az sonra Luizanın qardaşı bacısınnı itməsi xəbərini alır. Polis Lütqertin
evinə gələndə o, gözəl əhvalda idi və hamını inandırmağa çalışırdı ki,
Luiza tezliklə qayıdacaq. Biznesmenin sakitliyi hamını daha diqqətli
olmağa vadar etdi. Çünki bir neçə ay əvvəl onun iti yoxa çıxanda Lütqert
bütün şəhər polisini ayağa qaldırmışdı. Amma arvadının axtarılması üçün
heç barmağını da tərpətmək istəmirdi. İstintaqı aparan kapitan biznesmenin
arvadına nifrət etməsinə dair çoxlu sübutlar toplamışdı. Amma əsas sübut,
meyit tapılmırdı. Bir neçə gündən sonra fabrikin qaravulçusu polisə
gəlib Luizanın yoxa çıxmasından əvvəl Lütqertin gecə sexlərdən birində
bağlı qapı arxasında nəsə elədiyini və borudan qara tüstü çıxdığını
gördüyünü danışdı. Fabrikdə axtarış aparandan sonra orda çənin bidində
bir neçə insan dişi və qadın korsetinni qalıqları və Luiza Lütqertin
üzükləri tapıldı. Daha sonra həmən gecə biznesmenin arvadını fabrik
tərəfə apardığını görənlər də şəhadət verdilər. Amma Lütqerti birinci
dəfədən məhkum etmək mümkün olmadı. İkinci dəfə Lütqertin məşuqələri
də şahidlik edəndən sonra onun günahı sübut olundu. Lütqert ömürlük
cəzaya məhkum edildi.
Lordlar boşanmanın nə olduğun bilmir?!
Boşanmaqdansa qatil olmağa üstünlük verən varlılar həmişə
olub. Hətta damarlarında mavi qan axan lordlar da arvadıyla qatil kimi
davranblar. 1974-cü ildə İngiltərənin peri lord Con Laken ailə problemlərini
radikal yollarla həll etməyə cəhd etdi. Amma arvadının yerinə səhvən
qulluqçunu öldürdü. Ser Con əsil aristokrat idi və onun nəslində nBritaniya
İmperiyası tarixində şanlı iz qoymuş bir neçə nəfərin adını çəkmək olar.
Cavanlıqda lord hərbi və bankir karyerası qurmağa çalışmışdı, amma hər
ikisi alınmamışdı. Nəhayət uğur üzünə gülür və o, kartda 26 min funt
udur. O vaxtdan bəri ağzı dada gəlmiş lord professional oyunçuya çevrilir.
Nə qədər oynayırdısa, borcu da o qədər artırdı. Lord Londondakı malikanəsini
satmağı düşünürdü, amma arvadı Veronika qəti etiraz edirdi.
Bir gün uşaqların dayəsi Sandra Rivett vaxtında gəlib çıxmadı. Evin
xanımı onu axtarmağı çıxanda qaranlıqda kimsə ona hücum etdi. Qadın
qaçıb polis çağırdı. Evin zirzəmisindən qulluqsunun meyiti çamodanın
içindən çıxdı. Lord Laken evdə olmasa da ledi Laken əmin idi ki, ona
əri hücum edib. Sonradan qohumlar lorddan çoxlu məktublar aldılar. Burada
arvadını naməlum adamdan xilas etmək istəyən ərin etirafları yazılmışdı.
Amma dəlillər başqa şey deyirdi. Laken sadəcə arvadını qulluqçu ilə
səhv salaraq onu öldürür. İkinci cəhddə də uğursuzduq olanda o, ölkədən
qaçmağa üstünlük verir. O vaxtdan Lord Lakeni hələ ki, gördüm deyən
olmayıb.
15 yaşından cinayətkar
Pul heç də bütün cinayətlərin başında duran səbəb deyil. Bəzən
qısqanclıq, ehtiras da cinayətə sürükləyən səbəblərdən olur. 1975-ci
ildə hamı qolf meydanında öldürülmüş 15 yaşlı qız barədə danışırdı.
Amma o vaxt qətlin səbəblərini tapmaq mümkün olmamışdı. Üstundən az
qala 20 il keçmiş başqa bir klanın Kennedilərin nümayəndəsi zorakılığa
görə məhkəmə qarşısında ifadə verərkən o vaxtkı cinayətlərin izləri
tapılmağa başladı. Sən demə o vaxt hələ 15 yaşlı Maykl Skeykl Martanı
sevirdi. Amma o ehtirasını mağara adamı kimi, yəni qızı qolf ağacıyla
vurub yıxandan sonra söndürmək fikrinə düşmüşdü. Çünki Marta həmişə
«yox» deyirdi. Həmin zərbədən qızın öləcəyini düşünmürdü. 15 yaşındakı
cinayətinə görə ona 20 il təkzib etmək hüququndan məhrum etmək şərtilə
ömrlük həbs cəzası verdilər.
Homoseksual qısqanclıq
Varidatı 80 milyon dollar sayılan və Amerikada ən nüfuzlu
ailələrin birindən olan Con dü Ponun da başına oxşar iş gəldi. Birinci
dəfə onun yolu məhkəməyə düşəndə onu eyni cinslilərə olan sevgisindən
doğan seksual təngə gətirmə maddəsi üzrə ifadə vermişdi. O məsələni
pulla həll etmək mümkün olmuşdu. Amma 56 yaşlı dyü Pon hamının gözü
qarşısında olimpiya çempionu Devid Şultsu güllələyəndə bu işi pulla
susdurmaq mümkün olmadı. Məhkum özünü dəliliyə vursa da inandırıcı alınmırdı.
Qatil güllələyəndən sonra qaçıb hələ 1950-ci illərdə atom müharibəsi
ehtimalı üçün qazılmış bomba sığnağında gizləndi. Onu əhatə etmiş polislər
üçün o, gah dalay-lama, gah İsus rolunu oynayırdı. Sığınacaqdakı ərzaqlar
atom müharibəsi üçün nəzərdə tutulduğundan uzun müddət bəs edərdi. Polislər
bunkerin qızdırıcısını sıradan çıxartdılar və donmuş dü Pon üzə çıxmalı
oldu. Türmədə o, təkcə kreker yeyir və saçını qırxmağa qoymurdu. Bütün
zəhməti hədər idi, çünki hakim onun hoqqalarına inanmadı və 30 illik
həbs cəzası kəsdi. İndi qısqanclıq zəminində olunmuş cinayətlərdən danışanda
bu hadisənin adını çəkirlər. Çünki deyilənə görə dü Pon və Şults məşuqlar
idi.
Nə etiraf, nə təəssüf
Bu günlərin cinayətlərindən Robert Derstin adını daha tez-tez
çəkirlər. Onun varidatı 2 milyarda yaxındır. Onun uşaqlıqdan bəri psixi
sapmaları olurdu, çünki anasını gözünün qarşısında öldürmüşdülər. O,
adamlarla yola gedə bilmirdi. Evlənməyindən on il keçmiş arvadı yox
çıxır. O vaxt, yəni hələ 1982-ci ildə onun günahını sübut etmək mümkün
olmadı. 2000-ci ildə Derstin köhnə tanışı Syuzan Berman yoxa çıxanda
yenə də məşhər ayağına Dersti çəkdilər. Yenə də sübutlar kifayət qədər
deyildi. 2001-ci ildə Texas sahillərində parçalanmış qoca kişi tapıldı.
Bu Derstin qonşusu Moris Blek idi. İstintaq aşkarladı ki, Derst qocanı
güllələyib sonra parçaladı və sonra dənizə atdı. Dert günahını boynundan
atmağa da çalışmırdı. Amma onun dediyinə görə mübarizə zamanı tüfəng
təradüfən açılmışdı. Pulun hesabına türmədən çıxan Derst qaçmaq əvəzinə
qəlyanaltıxanaya girib toyuqlu sendvic oğrlamaq üstündə tutuldu. Qəribə
idi, onun cibində 300 dollar olan zaman oğurlamaq nəyənə lazım idi ki?
Ən yaxşı vəkillərin çalışması nəticəsində o yenə də azadlığa çıxa bildi.
«Fövqəlbəşər insan»lar
Qısqanclıqdan, əsəbdən, pul üstündə olunan cinayətlər bəzən
təbii görünür və insan ehtiraslarıyla izah edilir. Cinayətlər tarixində
elə hadisələr var ki, heç cür izah edilmir. Keçən əsrin əvvəllərində
Amerikada 2 dostun törətdiyi mənasız cinayətləri indiyədək danışır və
dəhşətə gələirlər. 19 yaşlı Natan Leopold və 18 yaşlı Riçard Loeb çox
varlı və harınlamış bir yəhudi nəslindən idilər. Çikaqo universitetinin
ən yaxşı tələbəlrindən olan bu oğlanlar 5 dildə danışa bilirdi . Üstəlik
Loeb isə Miçiqan Universitetinin ən gənc məzunu oldu. İlk dəfə oğurluq
edəndə Loebin 9 yaşı vard. Bunu ləzzət xətrinə etmişdi. Leopold isə
elə həmin yaşda qardaşlarının qarlstuklarını oğurlayıb sataraq puluna
siqara alırdı. Dostlar hər ikisi homoseksuallığı meylli olduğundan rastlaşan
kimi sevişirlər. Leopold və Loeb Nitşeni dərindən öyrənirdilər, xüsusilə
onun qanun və xeyir-şərdən üstün olan «fövqəlbəşər insan» ideyasından
ləzzət alırdılar. Özlərinin başqalarından yüksəkdə durmasını düşünən
oğlanlar cinayətlər edir və seçilmişlərdən olması fikrindən ləzzət alırdılar.
Kiçik oğurluqlardan, mağaza və mehmanxanalardan başladılar. Bir neeçə
dəfə maşın oğurlayıb mağaza vitrinlərini kərpiclə çındırmaqdan ləzzət
aldılar. Bu kifayət etmirdi. Sonra onlar qıfılı sındırmaqla oğurluqlara
girişdilər. İlk əvvəl öz kurs yoldaşlarının yataqxanasını soydular və
çap maşınını xatirə kimi özləriylə apardılar. Amma fikirləri ideal cinayət
törətmək idi. 14 yaşlı Bobbi Frenksi oğurlayıb, başından vurub sonra
boğanda deyəsən istədiklərinə yaxınlaşırdılar. Şəhərdən qırağa çıxıb
meyiti turşu ilə tanınmaz hala salıb sonra su axarında gizlətdilər.
İlk dəfə səhvi burada buraxdılar. Leopold çox bahalı eynəklərini burda
salıb itirdi. Öldürdükləri uşağın atasına onu oğurladıqlarını və əvəzində
10 min dollar istədiklərin yazdılar. Amma pul əldə eləmək mümkün olmadı
, sünki meyiti tapdılar. İdeal cinayət arzulayanlar pul almayacaqlarından
məyus olmadı, çünki bu oyunun özü onlara maraqlı gəlirdi. Cinayət axtarışı
getdikcə hamı onlardan danışırdı. Oğlanlar hamıya qoşulub qəzetlərdən
oxuduqları faktları müzakir edir və hətta Loeb şəxsi əməliyyat aparacağını
hamıya söz verdi. Polis kimi axtardığını bilirdi. Çünki yazdıqları məktub
savadlı tərtib edilmişdi və tapılan eynək o qədər bahalı idi ki, hər
adamın ona imkanı çatmazdı. Tutulanda «fövqəlbəşərlərin» tutarlı izahı
yox idi. Onlar günahı bir-birinin boynuna ataraq olanlardan bir qram
də peşman deyildilər. Millət şok içindəydi. İşi yenə də pul həll elədi.
Varlı ailələr zamanın ən istedadlı və bahalı vəkilini kirələdi. Vəkil
oğlanları günahlarını etiraf etməyə məcbur etdi ki, prisyajnı məhkəməsi
olmasın. Prisyajnılar oğlanlara mütləq ölüm cəzası kəsərdi. Məhkəmədə
vəkil 20 saatlıq məruzəsində hakimləri inandırdı ki, cinayətdə oğlanlar
yox, onlara məktəbdə ziyanlı fəlsəfəni tədris edən insanlar günahkardı.
Hər ikisi ömürlük cəza ilə canını qurtardı. Loeb türmədə öz kamera yoldaşlarının
əliylə öldürüldü. Amma Leopold isə 1958-ci ildə əff edildi. Azadlığa
çıxanda onu illər uzunu xərclənməmiş ailə pulları gözləyirdi. Bu hadisə
hamını inandırdı ki, qanun varlılarçün yazılmayıb. Bu cinayətləri adi
adamlar etsəydi onlar elektrik stuluna mütləq oturdulacaqdılar.
Milyonçu oğruları tutmurlar
Varlıların etdiyi cinayətlərin başında hansı səbəb durursa
dursun, onları bir fikir birləşdirir. Varlılar cəzalanmayacağını, ya
da onlar üçün hər şeyin keçərli olduğunu düşünür. Tarix göstərir ki,
bu, həqiqətən də belə olur. Yunan milfonçusu Yefromos Moskoxlaidis bir
neçə qiymətli tabloların oğrusu olsa da heç məhkəməyə cəlb edilməyib.
1983-cü ildə Budapeşt muzeyindən Rafaelin «Madonna Esterqazi» tablosu
ilə bərabər bir neçə əsər oğurlandı. Oğrular tutulanda sifarişçinin
adını, milyonçu Moskoxlaidisin adını çəkirlər. Onu dindirirlər və hətta
əsərləri monastrların birindəki zeytun bağlarından tapırlar. Milyonçunu
rahat buraxırlar. Amma heç kim anlamır ki, əsər oğurlağdırmaq onun nəyinə
lazımdı. Axı çox məşhur əsərlərdi və satıla bilməyəcək. O kolleksiyaçı
da deyildi. Çox guman ki, zeytun maqnatı başqa varlı cinayətkarlar kimi
cinayətin özündən ləzzət alırdı. Axı bu ləzzəti pulla almaq mümkün deyildi.
***
Heyvanlar yalnız ehtiacı ödəməkçün öldürür. Ya yeməkçün, ya da müdafiə
məqsədilə. Heyvan tox olanda onun ərazisinə girməsən heç vaxt öldürməz.
Öldürdü- yedi – ləzzət aldı. Burdakı ləzzət anı motiv deyil, instikti.
Bu an ləzzət baş verirsə də heyvanın beynində yox, mədəsində olur. İnsan
isə instiktinə varıb da öldürə bilir, ləzzətinə görə də. Yalnız ləzzət
almaq naminə öldürən bir heyvan varsa da o, İNSANdır. Deyəsən, bu keyfiyyətimizi
biz təkamül naticəsində qazanmışıq.