Sağlamsansa, ödəməlisən!
Azərbaycanda qanunsuz
iş üçün pul almırlar. Qanuni işi yoxlayıb sonra rüşvət istəyirlər…
İş belə gətirib ki, biz qəribə, dünyaya və sivilizasiyaya özünə məxsus
baxışı olan, zahirdən qanunpərəst, daxildən isə mahiyyətcə naməlum prinsiplərlə
davranan bir ölkədə yaşayırıq. Burada yazılmayan qanunlar artıq yazılmış
və möhürlənmiş qanunlardan daha yaxşı işləyir. Bu milli və danılmaz
keyfiyyətimizi və bəzi vacib kağızları qanuni yolla almağın qeyri mümkünlüyünü
nəzərə alıb özüm üçün artıq çox vacib saydığım sürücülük vəsiqəsini
almağa yollanıram. Rüşvətsizlik yoluna, ya da türklər demiş yolsuzluğa
yola düşürəm. Yəni sürücülük vəsiqəsini dövlət rüsumundan savayı xərc
çəkmədən almaq fikrim var.
***
İlk vacib kağız sağlamlıq haqqında kağızdır ki, onu almadan imtahana
buraxmırlar. Sağlamlıq haqqında kağız sürücülük məktəbində deyil, artıq
DYP-də imtahan verərkən lazımdı. Amma bəzi məktəblərə ərizə yazarkən
bu kağızın vacibliyini xüsusi vurğulayaraq tələbəni tələsdirməklə çaşdırırlar.
«Hələ almamısan? Vay-vay… Onsuz olmaz ki?!» və s replikalara uymayın.
Sonra xüsusi canfəşanlq göstərərək kağızı tezliklə əldə etməyə kömək
təklif edirlər. Əlbəttə ki, müəyyən məbləğə. Məlum məsələdir, bütün
sürücülük məktəblərinin müəllimləri rayon polilinikalarının müvafiq
kağız verən kabinetləri ilə ortaq maraqları və əməkdaşlığı da var. Bəzən
hara getmək və ya lazımi kağızı necə əldə etməyin yolunu bilməyənlərə
ilk yol göstərən də elə sürücülük məktəbinin işçiləri olur. Onlar da
sağlamlıq kağızını mütləq poliklinikadan alırlar. Poliklinikanın yolunu
isə özünüz daha yaxşı tanıyırsız, yəqin.
Hazırda sağlamlıq haqqnda arayışı almaq işi xeyli yüngülləşib. Çünki
hər kəs qeydiyyatda olduğu ərazinin poliklinikasına gedib kağızı ordan
ala bilər. Əvvəllər bütün Bakı şəhərinin sürücülük vəsiqəsi almaq istəyən
əhalisi yalnız bir tibbi müəəssisəyə yaxınlaşıb müayinəni yalnız orda
keçə bilərdi. Həmin poliklinikada dəhşətli növbələr, günlərlə vaxt itirmək,
eləcə də sağlamlığını tibb ocağına qurban vermək istəməyənlər sağlamlıq
haqqında kağızı pulla almağa üstünlük verirdi. Rəqəm təxminən 50 manat
civarında idi. Bu, sağlam adamın öz sağlamlığını təsdiqləməsinin haqqı
idi. Sürücü olmağa mane olacaq qüsurların haqqı isə ayrıca ödənilirdi.
Yəni ki, bütün orqanları sağlam olan, amma gözündə zəifliyi olan adam
təkcə göz həkiminə 50 manat ödəməli olurdu. Kağızın qiyməti ilə birgə
bu, 100 manat eləyirdi.
Sağlamlıq haqqında kağız mütləq qeydiyyatda olduğunuz yerdə alınır.
Yəni ki, rayon qeydiatında olub Bakıda işləyənlər mütləq öz poliklinikalarına
getməli və kağızı ordan gətirməlidir. Rayona getmək məsələsi onsuz da
vacibdir. Çünki rayon, yaxud başqa şəhər qeydiyyatı ilə sürücülük məktəbini
Bakıda oxumaq olar, amma imtahanı öz qeydiyyat yerində vermək lazımdır.
Ona görə də vəsiqə almaq istəyən şəxs əvvəl sürücülük məktəbində təhsilini
bitirib, təhsil aldığı barədə şəhadətnaməni əlinə alıb sonra qeydiyyatda
olduğu yerə getsə yol pulunda qənaət etmiş olar. Çünki imtahanı da orada
verəcək.
***
Mən də palaza bürünüb bir baş öz poliklinikamıza elnən birgə sürünməyə
yollandım. Girişdə növbəyə durub öz kartoçkamı aldım. Mənim kartoçkam
cəmi 2 vərəqdən ibarət idi. Çünki bu tərəflərə yolum hələ ki, düşmür.
Mənimlə bir növbədə duran yaşlı adamları qalın, «Hərb və sülh» romanı
yoğunluğunda olan xəstəlik tarixcələrinə baxıb min dəfə şükür elədim.
Amma sən demə bu məsələdə kartoçkanın heç bir rolu yox imiş . Məni müvafiq
kabinetə yolladılar. Həmin kabinetin işçisi kartoçkama gözucu baxdı
və içini açmadan kənara qoydu. Yəni ki, mənim burda qeydiyyatda olmağımdan
savayı ona başqa məlumatlar lazım deyildi. O, yanındakı ağxalatlı rəfiqəsi
ilə söhbətindən başını ayırmadan dedi ki, sağlamlıq haqqında kağız almaq
üçün şəxsiyyət vəsiqəsi, onun kserokopyası və 3 dənə şəkil lazımdı.
Tərs kimi məndə cəmi 2 şəkil vardı. Xanım təkidlə 3 şəkilsiz ötüşə bilməyəcəyini
deyib mənə illər uzunu məşq etdirdiyi tərzdə bir göz də süzdürdü. Deyim
ki, bu jest onda vertuozcasına alınırdı. Gedib şəkil çəkdirməkdən başqa
çarə yox idi.
Əlimdə 3 şəkil və şəxsiyyət vəsiqəsi ilə məni yenidən qeydiyyat otağına
göndərdilər. Orda cavan xanım çoxlu kağızları doldurub mənə cəmi bir
sual verdi: «İş yeriniz?». Yaxşı ki, onun yazdıqlarını izləyirdim. Çünki
«Bizim yol» qəzeti yerinə «İzmir» qəzeti yazmışdı. Burda yazılan məlumatlar
isə sonradan DYP-nə gedəcək kağızlara eynən köçürülür. Ona görə də diqqətli
olmağınız lazımdır. Orda uyğunsuzluq alınarsa kağızları geri qaytara
bilərlər. Əlbəttə, DYP-i üçün mənim «Bizim yol», yoxsa «İzmir» qəzetində
işləməyimin heç bir rolu yoxdur. Amma deyim ki, «İzmir» qəzeti lazımi
pafosla səslənmir. Jurnalist olduğunu göstərməyin özü də bir zorakılıq
vasitəsidir.
***
Doldurulandan sonra qeydiyyat otağından mənə bir qucaq kağız verdilər.
Ümimu vərəqdən əlavə ora narkoloji dispanserdən keçmək və psixiatrik
qeydiyyatda olmağımı yoxlamaq üçün kağızdan başqa keçəcəyim analizləri
n də təyinat kağızları vardı. Ehtiyatlı olmaq gərək idi. Onlardan birini
salıb itirsəydim yəqin ki, bütün proseduru yenidən keçməli olacaqdım.
Yenidən kabinetə qayıdıram. Bu kabinetin vacib olduğunu demək artıqdı.
Çünki bütün kağızları imzaladandan sonra da hər dəfə bura qayıdır, yeni
istiqamətdə yollanmağa məlumatı da ordan öyrənirdim. Nəhayət ki, məni
jurnalda qeydiyyata aldılar və imza atmağımla proses işə düşdü. Əvvəl
narkoloji dispanserdə siyahıya düşmədiyimi sübut etməli idim. Xanım
«Kağızı qoyun, 10 dəqiqədən sonra gəlin yoxlaram» dedi. Həmin bu sözü
psixoloqun kabinetində də eşitdim. Onların kağızları ayrıca yazılmışdı
deyən sağlamlıq barədə kağızda onların rolunun daha vacib olduğunu anlamaq
olurdu. Əlbəttə, narkoloji dispanserdə siyahıya düşmüş, ya da psixiatrik
xəstəxananın daimi qonağını nəqliyyat vasitəsinin idarəçiliyinə yaxın
buraxmaq olmaz. Nədənsə məndə belə bir ümid də vardı ki, hətta pul verib
sağlamlıq kağızını alanların da bu 2 məqamda yoxlanmasına riayət edirlər.
Çünki sonradan kimsə qəza törədib insan tələfatına səbəb olanda məhkəmədə
canını qurtarmaq üçün psixiatrdan nataraz psixikalı olması barədə kağız
gətirsə bu iki həkimdən biri mütləq qanun qarşısında cavab verməli olacaq.
Ya buna əvvəldən «sağlamdır» deyib kağız verən, ya da sonradan onun
dəli olduğunu təsdiqləyən həkim.
İki vacib kağızımı yoxlanılmağa göndərəndən sonra əlimdə A4 formatlı
iri kağız qaldı və həkimlərdən bir-bir keçmək marafonu başladı. Burda
rahat olsun deyən hər həkimin qarşısında kabinetinin nömrəsi də vardı.
Qarşısındakı rəqəmlər yazılmasaydı axşamacan kabinetlərin nömrələrini
soraqlaşa-soraqlaşa qalacaqdım. Bu məsələdə sizin işiniz ayağınızın
yüngüllüyü, həkimin əhvalı, yorğun olub olmaması, suyun gəlməməsi, həmin
səbəbdən həkimin çaysız qalması və s. mənasız faktorlardan çox asılıdır.
Kağızda imzanın qoyulub qoyulmayacağı sanki sizin sağlamlığızdan asılı
deyil.
***
Əvvəldən bu bir qucaq kağızın axırda mənə veriləcək 2, rəngli kağıza
heç dəxli olmayacağını bilsəydim mənə daha çətin olardı. Amma hələ ki,
kabinetləri gəzdikcə bütün bunların lazım olduğunda əmin idim. Kabinet
gəzmək məsələsində poliklinikanın təmirli olub olmamasının o qədər də
vacib olmadığını düşünmək də düzgün deyil. Çünki hər kabinetin qarşısında
müəyyən qədər dayanmalı, bəzən növbə gözləməli olursan. Həkimin lazımi
saatda işə çatmadığını düşünəndə məncə adamın altında yumşaq divanın
olması və fikirlərini başqa tərəfə yönəltməyi üçün divarda nəsə bir
şəkli görməyi də çox lazımdı. Bu şəkildə hansısa dərmanın reklamı, ya
da çox vacib xəbərdarlıq da ola bilər. Mürəkkəb quruluşlu abstrakt rəsm
olsa baş çıxarmağa çalışdığın düyünlərin nə demək istədiyini bilməyə
çalışdığın vaxt zaman daha tez ötür və bir də görürsən ki, həkim gəlib
çıxdı.
Qulaq həkiminin yanında az qala biabır olacaqdım. 2-3 xəstə içəridə
olarkən məni də qəbul elədi. Mən divarları fakt axtarışında gözdən keçirərkən
sən demə mənə sual veribmiş. Əlbəttə ki, başını qaldırmadan, üzümə baxmadan
«Şikayətiniz varmı?» soruşubmuş. Sonra cavab gəlmədiyini görüb nəhayət
üzümə baxdı. Ola bilər «Aha, deyəsən pis eşidir!» kimi ümidləri baş
qaldırmışdı. Mən «Şikayətim yoxdu» deyib gülümsəməyi də unutmadım. Həkimin
ümidlərinin söndüyünü öz gözlərimdə gördüyümdən sonra «Doktor, mənim
kamil eşitmə qabliyyətim var. İstəyirsiz sizin qapının cırıltısının
hansı not olduğunu t əyin edim» deməyi unutdum. Lazımi qrafada «yararlıdı»
yazılan kimi məsələni uzatmadan növbəti kabinetə gedirəm. Nədənsə inamlıyam
ki, ilk imza rahat oldusa qalanları da elə gətirəcək.
***
Göz həkimində məni yaxşıca yoxladılar. Gözlərimi növbəylə tutub rəqəmləri
son sırayacan görməyim həkimi tam razı salmadı. Sonra məni müxtəlif
testlərdən keçirdilər. Rəngbərəng nöqtələrdən ibarət şəkillərdə rəqəmləri
tapmaq lazım idi. Bu maraqlı görünürdü. «Oooo, siz müasir test üsullarıyla
da xəstələri müayinə edirsiz?» deyib təccübümü gizlədə bilmədim. «Əlbəttə»
sözünü fəxrlə qeyd edən həkimlə bir az söhbətlşdik. O da internetdə
yol qaydalarının onlayn imtahan üsuluyla maraqlandı. Məlumatlı olmağımın
«yararlıdır» sözünə nə dərəcədə aid olduğunu deyə bilmərəm, amma imzanı
rahatlıqla aldım. Sürücülük məktəbində mənimlə birgə oxuyan qızların
göz həkimi kabineti qarşısında cəkdikləri əzab-əziyyət, hətta axıtdıqları
göz yaşları barədə danışılanları hərənin öz qismətinə yazmağa üstünlük
verdim. Bu da bir qismətdi, yolda gedərkən başına düşəcək kərpic kimi
bir şeydi. Düşə də bilər, düşməyə də. Rayon poliklinikasının həkimi
insaflı da ola bilər, insafsız da. Qrupumuzdakı bir qız üçün həkim «Gözü
2 görür» kimi diaqnoz yazmışdı. Əlbəttə, bu məsələ 50 manat xərclə yerindəcə
həll edildi. Həkim gözü 2 görən qızı maşın sürməyə buraxdı. Ya da qızın
gözü heç 2 görmürmüş. Hər ikisi böyük günahlardandı. Deyim ki, «B» kateqoriyalı
sürücülük vəsiqəsi almaq üçün qanuna görə bir göz də kifayətdi. Yəni
ki, bir gözü kor olan adama sürücülük vəsiqəsi verirlər. Eynəklə də
maşın sürmək olar. Amma bizim millət sağlamlıq sənədində mütləq «tam
yararlıdı»yazısını görmək istəyir. Həkimlər də millətin bu zəif yerindən
istifadə edərək qazanc edirlər. Yalnız «BC» kateqoriyalı, yəni həm də
yük avtomobili sürmək hüqüqu verən sürücülüq vəsiqəsinin sahibinin gözü
yaxşı görməlidi. Çünki ağır yük daşıyır. Bu kateqoriya üçün eynəklə
sürmək icazəsi yoxdur. Ona görə də gözü zəif görənlər ya həkimə pul
verib yazdırır, ya da eynək salmadan gözü dumanlı görə-görə yük avtomobilini
sürürlər.
***
Növbədə cərrahın kabineti idi. Nədənsə cərrahın müayinəsindən rahat
keçəcəyimi düşünürdüm. Əlim- ayağım salamat, şikəstliyim yox, bunu görməmək
isə mümkün deyildi. Məndən əvvəlki orta yaşlı kişini də 2 dəqiqəyə masa
arxasındaca söhbətləşib buraxdığını görmüşdüm. Amma görkəmcə qəssaba
daha çox oxşayan cərrah məndən «Babasilin, ya da yırtığın varmı» deyə
soraqlaşdı. (Əslində o, «Qemorroyun ya da qrijan varmı?» soruşmuşdu.
Terminləri özüm dilimiz özüm tərcümə elədim) Sonra gözlərini düz gözümə
dirəyib «Baxımmı?» deyə soruşdu. Cərrahın gözlərinin qeyri-adi parıltısından
vəziyyətdən ekstrimal şəkildə çıxmağın gərəkliyini anladım. Sifətimə
bir az da turşumuz ifadə verib «Ehtiyac yoxdı». Kişi lap özündən çıxdı:
«Bəlkə baxım?!» deyəndə həkim vağzalda yük daşıyan şorgöz fəhlələr kimi
görünürdü. Onun əynindki ağ xalatı daxilinin çirkabına bulaşmışdı. «Başa
düşürsüz, mən yazmalıyam axı!» deməklə özünü təmizə çıxarırdı. «Nə yazmalısız,
onu da yazın!» deyib bayaqdan mənə süzdürülən gözlərdən betərini mən
də süzdürdüm. Bu üsul yaman keçərli imiş. Cərrah məni müayinə etmək
fikrindən vaz keçib «yararlıdı» yazdı. Ya da kiminsə babasilini havayı
müayinə etmək istəmədi. İçimdə baş qaldıran sualı həkimə vermədən kabinetdən
çıxdım: «Görəsən babasilim, ya da yırtığım olsaydı mənə maşın sürmək
olmazdı?».
***
İrəlidə daha bir maneə, ginekoloqun kabineti vardı. Heç bir qadın həkimin
cinsindən asılı olmayaraq bu kabinetdə müayinə olunmağı arzulamaz. Ginekoloji
stol isə bəzən qorxulu yuxularda işgəncə alətlərinə çevrilir. Maşın
sürmək xətrinə ora dırmaşmaq fikrində deyildim. Amma həkim də yazmağa
tələsmirdi. Başını ağ mələfə arxasında gizlədilmiş stola işarə edib
«Müayinə olunacaqsız?» dedi. «Ehtiyac yoxdu» cavabı yetərli olmadı.
- Hamı belə deyir
- Sizcə genekoloqun maşın sürməyə nə dərəcədə dəxli var?
- Vallah, bu qanunları biz qoymuruq. Mən də başa düşürəm ki, dəxli yoxdu.
Amma sizi üstümə göndərirlərsə mən rəy verməliyəm və müayinə olunmalısız.
Bu sözləri dedikcə həkimin əli qələmə tərəf uzanırdı və yəqin onun da
içində daxili bir etiraz, müqavimət vardı ki, adamları ginekoloqla hədələmək
düzgün deyil. Söhbətin davamı kimi «Məndə əgər sifilis varsa, bu mənə
maşın sürməyə maneə ola bilməz yəqin» deyən kimi onun əli dayandı və
qərib nəzərlərlə düz gözümün içinə baxdı. Gülümsəməli və dediyimdən
peşman olduğumu göstərməli dim. Yoxsa imzanı atmayacaqdı.
***
Bütün kabinetləri keçib psixiatrda və narkoloji dispanserdə qeydiyyatda
olmadığımı yoxlayan xanımların yanına getdim. Yoxlama yaxşı ki, kompüter
vasitəsilə keçirilirdi uzun sürmədi. Bütün bunları bir gün ərzində keçmək
mümkün oldu. İndi qalırdı müayinələr. Qan analizi, rengen, yaxud flüoqrafiya
və kordioqrama. Qan analizini səhər tezdən ac qarına verməsəz sizdən
1-2 manatdan tutmuş 5 manata qədər pul müqabilində cavabını yaza bilərlər.
Mən qan vermək üçün sabahıs gün gəlməli oldum. Kardioqramanın kağızı
üçün 2-3 manat, flüoqrafiyanın lenti üçün 5 manata qədər istəyə bilərlər.
Verə də bilərsiz, verməyə də. Bu sizin cavablarınıza aid olmayacaq.
Amma kardioqramın və flüoqrafiyanın cavabını ləngidib sabahısı gün verə
bilərlər. Bu da daha 2 gün poliklinikaya gəlib getmək deməkdir.
Sonunda bütün cavabları toplayıb ən birinci kabinet yaxınlaşırsan. Orda
xanım lazımi qeydiyyatını edəndən sonra 3-4 gün gəzdirib imzalatdırdığın
bütün bu kağız qalağını bir qırağa qoyub siyitməsində xüsusi blanklar
çıxarır. Sarımtıl və yaşıla çalan blanklara şəkili yapışdırır və ədətən
yapışqan üçün pul istəmir. Orda şəxsiyyət vəsiqəsinin məlumatlarını,
ünvanı və iş yerini qeyd edir. Bu rəngli kağızlar poliklinikanın baş
həkiminin imzasına göndərilir. İmzalamaq proseduru da həkimin şəxsi
keyfiyyətlərindən, insanlığından asılıdır. Bəzən araış bir neçə dəqiqəyə
imzalanır, bəzən isə günlərlə uzadılır. Uzadılırsa sizin də 2 seçiminiz
var: ya səbr edib gözləməli, ya da ona da nəsə verməlisiz. Sadalanan
bütün maneələri keçib hamıya istədiyini versəz sağlamlıq haqqında arayış
50 manatdan baha başa gələ bilər. Pul vermək fikriniz varsa elə əvvəlcədən
haqqını ödəyib kağızı 1 saat ərzində almaq olar. Seçim sizindir…